Məhkəmə qərarları › İş №2-1(103)-3449/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3449/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3449/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı kirayə müqaviləsinin bağlanılması”barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək texniki səhv olması nəzərə alınaraq cavabdehin dəyişdirilərək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 6/10 ünvanında yerləşən 1 nömrəli yataqxananın 2 nömrəli otağında yaşayır. İddiaçı həmin yataqxananın 2 nömrəli otağına dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərarında 141 saylı Mənzil-Kommunal istismar Sahəsi tərəfindən verilmiş, tarix və nömrəsi göstərilməyən arayışa istinad edilərək bidirmişdir ki, “1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Kamil Balakişiyev 6/10 nömrəli ünvanındakı yataqxananın 2 otaqlı 5 mərtəbəli binada yaşayır. İstinad edilən xx.xx.2021-ci il tarix iddiaçının həmin ünvanda qeydiyyata alınması ilə bağlıdır. Onun hansı əsasla göstərilən tarixdə 2 saylı otağa qeydiyyata alınması məlum olmadığından, “Asan 5 xidmət” mərkəzinə müvafiq sorğu göndərilmişdir. İddiaçı göstərilən ünvanda heç vaxt yaşamamış, onun tərəfindən mənzilkommunal xidmət xərcləri ödənilməmiş, mübahisələndirilən sahədə isə 1993-cü ildən hal hazıra kimi Füzuli rayonundan məcburi köçkün olan X3 ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq məskunlaşmaqla faktiki olaraq yaşayır. İddiaçının təqdim etdiyi order və protokol isə həqiqi sənədlər olmamaqla, qeyri-qanuni yolla əldə edilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf isə apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin faktiki hallarından görünür ki, "xxxx" Baş Müəssisəsinin xx.xx.2000-ci il tarixli 187 nömrəli orderinə əsasən X6 1 nəfər ailə tərkibi ilə zavodun Kamil Balakişiyev 6/10 nömrəli ünvanındaki yataqxananın 2 nömrəli otağı yaşamaq üçün verilmişdir. İddiaçı həmin orderi əsas götürərək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 6/10 ünvanında yerləşən 1 nömrəli yataqxananın 2 nömrəli otağına dair daimi kirayə müqaviləsinin bağlanılması üçün cavabdehə müraciət etmiş, tələbi təmin olunmadıqda isə hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Kollegiya ilk növbədə işin həlli üçün əhəmiyyət kəsb edən və hazırkı işdə tətbiqi əsaslı sayılan aşağıdakı normalara diqqət çəkir: 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil fəcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Mənzil Məcəlləsinin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, -sələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar - müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və Həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi, fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar – işlədiyi və ya təhsil aldığı dövrdə verilir. İş materiallarından, məhkəmə araşdırmalarından isə iddiaçıya həmin mənzilin işlədiyi dövrdə, yəni, "xxxx" ASC-nin yarandığı dövrdə verilməsi müəyyən edilmir. Digər tərəfdən Kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, kirayə müqaviləsinin bağlanması üçün əsaslardan ikisi hazırkı iş üzrə iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; Göründüyü kimi, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının həyat yoldaşı X7 adına xx.xx.2020-ci ildə 08 nömrəli order verilmiş və hal-hazırda iddiaçı, yoldaşı və oğlu ümumi sahəsi 100,58 kvadrat metr olan ünvan 1 ünvanında yaşayırlar. Bu səbəbdən də Kollegiya hesab edir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı hesab olunan şəxslər kateqoriyasına daxil edilə bilməz. Digər əsas isə iddiaçının kirayə müqaviləsi bağlanılmasını istədiyi ünvanda uzun illər və halhazırda yaşamaması ilə bağlıdır. Belə ki, 1 saylı Xüsusi Təyinatlı Məzil Kommunal Təsərrüfat Birliyi 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 141 saylı MKİS-nin İstismarındakı ünvan 1 ünvanında kirayəçi X10 xx.xx.2000-ci ildə verilən 08 nömrəli orderə əsasən iki nəfər özü və oğlu X8 ilə qeydiyyatdadır. Hal-hazırda qeyd edilən ünvanda yaşayırlar. Bununla yanaşı onun həyat yoldaşı İddiaçı həmin ünvanda yaşayır. Göründüyü kimi, iddiaçı order əsasında ona yaşaması üçün verildiyini iddia etdiyi mənzildə deyil, yuxarda adı çəkilən mənzildə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçı özü də etiraf etmişdir ki, o və ailəsi ünvan 2 ünvanda onların qohumları yaşayır. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Məzil Kommunal Təsərrüfat Birliyi 141 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan da görünür ki, mübahisəli mənzildə X3 və ailə üzvləri məcburi köçkün kimi məskunlaşmışlar və yaşayırlar. Qeyd olunanlardan əlavə Kollegiya bildirir ki, işin digər mübahisəli məqamı iddiaçının təqdim etdiyi orderin mötbərliyi ilə bağlıdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 1105 nömrəli, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhəri ərazisində yerləşən, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi barədə qərar qəbul edilmiş, Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konserinlərinin balansında olan sosial-mədəni və kommunalməişət təyinatlı obyektlərin yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti üzrə müvafiq təşkilatların balansına verlməsi barədə” Qərarının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 584 saylı Sərəncamına əsasən əvvəllər "Azərelektroişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, ünvan 3 ünvanda yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19.01 2009-cu il tarixli 11 saylı sərəncamı ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Göstərilən ünvanda yerləşən binanın şərti olaraq göstərilmiş 2 saylı otağı yataqxanaya aid qeyri-yaşayış sahəsi olmuşdur və orada 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün ailəsi müvəqqəti olaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə qeyd edilən binanın texniki vəziyyəti haqqında akt tərtib edilmiş, yaşayış binası qəzalı hesab edilərək istismarının yolverilməz olduğu bildirilmişdir. Binaya xidmət göstərən adıçəkilən Birliyin 141 saylı Mənzil- Kommunal İstismar Sahəsinin arxiv materialları arasında otaq kimi iddia edilən qeyri-yaşayış sahəsinin istifadəyə verilməsinə, o cümlədən İddiaçı istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, hazırda ləğvetmə prosesində olan və heç bir daşınar və daşınmaz əmlakı olmayan "xxxx" ASC-nin arxiv sənədləri ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində saxlanılır və cəmiyyətin arxivində sorğuda qeyd olunan orderin verilməsinə dair əsas olan sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğua cavab məktubundan görünür ki, "xxxx" ASC-nin arxiv sənədləri, o cümlədən xx.xx.2000-ci il tarixli, 17 saylı protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, hazırda ləğvetmə prosesində olan və heç bir daşınar və daşınmaz əmlakı olmayan "xxxx" ASC-nin arxiv sənədləri ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində saxlanılır. Eyni zamanda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin keçmiş əməkdaşının verdiyi şifahi məlumatına və öz şəxsi araşdırmalarına əsasən cəmiyyətin arxiv sənədləri 2007-ci ildə "xxxx" ASC-nin ərazisinə köçürülməsi zamanı bir sıra arxiv sənədlərin itdiyi müəyyən olunmuşdur. Bu səbəbdən, "xxxx" İB-də uzun müddət işləmiş vətəndaş X4 adına verilmiş 187 nömrəli orderə dair və həmin orderin verilməsinə əsas olmuş sənədlər Cəmiyyətin arxivində aşkar edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Xidmətinə, "xxxx" ASC-yə və Dövlət Arxivinin Bakı filialına sorğular verilsə də, iddiaçının təqdim etdiyi order və orderin verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə iddiaçının adına verilmiş və fərqli tərtib olunmuş iki order (birini cavabdeh təqdim edib) mövcuddur. Kollegiya qeyd edir ki, iki orderin olması iddiaçının təqsiri olmasa belə, eyni şəxsin adına verilmiş iki orderin olması və orderin arxiv əsasının da müəyyən edilə bilməməsi, iddiaçı tərəfindən təqdim edilən orderin həqiqiliyinə şübhə yaradır. Həmçinin orderin mötəbərliyini şübhə altına alan məqamlardan biri də odur ki, iddiaçıya order verilən zaman iddiaçının soyadının “Kərimova” olmasına baxmayaraq, orderdə iddiaçının soyadı “X10” ilə nikah bağlamamışdan əvvəlki qızlıq soyadı olan “Salahova” qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 257 nömrəli sərəncamına əsasən Bakı “Azərelektroişiq” zavodunun bazasında "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixdə yaradıldığı müəyyən edilir. Lakin, iş materiallarında olan iddiaçının təqdim etdiyi orderdən müəyyən edilir ki, həmin order xx.xx.2000-ci il tərtib edilərək möhürlənmiş, möhürün aid olduğu "xxxx" ASC isə orderin möhürləndiyi tarixdən 1 il sonra yaranmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsinə aparılan araşdırma zamanı aşağıdakılar müəyyən edildi: 1)Orderin arxiv əsasları müəyyən edilmir. 2)İddiaçının adına tərtib edilmiş eyni məzmunlu iki order var. 3) Orderin üzərində iddiaçının qızlıq soyadı yazılsada, həmin dövrdə iddiaçının soyadı başqa olmuşdur. 4)Orderin tərtib edildiyi tarixdə Orderdə möhürü olan müəssisə yaranmamışdır. 5)İddiaçı mübahisəli mənzildə cavabdehin bildirdiyinə əsasən 1993-cü ildən özününü bildirdiyinə əsasən isə 2006-cı ildən yaşamır. BeləlikləŞ qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, mötəbərliyi kifayət qədər əsaslarla şübhə altına alınan order və uzun illər yaşamadığı təqdirdə mübahisəli mənzildə qeydiyyata alınma - iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması üçün əsas hesab edilə bilməz. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar