Məhkəmə qərarları › İş №2-1(103)-3441/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3441/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3441/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********5554 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli **********5554 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən 114.395,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Çünki mallar NKA çeki və elektron qaiməfaktura təqdim edilməklə satılmışdır. Bu hallar vergi orqanı tərəfindən araşdırılmamışdır. Baş İdarə vergi ödəyicisi barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2695 nömrəli qərar qəbul etmişdir. Hazırkı iş üzrə Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə, Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir). Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Baş İdarə istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Baş İdarə bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, Baş İdarə belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də şikayətçinin inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, Baş İdarə tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına glməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.2023cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü sənaye mallarının pərakəndə satışı və işci personalın axtarışı, namizədlərin seçilməsi və iş yerlərinin paylanması olmuşdur. -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********2098 №-li qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən İddiaçı məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, KY242133487 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2024-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli 103386 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən mağazada iddiaçının iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də OVN zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən İddiaçı məxsus anbarda 1143951,18 manat (2 faiz t.ə.) dəyərində olan malların e-qaimə təqdim edilmədən topdansatış qaydasında müxtəlif vergi ödəyicilərinə nağd ödəniş müqabilində satıldığı müəyyən olunmuşdur. - İddiaçı Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında (Karvan ticarət mərkəzi, C-3-14 saylı anbar) ünvanda yerləşən anbardı. Obyektin iş rejmi həftənin altı günü saat 08:00-dan 17:00-a qədərdir. Qeyd etdiyi obyektdən başqa ünvanda mağaza, anbar yoxdur və heç bir yerdə saxlancda malı mövcud deyil. Malların satışı zamanı 2% ticarət əlavəsi tətbiq olunur. -İddiaçı Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, vergi orqanı tərəfindən 1143951.18 manat məbləğində (2% ticarət əlavəsi və ƏDV daxil) dəyərində olan malları e-qaimə təqdim etmədən müxtəlif vergi ödəyicilərinə topdan satış qaydasında nağd şəkildə satmışdır. -Cavabdehin xx.xx.2024-cü il tarixli **********5554 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 114.395,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********784800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın surətindən görünür ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2024-cü il tarixli DVX seriyalı 103386 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********5554 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “...İnzibati şikayətin araşdırılması zamanı fərdi sahibkar İddiaçı tərəfindən 1.330.371,25 manat məbləğində mal idxal edildiyi, elektron qaimə-faktura əsasında mal almadığı, 325.063,47 manat məbləğində malın elektronqaimə faktura təqdim edilməklə satıldığı, nəzarət tədbiri zamanı 61.856,84 manat məbləğində mal qalığının olduğu, ƏDV və 2 % ticarət əlavəsi nəzərə alınmaqla 1.143.951,18 manat məbləğində malın elektron qaiməfaktura verilmədən təqdim olunduğu aşkar edilmişdir. Vergi ödəyicisi 1.168.720,0 manat məbləğində malın nəzarətkassa aparatı tətbiq edilməklə təqdim olunmasının sübutu kimi inzibati şikayətinə nəzarətkassa aparatının Z hesabatını əlavə etmişdir. Araşdırma zamanı vergi ödəyicisinin vergi uçotuna alındığı xx.xx.2023-cü il tarixdən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2024- cü il tarixədək olan dövr ərzində 833 çek üzrə 1.168.720,01 manat məbləğin nəzarətkassa aparatına mədaxil olunduğu, xx.xx.2024-cü il tarixdə 3 çek üzrə 0,01 manat məbləğin nəzarət-kassa aparatına mədaxil olunduğu hal istisna olunmaqla, 06- xx.xx.2024-cü il tarix aralığında 839 çek üzrə 1.168.720,0 manat məbləğ mədaxil olunduğu və 1 (bir) çek üzrə orta hesabla nəzarət-kassa aparatına 1.393,0 manat məbləğin mədaxil olunduğu, cəmi 2 gün ərzində çox qısa zaman intervalları (əsasən 8-20 saniyə) ilə nəzarət-kassa aparatına malın adı qeyd edilmədən sərbəst satış kimi məbləğlər daxil edildiyi aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən nəzarət tədbiri zamanı verilmiş arayışa əsasən iş gününün saat 8.00-da başladığını və 17.00-da başa çatdığını nəzərə alsaq, xx.xx.2024-cü il tarixdə saat 15:33-dən 23:08-dək 7 saat 35 dəqiqə ərzində nəzarət-kassa aparatına 566 çek vurulmuşdur ki, bu da orta hesabla 1 saat ərzində 77 çek deməkdir. Eləcə də, xx.xx.2024-cü il tarixdə saat 08:05-dən 10:25-dək 2 saat 20 dəqiqə ərzində nəzarət-kassa aparatına 247 çek vurulmuşdur ki, bu da orta hesabla 1 saat ərzində 112 çek deməkdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri istisna olmaqla, digər günlərdə nəzarət-kassa aparatına məbləğ mədaxil olunmadığı müəyyən edilmişdir. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Obyektdə çəkilmiş foto şəkillərdən göründüyü kimi, obyekt pərakəndə ticarət üçün yararlı deyil və topdansatış anbar təyinatlıdır. Qeyd etmək lazımdır ki, İddiaçı inzibati şikayətində bütün malları nəzarət-kassa aparatına vurmaqla və elektron qaimə-faktura tərtib etməklə satdığını iddia etməsinə baxmayaraq, operativ vergi nəzarəti zamanı verdiyi izahatında bunun əksinə olaraq bildirmişdir ki, 1.143.951,18 manat dəyərində malları elektron qaimə-faktura təqdim etmədən müxtəlif vergi ödəyicilərinə topdansatış qaydasında nağd şəkildə satmışdır. Göstərilən hal bir daha sübut edir ki, fərdi sahibkar İddiaçı inzibati şikayətində heç bir hüquqi əsası olmayan və heç bir sübutla təsdiq edilməyən iddialar irəli sürməklə yol verdiyi qanun pozuntusuna haqq qazandırmağa çalışır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. -bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. -bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. - bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Hazırda iddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli **********5554 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalardan müəyyən edilir ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, iddiaçı 06-xx.xx.2024-cü il tarix aralığında 839 çek üzrə 1.168.720,0 manat məbləğ malın satılması ilə bağlı nəzarət kassa aparında əməliyyat apararaq, bunu pərakəndə satış kimi rəsmiləşdirməyə cəhd etmiş, həmin tarixdə iddiaçıya məxsus anbarda operativ vergi nəzarəti həyata keçirən vergi əməkdaşları hər hansı bir pərakəndə satış müşahidə etməmiş, təsərrüfat obyektinin faktiki vəziyyəti həmin satışın həyata keçirilməsi üçün yararlı olmamışdir. İddiaçı özü izahatında həmin təsərrüfat obyektinin anbar olmasını, malları topdansatış qaydasında təqdim etdiyini qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə mal qalığı barədə əsas sübut kimi istinad etdiyi iddiaçının nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1950/2022 saylı qərarı). Hazırkı iş materiallarını qeyd olunan konteksdə yoxlayan məhkəmə hesab edir ki, iddiaçının izahatı iş üzrə digər sübutlarla, həmçinin iki gün ərzində iddiaçının kassaya daxil etdiyi əməliyyatların sayı, fəaliyyət göstərdiyi təsərrüfat obyektinin ticarət obyekti deyil, anbar olması kimi faktlarla öz təsdiqini tapır. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməlyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri nəzərə alındıqda, 06-xx.xx.2024-cü il tarix aralığında 839 çek üzrə 1.168.720,0 manat məbləğində malın, pərakəndə ticarət qaydasında satılmasının mümkünlüyü həyatın normal axarına uyğun hesab olunmur. İddia ərizəsindən də görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən onun topdansatış fəaliyyəti ilə məşğul olmadığına deyil, cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətinin dəlili kimi göstərilmiş cavabdeh tərəfindən operatov vergi nəzarətinin keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin hər hansi bir nomrasına istinad edilməməsinə münasibətdə qeyd edilməlidir ki, işdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********2098 №-li qərarda belə bir istinad olmasa da, həmin tarixli KY242133487 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən keçirilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllnin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1 -ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1 -ci və 85.4- cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1 -ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar