Məhkəmə qərarları › İş №2-1(103)-3440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3440/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3440/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğvi, riskli vergi ödəyicisi, əmtəəsiz əməliyyat) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2-1(112)-759/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********72300 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 46718,84 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar onunla əsaslandırılmışdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 240596,75 manat təqdim edilmiş 2022ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********097900 nömrəli qərardan görünür ki, qərarından görünür ki, cavabdeh **********72300 nömrəli qərarını ləğv etmiş və İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 46.301,54 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin xərclərə aid edilmiş 258131.00 manat borca görə faiz və onunla bağlı xərclərə dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380822/2024 saylı qərardan görünür ki, cavabdeh **********097900 nömrəli qərarını ləğv etmiş və İddiaçı MMC-yə 2022-ci il hesabat dövrü üzrə 8.838,90 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən dürüstləşmə aparılmışdır. İddiaçı hazırda cavabdehin qəbul etdiyi sonuncu qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********723000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-380822/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və onun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********723000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən "xxxx" MMC-də (VÖEN: **********) aparılmış kameral vergi yoxlaması nəticəsində 2022-ci il üzrə 46.718,84 manat mənfəət vergisi hesablanmışdır. Qeyd olunan hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 240.596,75 manat dəyərində alınmış elektron qaimə fakturaların vergi orqanı tərəfindən xərc sənədi kimi nəzərə alınmaması və onların qəbul edilməməsi olmuşdur. Vergi orqanının xx.xx.2023-ci il tarixli, **********214700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubunda "xxxx" MMCyə (VÖEN: **********) 2022-ci il ərzində "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə 140,906.82 manat və "xxxx" MMC-dən (VÖEN: ********* xx.xx.2022-ci il tarixdə 99,689.94 manat olmaqla ümumilikdə 240.596,75 manat dəyərində elektron qaimə fakturalar alındığı və həmin fakturaların alındığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri qrupuna daxil edildiyi əsas gətirilərək 240.596,75 manat dəyərində alınmış elektron qaimə fakturaların 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində silinməli olduğunu qeyd etmişdir. Cavabdeh Vergi orqanın xx.xx.2023-cü il tarixli **********723000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından bir neçə gün sonra İddiaçıya xx.xx.2023-ci il tarixli, **********214700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərmişdir. İddiaçı "xxxx" MMC həmin məktubda tələb olunan sənədləri cavabdeh Vergi orqanına müvafiq olaraq təqdim edərək, kameral vergi yoxlamasını başa çatdırmaqlarını istəmişdir. İddiaçı MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında 11 aprel 2022-ci il tarixli alğı-satqı müqavilələri bağlanmış və müvafiq olaraq “Qiymətlərin razılaşdırılması protokolu” imzalanmış və daha sonra satıcı şirkətlərin təqdim etdiyi elektron qaiməyə əsasən malların dəyəri İddiaçı MMC tərəfindən ödəniş tapşırığı ilə satıcıların bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “Görülmüş işlərin təhvil-təslim Aktı” ilə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Qeyd olunan əməliyyatlar aparılan zaman yuxarıda adları çəkilən vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. İddiaçı MMC həmin ödəyicilərin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini əvvəlcədən bilə bilməzdi və bu barədə heç bir məlumata malik deyildi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə İddiaçı MMCyə vergi hesablanması tamamilə qanunsuz və əsassızdır. Hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranmışdır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatı Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). Digər tərəfdən, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilmişdir. İddiaçı MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsə belə, cavabdeh vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 240596,8 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********835700 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 240596,8 manat silinməklə 46718.84 manat (zərər məbləği 7002.41 manat azaldılmış, 46718.84 manat vergi məbləği hesablanılmış) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş 2022-ci ilin mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 2022-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı xərclərə aid edilmiş 258 131,00 manat borca görə faiz və onunla bağlı xərclərə dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********864400 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 258 131,00 manat silinməklə zərər məbləği 26623,31 manat azaldılmaqla 46 301.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********097900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh həmçinin etiraza əlavə təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********097900 nömrəli Qərarla hesablanmış əlavə vergi məbləğinin əsasını əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar təşkil etmişdir. 2022-ci il ərzində İddiaçı MMC-nin əmtəəsiz əməliyyat apardığı "xxxx" MMC-nin (**********) və "xxxx" MMC-nin (**********) uçota alınmış təsərrüfat subyektinin (obyektinin) mövcudluğu müəyyən olunmamışdır. İddiaçı MMC ilə "OTEMOPOD SS” MMC-nin arasında əmtəəsiz əməliyyat aparılmasını təsdiq edən elektron qaimə fakturalarda tərəflər arasında “Sair tikinti materiallarının topdan satışı üzrə” əməliyyatlar (oda davamlı brezent, daş baltası, alçipan üçün profil və.s) aparıldığı müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim olunmuş mallar ödəyicinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ödəyicinin təqdim etmə əməliyyatları riskli hesab olunmuşdur. (Təsdiqedici sənədlər etiraza əlavə edilir). İddiaçı MMC ilə "xxxx" MMC-nin (**********) arasında əmtəəsiz əməliyyat aparılmasını təsdiq edən elektron qaimə fakturalarda tərəflər arasında “Sair tikinti materiallarının topdan satışı üzrə” əməliyyatlar ( emal məftili, pena köpük, kərki, diyircəkli fırça və.s) aparıldığı müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş mallar ödəyicinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ödəyicinin təqdim etmə əməliyyatları riskli hesab olunmuşdur (Təsdiqedici sənədlər etiraza əlavə edilir). Beləliklə təqdim edilən sübutlardan o nəticəyə gəlmək olar ki, vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatlar həqiqətən də həyata keçirilməmiş, yəni tərəflər arasında əmtəəsiz əməliyyat aparılmışdır. Qanunvericiliyin tələblərinə görə əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedidirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2-1(112)-759/2025 nömrəli qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380822/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2- 1(112)-759/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 240596,8 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********835700 nömrəli “Kameral vergi yoxlamasi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 240596,8 manat silinməklə 46718.84 manat (zərər məbləği 7002.41 manat azaldılmış, 46718.84 manat vergi məbləği hesablanılmış) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********723000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş 2022-ci ilin mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 2022-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı xərclərə aid edilmiş 258 131,00 manat borca görə faiz və onunla bağlı xərclərə dair təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********864400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərclərdən 258 131,00 manat silinməklə zərər məbləği 26623,31 manat azaldılmaqla 46 301.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********097900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş və hesablanmış vergi məbləği azaldılmışdır. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-fakturalar tərtib edilən zaman onun əməliyyat apardığı hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı da həmin əməliyyatlar üzrə e-qaimələri xərc sənədi kimi nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur. Məhkəmənin istinad etdiyi riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, əməliyyat aparılan zaman həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Məhkəmə qərarında həmçinin, yuxarıda adları qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdimedilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazırki, iş üzrə kameral vergi yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aparılan əməliyyat əmtəəsiz əməliyyatdır. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********864400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Qanunvericiliyin tələblərindən aydın olur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Əmtəəsiz əməliyyatın anlayışı dedikdə qanunsuz olaraq mənfəət əldə etmək nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsində aparılan əmtəəsiz əməliyyata görə həmin əməliyyatın rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə alınmaması nəzərdə tutulmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, e-2-1(112)-759/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının üstüstə düşməsi və iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, iddiaçı isə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını tələb etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-380822/2024 saylı qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 2022-cü il üzrə əlavə mənfəət vergisi hesablayarkən riskli hesab edilən eqaimələrə istinad etsə də, iddiaçı "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyat apardığı dövrdə həmin hüquqi şəxslər riskli vergi ödəyicisi olmamışlar. Çünki əməliyyatlar 2022-ci ilin aprel ayında aparılmış, hüquqi şəxslər isə xx.xx.2022-ci ildə riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətində qanunvericilik normalarının tələblərini sadalamış və iddiaçı "xxxx" MMC və "xxxx" MMC ilə müvafiq əməliyyatlar aparmasına əsalanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, əməliyyat aparılan zaman həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki İddiaçı MMC tərəfindən həmin müəssisələrlə aparılan bütün əməliyyatlar həmin tarixdən əvvəl icra edilmişdir. Belə olan halda iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair mübahisəli elektron qaimə-faktura tərtib edilən zaman, yəni 2022-ci ilin aprel ayında iddiaçının əməliyyat apardığı "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması faktı yalnız aidiyyəti dövlət orqanının konkret qərarına əsasən hüquqi qüvvə kəsb edir. Bu baxımdan, mübahisələndirilən əməliyyatların baş verdiyi tarix kontekstində iddiaçının müqavilə münasibətində olduğu hüquqi şəxsin faktiki olaraq riskli vergi ödəyicisi olub-olmaması həlledici əhəmiyyət kəsb edir. Əgər əməliyyatların icra olunduğu vaxtda həmin şəxs hələ riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdisə, bu zaman iddiaçının gələcəkdə baş verə biləcək hüquqi dəyişikliklərdən məlumatlı olması və ya bunu ehtimal etməsi mümkün deyildi. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslər də mülki hüquq münasibətlərinə daxil ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatdan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturanı ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Əməliyyatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdehin hazırkı mövqeyi qanunçuluq prinsipinin tələbləri ilə bir araya sığmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinin tələblərinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli e-2-1(112)-759/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar