Məhkəmə qərarları › İş №2-1(103)-3448/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3448/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3448/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3266/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Azərbaycann Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, daxili işlər orqanlarında xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixdən ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi, habelə pensiyanın hesablanması zamanı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 017-ci il tarixli, 2-1(81)-3266/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, M.H.Camalzadəyə dair icaatın təzələnməsi və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3266/2017 nömrəli qərarının yuxarıda qeyd olunan əsaslarla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mehman Camalzadə xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində SSRİ Daxili İşlər Nazirliyinin Xarkov yanğın texniki məktəbində kursant olduğu illərin daxili işlər orqanlarında xidmət illəri kimi qəbul edilərək, həmçinin daxili işlər orqanlarında güzəştli xidmət illəri də nəzərə alınmaqla prokurorluq orqanlarında ümumi iş stajının 25 il 6 ay 17 gün hesablanması, həmçinin bu barədə arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2015-ci il tarixli 2-1(103)-969/2015 nömrəli qərarı ilə təmin edilmişdir. Mehman Camalzadənin kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli 2-1(102)-1372/15 nömrəli qərarı ilə təmin edilməmişdir. xx.xx.1981 xx.xx.1984-cü il tarixləri arasında kursant olduğu illərin nəzərə alınmaqla prokurorluq orqanlarında ümumi iş stajının 25 ildən artıq müəyyən edilməsinin mümkün olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına baxmayaraq, Mehman Camalzadə analoji iddia ilə pensiyasının yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən sözügedən iddia tələbinə dair daha əvvəl məhkəmə çəkişməsinin və qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması araşdırılmadan 10 may 2017-ci il tarixli 2-1(81)-3266/2017 nömrəli qərarı ilə iddia təmin edilmışdır. Bununla əlaqədar ona 27 aprel 2017-ci il tarixində (hətta məhkəmə qərarının da qüvvəyə minməsindən əvvəl) 19 avqust 2005-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Mehman Camalzadənin prokurorluq orqanlarında iş stajına dair faktlara iki ayrı məhkəmə çəkişməsində iki fərqli hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 8 dekabr 2015-ci il tarixli 2-1(102)- 1372/15 nömrəli qərarı ilə Mehman Camalzadənin Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı xx.xx.1981- xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Xarkov yanğıntexniki məktəbində kursant olduğu illərin prokurorluq orqanlarında xidmət illərinə daxil edilməsi tələbi əsassız hesab edilsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)- 3266/2017 nömrəli qərarında həmin sığorta stajı nəzərə alınmaqla, pensiyasının təyin edilməsi tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisiyal əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il (1 iyul 2017-ci il tarixindən sonra 35 il) qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. Həmin Qanunun 9.4.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (1 iyul 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Mehman Camalzadənin prokurorluq orqanlarında stajının 25 ildən az (21 il 17 gün (daxili işlər orqanlarında 9 il 3 ay 28 gün təqvimi xidmət illəri və prokurorluq orqanlarında 11 il 8 ay 19 gün qulluq illəri)) təşkil etdiyi və prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən onun sabiq prokurorluq əməkdaşı kimi pensiya hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3266/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycann Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla” bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış 11 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun sabiq işçisi İddiaçı Hüseynağa oğlunun prokurorluq orqanlarında qulluq illərinin 25 ili tamam olduğu tarix və xx.xx.1981-xx.xx.1993-cü il tarixlərdə daxili işlər orqanlarında işlədiyi dövrün Azərbaycan Respublikası prokurorluq orqanlarmdakı iş stajının hesablanması zamanı nəzərə alımb-alınmaması barədə məlumat verilməsinə dair müraciətə Baş Prokurorluğun Kadrlar idarəsində baxılmışdır. Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın xx.xx.2002ci il tarixli 33-974 №-li iclas protokoluna əsasən müəyyən edilmişdir ki, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin rəisi kiçik ədliyyə müşaviri İddiaçı Hüseynağa oğlunun xx.xx.1984- xx.xx.1993-cü il tarixlərdə daxili işlər orqanlarında işlədiyi müddət (09 il 03 ay 28 gün) Azərbaycan Respublikasının Prokurorluğu orqanlarmdakı əmək stajına daxil edilməklə, uzunmüddətli xidmətə görə üstəlik haqq almaq üçün əmək stajının xx.xx.2002-ci il tarixə 18 il 04 ay 09 gün təşkil etməsi və ona 45% məbləğində əlavə haqq ödənilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2005-ci il tarixdə intizam məsuliyyətinə cəlb edilərək tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Beləliklə, İddiaçı Hüseynağa oğlunun xx.xx.1984-xx.xx.1993-cü il tarixlərdə daxili işlər orqanlarında işlədiyi müddət (09 il 03 ay 28 gün) və xx.xx.1993-xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında işlədiyi müddət (11 il 08 ay 19 gün) nəzərə alınmaqla, ümumilikdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında iş stajı 21 il 00 ay 17 gün təşkil edir. - Baş Prokurorluğun 15 mart 2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun sabiq işçisi İddiaçı Hüseynağa oğlunun prokurorluq orqanlarında qulluq illərinin hesablanmasına dair Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2015-ci il tarixli 2-1(81)- 828/2015 nömrəli qərarına əsasən daxili işlər orqanlarındakı həm təqvimi (12 il 1 ay 29 gün), həm də güzəştli xidmət (1 il 6 ay 29 gün) illərinin prokurorluq orqanlarındakı qulluq illərinə aid edilib-edilməməsi barədə məlumat verilməsinə dair müraciətinizə Baş Prokurorluğun Kadrlar idarəsində baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarından Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apejlyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2015-ci il tarixli 2-1(103)-969/2015 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 aprel 2015-ci il tarixli 2-1(81)-828/2015 nömrəli qərarı ləğv edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2015-ci il tarixli 2-1(102)-1372/15 nömrəli qərarı ilə İddiaçı Hüseynağa oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 iyul 2015-ci il tarixli 2-1 (103)-969/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, daxili işlər orqanlarında xidmətdə olduğu dövrün prokurorluq oranlarındakı qulluq illərinə əlavə edilərək, prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla prokurorluq işçisi kimi pensiya təyin edilməsi, habelə pensiyanın hesablanması zamanı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində ödənilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırımışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2017-ci il tarixli 2-1 (81)- 3266/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Fondun Binəqədi rayon şöbəsi tərəfindən 27 aprel 2017-ci il tarixində (hətta məhkəmə qərarının da qüvvəyə minməsindən əvvəl) 19 avqust 2005-ci iı tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1981-xx.xx.1984-cıı il tarixləri arasında kursant olduğu illərin nəzərə alınmaqla prokurorluq orqanlarında ümumi iş stajı 25 ildən artıq müəyyən edilməsinin mümkün olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, eyni məsələ barəsində yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən sözügedən iddia tələbinə dair daha əvvəl məhkəmə çəkişməsinin və qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması araşdırılmadan qərar qəbul edilmişdir. İddiaçıya əmək pensiyası məsələsinə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015- ci il tarixli 2-1(102)-1372/15 nömrəli qərarı əsas götürülməlidir. İddiaçı tərəfindən aparılan araşdırma zamanı prokurorluq orqanlarında stajın 25 ildən az (21 il 17 gün (daxili işlər orqanlarında 9 il 3 ay 28 gün təqvimi xidmət illəri və prokurorluq orqanlarında 11 il 8 ay 19 gün qulluq illəri)) təşkil etdiyi və prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyi halda, iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi 19 avqust 2005-ci il tarixindən qanunvericiliyə zidd olaraq yaşa görə əmək əmək pensiyasının təyin edildiyi aşkar olunub. Eyni zamanda "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar qanunazidd pensiya ödənişi dayandırılmışdır. Ərizəçi hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 dekabr 2015-ci il tarixli 2-1(102)-1372/15 nömrəli qərarına istinad edərək, yeni açılmış hallarla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3266/2017 nömrəli qərarının yuxarıda qeyd olunan əsaslarla ləğv edilməsi icaatın təzələnməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizənin mümkünlüyünə qiymət verilməlidir. İş materiallarından görünür ki, Mərkəzi Filial artıq xx.xx.2023-cü il tarixdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2015-ci il tarixli 2-1(81)- 828/2015 nömrəli qərarının Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2015-ci il tarixli 2-1(103)-969/2015 nömrəli qərarı ilə ləğv edildiyindən və həmin qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2015-ci il tarixli 2-1(102)-1372/15 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmasından məlumatlı olmuşdur. Lakin, ərizəçi hazırkı ərizə ilə bir ilə yaxın müddət keçdikdən sonra xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla vermişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3266/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar