Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3442/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X7 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6290/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünərək əmlakada dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X12 1 saylı Bakı Ərazi idarəsi tərəfindən çıxarış verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli qərardad ilə “ünvan 1 ünvanda yerləşən B və E tikililərinə ayrıca ünvan verilməklə çıxarışın verilməsi” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X6 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı evin öz mülkiyyətində və istifadəsindəki 101.1 kv.m. yaşayış sahəsi olan “B” və 26.- kv.m yaşayış sahəsi olan “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək izahatında Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) ev 26 ünvanında yerləşən A literi anası X2 paylı mülkiyyətində olduğunu, “B” və “E” tikililərinin isə iddiaçının mülkiyyətində olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, anası vəfat etsə də, hələ ki, vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Qeyd edilən sahədə ailəsi ilə birlikdə yaşayır. Yuxarıda qeyd olunanlarla bağlı Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli iş №2(008)-937/2023 nömrəli Qətnamə qəbul edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünməsi barədə qətnmamə qəbul edərək iddiaçının iddiasını təmin etmişdir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12i 1 saylı Bakı Ərazi idarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən məhkəmə qərarının icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin həmin qurumdan sözügedən Qətnamədə 1 saylı Bakı Ərazi idarəsinin həmin işdə tərəf kimi cəlb olunmadığı və qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 937/2023 saylı mülki işi ilə bağlı məhkəmə prosesinə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və sözügedən qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən tikililərin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən yerləşən “A” tikilisi X2 , “B” və “E” tikililəri isə İddiaçı adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda “A” tikilisi X2, “B” və “E” tikililəri isə İddiaçı mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6290/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs AR Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Balaxanı Əməliyyat Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşir. Belə ki, Azərbaycan Respublikasında Balaxanı Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANS ER PTİ. LTD və ARDNŞ-in Ortaq şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu 6 may 2011-ci ildə qəbul olunmuşdur. Mübahisəli torpaq sahəsi sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Belə ki, hazırki işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində, eləcə də,“Balaxanı Əməliyyat Şirkətinin kontrakt sahəsində yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin vətəndaşa münasibətdə etimadın qorunması prinsipini əsas tutmaqla, iddia tələbinin təmin edilməsi ilə bağı gəldiyi nəticə işin hallarına uyğun deyil, ona görə ki, mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində yerləşir, buna görə də məhz bu əsasla iddia tələbinin təmin edilməsi qanunsuz və əsassızdır. Üstəlik, birinci instansiya məhkəməsi üçüncü şəxs SOCAR tərəfindən təqdim edilmiş sənədlərə və nümayəndənin izahatında qeyd etdiyi hallara qiymət verməmişdir. Həmçinin məhkəmə torpaq sahəsi ilə bağlı SOCAR-a rəsmi sorğu ünvanlamamışdır. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən,“sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətini təmin etməkdən imtina etsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı qəbul edilmiş məhkəmə aktı ilə razılaşmış və apellyasiya şikayəti ilə müraciət etməmişdir. Hazırda yalnız 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə aktı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında ,yerləşən 26 saylı evin İddiaçı mülkiyyətində olan "B” və faktiki istifadəsində olan "E" literli tikililəri, cavabdeh X4 faktiki istifadəsində olan (üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) "A” literli tikilisindən naturada ayrılmışdır. -Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12inin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2024- cü il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki və hüquq müəyyənedici sənəd üzrə 119.66 kv.mdir və ərazidək “A” tikilisi ilə “B”, “E” tikililəri biri birində daş hasarla ayrılmışdır və ortaqlı divarlara malik deyillər. Buna görədə əmlakların bölünməsi mümkündür. -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 001995 nömrəli Qeydiyyat Vəsiqəsinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı adına “B”, “E” tikililəri və X2 adına “A” tikilisi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 217-ci səhifə 30/25249 qeydə alma № ilə xx.xx.1974-cü il tarixində qeydiyyat aparılmışdır. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə ünvan 3 ünvanında, yerləşən 26 saylı evin İddiaçı mülkiyyətində olan "B” və faktiki istifadəsində olan "E" literli tikililəri, cavabdeh X4 faktiki istifadəsində olan (üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) "A” literli tikilisindən naturada ayrılmışdır. Həmçinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12inin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki və hüquq müəyyənedici sənəd üzrə 119.66 kv.m-dir və ərazidək “A” tikilisi ilə “B”, “E” tikililəri biri birindən daş hasarla ayrılmışdır və ortaqlı divarlara malik deyillər. Buna görədə əmlakların bölünməsi mümkündür. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, faktiki olaraq Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 001995 nömrəli Qeydiyyat Vəsiqəsinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı adına “B”, “E” tikililəri və X2 adına “A” tikilisi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 217-ci səhifə 30/25249 qeydə alma № ilə xx.xx.1974-cü il tarixində qeydiyyat aparılmışdır. Odur ki, hazırda əmlaka münasibətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşməsi səbəbi ilə imtina əsaslı hesab edilə bilməz və etimadın qorunması prinsipi baxımından ziddir. Belə ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması mübahisələndirilmədiyindən, həmçinin ünvan 1 ünvanda yerləşən B və E tikililərinin İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirildiyi dövrdə həmin tikililərin yerləşdiyi torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının adına ünvan 1 ünvanda yerləşən B və E tikililərinə ayrıca ünvan verilməklə çıxarışın verilməsindən cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6290/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mehriban Qarayeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3442/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3442/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver