Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3444/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “təhsil xərclərinin dövlət büdcəsinin hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək övladının magistr təhsil xərclərinin ödənilməsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin hesabına aparılması üçün müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-1996- cı illərdə əsgər kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş zonasında olan hərbi hissənin kəşfiyyət bölməsində hərbi xidmət keçmiş, döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. 1998-2005-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (əvvəl Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi adlanırdı) xüsusi təyinatlı alfa dəstəsində, yəni terrorçuluğa qarşı mübarizə dəstəsində zabit kimi xidmət etmişdir. 2004-cü ilin may ayında XDMX-nin rəisinin əmrinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı bel nahiyəsindən travma almışdır. Sonuncu dəfə 2015-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ilə şəhadətləndirilmişdir. İddiaçı ikinci qrup müddətsiz hərbi əlildir, hərbi təqaüd və Prezident təqaüdü alır. İddiaçının adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli (sənədin nömrəsi: **********) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, sosial müavinət və təqaüd haqqında arayışda “müavinətin qrupu” müharibə əlillərinə təqaüd 2 (ikinci) qrup” kimi; “müavinətin növü” hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqlarının təhsil xərclərin ödənilməsi dövlət büdcəsinin hesabına ödənilsin” göstərilmişdir. Məlumdur ki, xüsusi təyinatlı alfa dəstəsinin vəzifələri: 1) Xüsusi təyinatlı dəstə kimi xüsusi göstərişlərin və əmrlərin yerinə yetirilməsi; 2) Terrorçuluğa qarşı mübarizə aparılması; 3) Təyinatı terrorçuluğa qarşı mübarizə aparılması ilə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsidir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil nazirinə ərizə ilə müraciət etmişdir. Ərizədə övladının magistr təhsil xərclərinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin hesabına aparılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Agentliyi tərəfindən ərizədə irəli sürülmüş suala anlaşılan cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 78 nömrəli Fərmanının 6cı bəndinə əsasən ləğv edilmişdir) 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İddiadan da göründüyü kimi iddiaçının əlilliyi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında qeyd olunan əsaslarla müəyyən edilməmişdir, bu səbəbdən də onun övladlarının təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin alfa dəstəsinin zabiti kimi, xüsusi təyinatlı dəstənin zabiti kimi xüsusi göstərişlərin və əmrlərin yerinə yetirilməsi, terrorçuluğa qarşı mübarizə aparılması, təyinatlı terrorçuluğa qarşı mübarizənin aparılması ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin mühafizəsində xidmət göstərmiş, XDMX-nin rəisinin əmrinə əsasən xüsusi tapşığı yerinə yetirərkən travma almış və travma nəticəsində əlil olmuşdur. Azərbaycan Respublikası Konsitusiyasının 2-ci fəslinin 8-ci maddənin 3-cü bəndində Azərbaycan Respublikası Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır göstərilmişdir. Yəni, Dövlət başçısının mühafizəsində xidmət edən və xüsusi tapşırığın icrası nəticəsində əlil olan şəxs əlilliyi dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsi zamanı alınması kimi qiymətləndirilməlidir. “Əmək pensiyalar haqqında” Azərbancan Respublikasının Qanunun 3-cü fəsil 11.2. bəndində “müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər” göstərilmişdir. O, müharibə əlili hesab edilir (onun adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli (sənədin nömrəsi: **********) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, sosial müavinət və təqaüd haqqında arayışda “müavinətin qrupu”: müharibə əlillərinə təqaüd 2 (ikinci) qrup” göstərilmişdir. “müavinətin növü”: hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) göstərilmişdir) Müharibə əlillərinə şamil olan imtiyazlar ona da şamil olmalıdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə araşdırmadan iddianı təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil xərclərinin dövlət bücəsinin vəsaiti hesabına ödənilməsi əlilliyi olan şəxslərə münasibətdə deyil, onların övladlarına münasibətdə tətbiq edildiyindən müvafiq iddia tələbi iddiaçının övladı tərəfindən qaldırılmalı idi. Belə ki, tələb magistr təhsil pilləsi üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə bağlıdır və iddiaçı bildirir ki, övladı artıq yetkinlik yaşına çatıb. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya hüquqi yardım göstərilərək əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı hesab etmişdir ki, həmin iddianı qaldırmaq hüququ məhz ona məxsusdur. Digər tərəfdən məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən sosial müavinət və təqaüd haqqında arayışa əsasən İddiaçı İİ qrup əlillik xx.xx.2015-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar təyin edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli, 347 nömrəli Sərəncamından (Azərbaycan Respublikası Prezidentinin 30 may 2024cü il tarixli, 78 nömrəli Fərmanının 6-cı bəndinə əsasən ləğv edilmişdir):
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 1-1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Odur ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəbli əlaqəsi müvafiq sərəncamda nəzərdə tutulmuş əlilliyin səbəbli əlaqəsi ilə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) uyğunluq təşkil etmir. Belə olan təqdirdə iddiaçının övladı qanunvericiliyin tələblərinə əsasən uşaqlarının təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Mirzə Tağızadə