Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3444/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, 8-ci cıdır döngəsində yerləşən 5 saylı fərdi yaşayış evinin hazırkı vəziyyətinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(112)-5190/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin hazırkı vəziyyətinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin ünvanda yerləşən fərdi yaşayış evi yenidən inşa edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 291 saylı sərəncamına əsasən iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun, mövcud istifadə vəziyyətində adına sənədləşdirilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinə dair memarlıq planlaşdırma həlli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış və Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış işçi layihələr, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun fərdi yaşayış evinin texniki vəziyyəti haqqında müayinə protokolu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun mühəndis axtarış mərkəzinin fərdi yaşayış binasının ətrafında aparılmış mühəndis-geoloji axtarış işlərinin nəticələrinə dair hesabata xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi”Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun fərdi yaşayış evinin tikintisinin layihəyə uyğunluğu haqqında texniki rəyi də mövcuddur. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. İdarənin mütəxssisləri tərəfindən ünvana keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlərə və arxiv texniki pasportuna əsasən ərazidə mövcud olmuş fərdi yaşayış evi və köməkçi tikililər sökülmüşdür. Fərdi yaşayış evinə aid olan ərazi 7 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin bir hissəsi ilə birlikdə 7 saylı mülkün yerləşdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi kimi (yaşıllıq sahəsi) istifadə edilir. Təqdim edilmiş layihədə göstərilən əmlak isə 9 saylı fərdi yaşayış evinin həyətində inşa edilmiş və bu da təqdim edilmiş layihənin baş planında da öz əksini tapmışdır. Fərdi yaşayış evinin 4-cü mərtəbəsi və mansard mərtəbələrinin bir hissələri 7 saylı mülkə aid olan tikilinin üstündə inşa edilmişdir. Elektron kadastr məlumatlarına əsasən, iddia olunan əmlak dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2-1(112)-5190/2025 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 291 saylı sərəncamına əsasən iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun, mövcud istifadə vəziyyətində adına sənədləşdirilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinə dair memarlıq planlaşdırma həlli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış və Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış işçi layihələr, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi S.Ə.Dadaşov adma Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun fərdi yaşayış evinin texniki vəziyyəti haqqında müayinə protokolu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun mühəndisaxtarış mərkəzinin fərdi yaşayış binasının ətrafında aparılmış mühəndis-geoloji axtarış işlərinin nəticələrinə dair hesabata xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi”Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutunun fərdi yaşayış evinin tikintisinin layihəyə uyğunluğu haqqında texniki rəyi də, mövcuddur. İddiaçıya məxsus olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə etmiş olduğu müraciətinə 19 fevral 2024-cü il tarixli bildirişlə cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar bildiririk ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır”. Artıq neçə illərdir ki, qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və qanunla müəyyən edilmiş bütün normalara cavab verir. Faktiki olaraq, bina artıq inşa edilmişdir. Qanunla nəzərdə tutulan bütün rəylər alınmışdır. Cavabdehin imtinası əsassızdır. Qeyd edildiyi kimi, artıq mövcud olan, bütün növ ekspertizalardan keçməklə, həmçinin dayanıqlığı belə yoxlanılmış binaya dair, əvvəlki tarixə istismara qəbul aktı və hər hansı bir tikintiyə icazəyə dair qərar alınması mümkün deyildir. İddiaçı tərəfindən binanın yerləşdiyi və ətrafında olan torpaq sahəsinin xüsusi mülkiyyət olmasına dair çıxarış da, məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, tikilinin inşa edildiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Torpaq sahəsinin iddiaçının anasının adına qeydiyyatdan keçmiş kimi qeyd olunma səbəbi isə texniki xəta nəticəsindədir. Birinci instansiya məhkəməsində aparılan icraatın gedişatında torpaq sahəsinin iddiaçıya məxsusluğu ilə bağlı sənədlər (çıxarış) məhkəməyə təqdim edilmişdir. Belə ki, torpaq sahəsinə məxsus əvvəlki çıxarışdan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu göstərilmişdir. Sonrakı çıxarışa əsasən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İstismara qəbul aktının verilməsinə əsas olan ekspertiza təşkil edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən torpaq sahəsinə münasibətdə yoxlama tədbirləri keçirilmişdir. Həmin iclasda İddiaçı nümayəndəsi və vəkili Vəkil iş materiallarında tikilinin inşa edildiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair müvafiq sənədlərin aşkar edilmədiyi izah edilmiş, iddiaçının nümayəndəsi və vəkili həmin çıxarışın məhkəməyə təqdim ediləcəyini bildirilmiş və ünvan 3 ünvanında yerləşən 0.0266 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmasına dair çıxarış “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında məhkəməyə bildirdi ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsaslıdır və inzibati orqanın imtinasının dəlilləri ilə uyğunluq təşkil edir. Belə ki, yerli baxış zamanı mühəndislər tərəfindən müəyyən olunmuşdur ki, həmçinin eskiz layihədən də görünür ki, hündürlüyü 12 metrdən yuxarı, 3 mərtəbədən çox, 4 mərtəbə mansardlı tikilidir və məlumatlandırma icraat qaydasında yox, tikintisinə icazə tələb olunan əmlaklar kateqoriyasına aiddir. Burada da həm tikintisinə icazə və sonda da istismarına icazə sənədi təqdim olunmalıdır. Vətəndaş tərəfindən müvafiq sənədlər təqdim olunmayıb, adi məlumatlandırma icraat qaydasında müraciət edilib ki, qeyd alın. Həmçinin tikili iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində tikilib. Təqdim olunan çıxarış vətəndaşın öz torpağına aid sənəddir, tikili isə faktiki olaraq başqa – iddiaçının anasının mülkiyyətində olan sahəyə düşür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı hazırkı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək səhhətilə ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin iştirak etməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - AN-İ serialı ******* saylı xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 yaşayış sahəsi - 57,1 kv.m., ümumi sahəsi - 158,3 kv.m., yardımçı sahəsi - 101,2 kv.m., 2 mərtəbəli, 3 otaqdan ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Pəhlivan Rüstəmov küçəsində istifadəsində olan 0,0146 ha torpaq sahəsinin üzərində yerləşən 5 saylı fərdi yaşayış evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. - RX seriyalı ******* saylı xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.3 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində, həmin evin yerləşdiyi 0.01173 ha torpaq sahəsi isə iddiaçının istifadəsindədir. - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 291 saylı sərəncamından görünür ki, P.Rüstəmov küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdinlməsinə icazə verilmiş, sözügedən mövcud evin müvafiq qaydada sənədləşdirlməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş F.1.Əliyeva tövsiyə olunmuşdur. - ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus mövcud fərdi yaşayış evinin 2023-cü il tarixli memarlıq planlaşdırma bölməsindən görünür ki, 4 mərtəbə+mansardlı fərdi yaşayış evinin ümumi hündürlüyü 18,75 metr təşkil edir. - “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu ünvan 5 ünvanında mövcud fərdi yaşayış evinin layihəyə uyğunluğu haqqında texniki rəyindən görünür ki, bina planda “A-E”oxları arasında uzunluğu 17,40 metr ”1-6” oxları arasında eni 12,3-5-9,2 metr olmaqla, zirzəmili, 4 mərtəbəli (+mansarda) ibarət olub mürəkkəb formada layihələndirilmişdir. Mansardanın “AE/1” və “3-4” oxlar arası hissəsi terras kimi layihələndirilmişdir. Hündürlük – 1-ci mərtəbədə -3,90 metr, 2-4-cü mərtəbələrdə 3,3 metr, mansardda 3,8 metr qəbul edilmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus zirzəmili, 4 mərtəbəli (+ mansardalı) yaşayış binasının tikintisinə 2020-ci ildə başlanmış və hal-hazırda başa çatmışdır. Müayinə zamanı yükdaşıyan dəmir-beton və metal konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Binanın monolit dəmir-beton və metal konustruksiyalardan quraşdırılmış texniki mərtəbəsi yuxarıda qeyd edilən iradlar istisna olmaqla layihəyə uyğun inşa edilmişdir. ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus zirzəmili, 4 mərtəbəli (+ mansardalı) yaşayış binası təqdim edilmiş memarlıq və konstruksiya cizgiləri əsasında yuxarıdakı iradlar istisna olmaqla inşa edilmişdir. - X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 36665 nömrəli ekspertiza rəyindən görünür ki, fərdi yaşayış evi 4 mərtəbə+mansard, tikinti sahəsi 191.5 kv.metr, ümumi sahəsi 1125.42 kv.metr təşkil edir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-70186-8/2024 **********59 saylı məktubu ilə bildirilmişdir ki, təqdim edilmiş eskiz layihəyə əsasən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0266 ha torpaq sahəsi xx.xx.2024cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə, həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq göstərmişdir ki, yuxarıda istinad olunan normaların tələblərinə görə, xx.xx.2013-cü ildən sonra inşa edilmiş yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olan fərdi yaşayış evlərinin tikintisinə icazə tələb olunur və həmin tikintiyə mülkiyyət hüququnun qeydə alınması üçün aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; tikintiyə icazə verilməsi barədə qərar; tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; tikinti obyektinin istismarına icazə. İddiaçı hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi fərdi yaşayış evini 2020-ci ildə inşa etmiş, onun mərtəbəsinin sayı 3-dən çox, yəni 4 mərtəbə+mansard olmuş, hündürlüyü 12 metrdən çox – 18,75 metr təşkil etmişdir. Lakin iddiaçı həmin daşınmaz əmlaka hüququnun qeydə alınması üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazəni nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, təqdim edilmiş sənədlərə və arxiv t/p-a əsasən ərazidə müvcud olmuş fərdi yaşayış evi və köməkçi tikililər sökülmüşdür, mövcud deyil. Mülkə aid olan ərazi 7 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin bir hissəsi ilə birlikdə 7 saylı mülkün yerləşdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi kimi (yaşıllıq sahəsi) istifadə edilir. Təqdim edilmiş layihədə göstərilən tikili isə 9 saylı fərdi yaşayış evinin həyətində inşa edilmişdir. Tikilinin planirovkası, konfiqurasiyası və sahəsi layihəyə uyğun olsa da, 4-cü və mansard mərtəbələrinin bir hissələri 7 saylı mülkə aid olan tikilinin üstündə inşa edilmişdir. Layihənin baş planında da yeni inşa edilmiş tikilinin 9 saylı fərdi yaşayış evinin həyətində tikildiyi öz əksini tapmışdır. Yeni inşa edilmiş tikilinin hündürlüyü 12.0 m-dən çoxdur. Göründüyü kimi, iddiaçının inşa etdiyi fərdi yaşayış sahəsinin hündürlüyü 12 metrdən çox olmaqla yanaşı, kadastr məlumatlarına əsasən, tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməmiş, iddiaçı tərəfindən həmin torpaq sahəsinin ona məxsusuluğu ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məsələnin mahiyyətində dayanan əsas hüquqi maneə tikintinin hüquqi statusudur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsi fərdi yaşayış evləri üçün məlumatlandırma icraatının yalnız müəyyən meyarlara cavab verən tikililərə tətbiq olunduğunu açıq şəkildə müəyyən edir: yerüstü mərtəbələrin sayı 3-dən artıq olmamalı, hündürlük 12 metri keçməməlidir. İş materiallarında təqdim edilmiş memarlıq-planlaşdırma bölməsi isə tikilinin 4 mərtəbə və mansarddan ibarət olduğunu, ümumi hündürlüyünün 18,75 metr təşkil etdiyini göstərir. Bu göstəricilər hüquqi baxımdan onu sübut edir ki, mübahisəli tikili məlumatlandırma icraatı predmeti deyil və yalnız tikintiyə icazə əsasında həyata keçirilə bilərdi. Tikintiyə icazə sənədlərinin mövcud olmaması iddianın əsasını tam şəkildə sarsıdır. Əmlakın tarixi vəziyyəti ilə bağlı iddiaçının təqdim etdiyi arqumentlər də hüquqi baxımdan məna kəsb etmir. 2014-cü ildə iddiaçının mülkiyyətində olmuş əvvəlki fərdi yaşayış evi bu gün mövcud deyil; iş materiallarındakı texniki baxış aktları həmin tikilinin tam söküldüyünü təsdiq edir. Yeni tikili isə başqa həcmlərdə, başqa konfiqurasiyada və daha böyük ölçülərdə inşa edilmişdir. Bundan əlavə, cavabdeh orqanın həm etirazında, həm də texniki pasporta dair qeydlərdə göstərildiyi kimi, tikilinin bir hissəsi 7 saylı, digər qismi isə 9 saylı fərdi yaşayış evlərinin torpaq sahələrinə keçməklə faktiki yerləşmə ilə sənədlərdə göstərilən koordinasiyalar arasında uyğunsuzluq yaradıb (*çıxarışda iddiaçının mülkiyyətində olan torpaq sahəsi 0.0266 ha olduğu təqdirdə, üzərində yerləşməsi iddia edilən tikilinin ümumi sahəsi 1125.42 kv.metr təşkil edir). İddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və İnzibati Prosessual Məcəllənin 34-cü maddəsi bu iddia növünün məzmununu müəyyən edir: məhkəmə yalnız o halda inzibati orqanın üzərinə öhdəlik qoya bilər ki, həmin orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi sübuta yetirilsin. Bu işdə isə reyestr orqanının imtinası heç də mülahizəyə və ya subyektiv yanaşmaya əsaslanmır; imtina birbaşa qanun tələblərindən irəli gələn məcburi formal prosedurların yerinə yetirilməməsi səbəbindən verilib. Tikintiyə icazə sənədlərinin və istismara qəbul aktının mövcud olmaması şəraitində reyestr orqanının qeydiyyat aparması hüquqi məsuliyyət və qanun pozuntusu olardı. Apellyasiya şikayəti yeni hüquqi arqument təqdim etmir, yalnız birinci instansiyada irəli sürülmüş eyni məzmunlu dəlillərin təkrarıdır. Şikayət də yenidən binanın artıq tikildiyini, ekspertiza rəylərinin olduğunu, əvvəlki mülkiyyət hüququnun mövcudluğunu və hüquqlarının pozulduğunu əsas gətirir. Lakin bu arqumentlərin hər biri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, lakin tikintiyə icazə və istismara icazə sənədlərinin olmaması səbəbindən məhkəmə onları hüquqi nəticə doğuran hallar kimi qəbul etməmişdir. Apellyasiya instansiyasının işi mahiyyəti üzrə tam həcmdə araşdırması hüquqi vəziyyəti dəyişmir: tikili normativ tələbləri aşır, torpaq sərhədləri uyğunsuzdur və hüquqların dövlət qeydiyyatı üçün zəruri sənədlər təqdim edilməyib. Nəticə etibarilə, iş üzrə təqdim edilən bütün sübutlar və tətbiq olunmalı normativ baza göstərir ki, iddia ərizəsi də, apellyasiya şikayəti də həm hüquqi baxımdan, həm də faktiki vəziyyət baxımından əsassızdır. Bu işdə inzibati orqanın imtinası qanuna uyğun olmuş, məhkəmənin iddianın təmin edilməməsi barədə qərarı isə hüquqi baxımdan düzgün və əsaslı nəticədir. Tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilmədikcə, tikilinin faktiki yerləşməsi torpaq sərhədləri ilə uyğunlaşdırılmadıqca və normativ tələblərə tam cavab vermədikcə bu kateqoriyadan olan iddiaların təmin olunması hüquqi mümkünlük hüdudlarından kənardadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2-1(112)-5190/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3444/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3444/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver