Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3447/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur və uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.2004-cü ildən etibarən “X14” şirkətində bortoperator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsi qismində inzibati icraatda mövqeləri dinlənilmiş lakin irəli sürdükləri əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və X10 işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma aparılan şəxslərin heç biri AZAL QSCnin işçisi deyillər və onlar X14 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanən dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. İddiaçı tərəfindən həmin Agnetliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA nın eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 №-li “əmək pensiyasının dayandırılması haqqında” qərarının və xx.xx.2022-ci il tarixli, **********4 №-li “Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv edilməsi haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 №li qərarı ilə təsdiq edilmiş “Mülki Aviasiya Uçuş və X10 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman) bort mühəndisi, bort mexanik, bort radist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator, (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bort radist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmamışdır. Həmin vəzifələr Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “nəqliyyat” bölməsinin mülki aviasiya bəndində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı bort bələdçisi vəzifələri nəzərdə tutur. Göründüyü kimi bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən bort operator vəzifəsində işlədiyi xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən və Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 №-li qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə tərəflərindən aidiyyəti üzrə "xxxx" QSC-yə sorğular ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olması səbəbindən eləcə də bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmamasına görə onlar uçuş heyəti üzvləri hesab olunmurlar. Qeyd olunanlara əsasən, iddiaçıya vaxtı ilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələbinə uyğun olaraq xidməti məruzə əsasında inzibati icraat başlanılmışdır. Daha sonra iddiaçıya qanunverciliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. Bununla əlaqədar olaraq inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə xx.xx.2022-ci il tarixdə filialda qəbulda olmuşlar. Qəbul zamanı maraqlı şəxsə vaxtıilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədi ilə qanunverciliyin tələblərinə uyğun qaydada və tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraat haqqında qanunun tələblərinə uyğun qaydada həyata keçirilmiş, bu barədə iki nüsxədə akt tərtib edimiş, aktın bir nüsxəsi mərkəzi filialda saxlanılmş, ikinci nüsxsəi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim edilmişdir. Bundan başqa iddiaçıya vaxtı ilə pensiya təyin olunması haqqında qəbul edilmiş qərar tərəflərindən ləğv edilmiş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya xx.xx.2014-xx.xx.2022-ci ilə qədər ümumilikdə 52282.95 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edimiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması mərkəzi filiala tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 №-li “əmək pensiyasının dayandırılması haqqında” qərarının və xx.xx.2022-ci il tarixli, **********4 №-li “Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarı ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Xəzər RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -0116007 saylı əmək kitabçasının pensiya işində olan surətindən görünür ki, İddiaçı iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.1993-xx.xx.1999-cu ilə qədər avia texnik; -xx.xx.1999-xx.xx.2004-cü ilə qədər AZAL QSC-də avia texnik; -xx.xx.2004-xx.xx.2007-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserinin yük aviasiya şirkətində İL 76 tipli hava gəmisinin bort operatoru; -xx.xx.2007-hal-hazıra qədər "xxxx" MMC avia şirkətində İL 76 tipli hava gəmisinin bort operatoru vəzifəsində işləmişdir. -İddiaçı DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən bort operator vəzifəsində işlədiyinə görə güzəştli şərtlərlə yaşa göörə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən Azərbaycan Hava Yolları QSC-yə sorğu ilə müraciət edilərək bort operator vəzifəsinin uçuş heyəti üzvlərinə aid edilib-edilməməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. -Azərbaycan Hava Yolları QSC-nin xx.xx.2022-ci il tarixli 11/4593 nömrəli məktubundan görünür ki, adıçəkilən sorğuya cavab olaraq bort operatorlarının uçuş heyəti üzvləri deyil heyət üzvləri hesab olunduğu qeyd olunmuşdur. Həmçinin həmin cavabda bort operatorların “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərinin siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququna malik olmaları qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X5 Təyinatı Departamentinin müdirinin həmin Filialın direktor müavininə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 saylı xidməti məruzəsindən görünür ki: -pensiya departamentinin əməkdaşları tərəfindən həyata keçirilən inventarlaşdırma nəticəsində vaxtıilə bort operatorun vəzifəsində işləmiş və qanunvericiliyə zidd olaraq əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilmiş digər şəxslərlə yanaşı İddiaçı əmək pensiyasının dayandırılması məqsədi ilə müvafiq inzibati icraatın başlanılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddiaçıya münasibətdə inzibati icraat haqqında qanunun tələblərinə uyğu qaydada icraatın başlanılmasına və sözügedən qanunda nəzərdə tutulan tələblərə riayət edilməklə onların pensiya ödənişlərinin yenidən hesablanması və ya dayandırılması məsələsinə münasibət bildirilməsi xahiş olunmşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********7 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçı barəsində təyin edilmiş pensiyanın inzibati icraat qaydasında araşdırılması üçün və bununla əlaqədar şəxsin mülahizələrinin dinlənilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə mərkəzi filiala dəvət edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********4 nömrəli Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2, 67.1 və 67.8ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. Bu qərar barəsində “İnzibati icraat haqqında” AR Qanununun 67.13- cü maddəsinin tələbinə uyğun qaydada iddiaçıya məlumat verilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********3 saylı əmək pensiyalarının dayandırılması haqqında qərarından görünür ki, Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubundan görünür ki, ona təyin edilmiş pensiya dayandırılmış və xx.xx.2014- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 52282.95 manat artıq pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması iddiaçıdan xahiş edilmişdir. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin "xxxx" avia şirkəti MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 124-3-7/4885-22 nömrəli məktubundan görünür ki, "xxxx" avia şirkəti MMC-də bort operatorun vəzifəsində işləyən X4 uçuş heyyətinin üzvü qismində fəaliyyət göstərir. - SSR Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən xx.xx.1984-cü ildə təsdiq edimiş və xx.xx.1985-ci ildən qüvvəyə minmiş İl 76 tipli hava gəmisinin uçuş istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator. - İddiaçının vəkili tərəfindən "xxxx" avia şirkəti MMC-yə vəkil sorğusu ilə müraciət olunmuş və həmin sorğuya xx.xx.2023-cü il tarixində 272-ÇS/SWA/CD nömrəli məktubla cavab verilmişdir. Həmin məktubdan görünür ki, “İL 76” tipli hava gəmilərinin “ uçuş istismarı üzrə təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" avia şirkəti MMC tərəfindən istismar olunan İl 76 tipli hava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə mübahisəli olan hal iddiaçının hüququnun “Əmək pensiyaları haqqında” Qanunun 9.1. və 9.3-cü maddəsinə əsasən təmin olunmalı olmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uşuş-sınaq heyyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları təsdiq edilmişdir. Adıçəkilən Qaydalardan aşağıdakılar müəyyən edilir: -Qaydaların 1-ci bəndinə əsasən Bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -Bu Qaydaların 2.1-ci bəndinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 12 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının mülki aviasiya adlanan 21.3-cü bölməsində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator vəzifələri qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının əsası kimi bildirmişdir ki, bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında qeyd olunmuş, eləcə də həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli Qərarında əks olunmadığından iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsi ilə deyil 9.1-ci maddəsinin şərtləri yerinə yetirildiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, qeyd edilən sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri onun gördüyü işin xarakteristikası və yerinə yetirməli olduğu funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsbit edir. Belə ki, istər İl 76 tipli yük hava gəmisinin uuş istismar təlimatı, istərsə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Eyni zamanda "xxxx" avia şirkəti MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına nəzər yetirdikdə aşağıdakılar müəyyən edilir: -Təlimatın 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. -Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: -pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. -Adıçəkilən Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. -Adıçəkilən təlimatın 5.4.2-ci bəndinə əsasən "xxxx" avia şirkətində kabin heyyəti nəzərdə tutulmamışdır. -Həmçinin adıçəkilən təlimatın bort operatorlara məxsus vəzifə təlimatlarının icrası hallarına nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslər uçuş heyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri söz birləşməsi göstərilmişdir. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələri hansının uçuş heyət üzvlərinə aid olub-olmaması məsələsini dəqiq şəkildə fiziki şəxslərin işlədikləri işəgötürən müəssisə müəyyən edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müvafiq vəzifə Qərarda öz əksini tapsa da, şəxsə həmin Qərara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi o halda mümkün olardı ki, şəxs ümumiyyətlə uçuş heyəti üzvü kimi fəaliyyət göstərməsin və uçuş üzvü heyyətində aid olmayan vəzifələrdə işləmiş olsun və onu qanunvericliklə müəyyən edilmiş 12 il 06 ay zərərli iş stajını tamamlamaq üçün bu vəzifə götürülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hava gəmisinin bort operatoru uçuş heyətinin üzvü kimi bir sıra funksiyaları yerinə yetirməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının bort operatoru kimi işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6191/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3447/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3447/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver