Məhkəmə qərarları › İş №2-1(103)-3449/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3449/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3449/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialına qarşı (üçüncü şəxs X7) “işçiyə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) ödənilmiş müavinət məbləğinin gələcək ödənişlərdə nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3797/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı vəzifəsində işləyən X5 xx.xx.2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunlu əsaslandırılmışdır ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (bundan sonra - Saziş) 8-ci maddəsinə uyğun olaraq əməliyyat şirkəti qismində fəaliyyət göstərir. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qanun statusunu almış və Sazişin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası hökuməti tərəfindən iddiaçıya Saziş ərazisi daxilində neft hasilatı ilə məşğul olmaq üçün müstəsna səlahiyyət verilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlamış işçiləri - quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X7 və Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti X14 07 aprel 2023-cü il tarixdə 2137 saylı neft quyusuna gəlmişlər. Onlar quyuların əsaslı və yeraltı təmiri sexinin böyük ustası X3 təlimat aldıqdan sonra işə başlamışlar. H.Qardaşov onlara quyu ağzından UPA-60/80 markalı, H-025-753 nömrəli qaldırıcı qurğunun endiriləcək digər qaldırıcı qurğunu montaj etmək tapşırığını vermişdir. Əvvəlcə, qaldırıcı qurğunun üst qülləsinin alt qüllənin içinə yığılmaqla endirilməsinə başlanılmışdır. Üst qüllə endirilərkən elektrik dalma nasosunun elektrik kabelini quyuya buraxan zaman həmin elektrik kabelini istiqamətləndirən istiqamətləndirici diyircəyin burazı (həmin buraz istiqamətləndirici diyircəyi qurğuya bağlayan metal tərtibatın bir hissəsidir) üst qüllə ilə alt qüllənin arasında pərçimlənmiş və bu səbəbdən üst qüllənin enməsi mümkünsüz olmuşdur. Qaldırıcı qurğunun endirilməsinin mümkün olmaması barədə böyük usta H.Qardaşova mobil telefonla məlumat verilmişdir. H.Qardaşov istiqamətləndirici diyircəyin burazı qaldırıcı qurğudan açdıqdan sonra qülləni endirmək barədə telefonla göstəriş vermişdir. Bu zaman, İ.Mahmudov qülləyə qalxaraq istiqamətləndirici diyircəyi qaldırıcı qurğuya bağlayan metal burazı pərçimlənib ilişdiyi hissədən fiziki güc tətbiq etməklə ayırmışdır. O, istiqamətləndirici diyircəyi qaldırıcı qurğunun talı vasitəsilə, həmçinin xüsusi tərtibatla qaldırıcı qurğudan ayırıb endirməyin təhlükəsiz üsulu olduğunu bildiyi halda, istiqamətləndirici diyircəyi qeyri-standart üsulla, yəni iş meydançasında olan kran-manipulyatorla (AROK nəqliyyat vasitəsi) ayırmağa cəhd göstərmişdir. Belə ki, sənaye üsulu ilə hazırlanmayan, əl ilə düzəldilmiş, təxminən 600 qram çəkisi olan 16 mm diametrli dəmirdən hazırlanmış metal qarmaq vasitəsilə istiqamətləndirici diyircəyi havadan asılı vəziyyətdə kran-manipulyatora (AROK nəqliyyat vasitəsi) bağlamaqla aşağı salmaq qərarına gəlmişdir. Havada asılı vəziyyətdə olan istiqamətləndirici diyircək yellənərək qarmaqdan çıxmış və yerə düşmüşdür. İstiqamətləndirici diyircəklə eyni anda yerə düşən metal qarmaq Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti Ş.Şükürovun başına düşərək onun başını yaralamışdır, zərbə nəticəsində Ş.Şükürov qaldırıcının üst qülləsini tərpənməz vəziyyətdə saxlayan əyləci buraxmış, bunun nəticəsində üst qüllə zərblə aşağı enərək alt qüllənin içinə yığılmışdır. Üst qüllədə olan quyuların əsaslı yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı İ.Mahmudov üst qüllənin qəfildən enməsi nəticəsində zədə almış, sol əlinin İİ və İİİ barmaqlarının uc hissələri və sol ayağının bütün barmaqları iki qüllənin arasında sıxışaraq travmatik amputasiya olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin müvafiq əmri əsasında yaradılmış Komissiya tərəfindən təhqiqat aparılarkən bədbəxt hadisə zamanı zərərçəkmiş İ.Mahmudov və Ş.Şükürovdan alınmış izahatlarında istiqamətləndirici diyircəyi tal və ya xüsusi tərtibat vasitəsi ilə aşağı salmalı olduqları halda bunlardan istifadə etmədiklərini etiraf etmiş və bununla bağlı izahatları təhqiqat materiallarına əlavə edilmişdir. X13 Xidmətinin əmri əsasında yaradılmış Təhqiqat Komissiyasının tərtibetdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsinə səbəb məhz zərərçəkən şəxslərin əməyin mühafizəsi və texniki Təhlükəsizlik üzrə vəzifə təlimatlarına əməl etməməsi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçisi, quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X4 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 3-17- 1/2-240001/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli məktubla müavinəti ödəməkdən imtina etmişdir. Cavabdehin müavinəti verməkdən imtina etməsini X13 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tərtib edilən Təhqiqat aktına və həmin akt əsasında yazılmış İZ aktına, eləcə də X13 Xidmətinin 06 oktyabr 2023-cü il tarixli məktubuna istinad edərək hadisənin iddiaçının (işəgötürənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirməsi və bu səbəbdən müavinəti ödəməkdən imtinaetməsi tamamilə qanunsuzdur. Nə Təhqiqat aktında, nə də İZ aktında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərinin bədbəxt hadisənin baş verməsində təqsiri sübut edilməmiş və belə bir təqsirin olması ümumiyyətlə qeyd edilməmişdir. Hadisənin baş verməsinin əsas səbəbi məhz zərərçəkənlərin əmək müqaviləsinin və vəzifə təlmatlarının tələblərini yerinə yetirməməsidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-3797/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi bağlamış işçiləri - Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X7 və Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti X14 07 aprel 2023-cü il tarixdə 2137 saylı neft quyusuna gəlmişlər. Onlara quyu ağzından UPA-60/80 markalı, H-025-753 nömrəli qaldırıcı qurğunun endirilərək digər qaldırıcı qurğunu montaj etmək tapşırığı verilmişdir. Qaldırıcı qurğunun üst qülləsinin alt qüllənin içinə yığılmaqla endirilməsi zamanı işçilərin texniki təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbi ilə Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti Ş.Şükürov və Quyuların əsaslı yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı İ.Mahmudov zədə almış, nəticədə sonuncunun sol əlinin İİ və İİİ barmaqlarının uc hissələri və sol ayağının bütün barmaqları iki qüllənin arasında sıxışaraq travmatik amputasiya olunmuşdur. Hadisəni araşdırmaq üçün X13 Xidməti tərəfindən Təhqiqat Komissiyası yaradılmış və hadisə ilə bağlı təhqiqat aktı və İZ formalı akt tərtib edilmişdir. Təhqiqat Komissiyasının tərtib etdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsinə səbəb məhz zərərçəkən şəxslərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə vəzifə təlimatlarına əməl etməməsi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməkdaşı, Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X4 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 3-17- 1/2-240001/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli məktubla müavinəti ödəməkdən imtina etmişdir. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamə”nin 107-ci maddəsinin tələblərinə əsasən: “Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir”. Cavabdeh Təhqiqat aktında və İZ formalıaktda işəgötürənin təqsirli olması barədə hər hansı qeydin olmamasını baxmayaraq, işçinin xəsarət almasında işəgötürəni təqsirli olması qənaətinə gəlmiş və Əsasnamənin 107-ci maddəsinə istinad edərək müavinəti verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslar iddianın mümkünsüz hesab edilməsi üçün hüquqi əsas hesab edilə bilməz və qərardad Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq qəbul edildiyi üçün ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qərardadı əsaslandırmaq üçün yazdığı: 1. “Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə gələcəkdə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər həyata keçiriləcəyi və iddiaçının bildirdiyi kimi ödədiyi müavinət məbləğinin həmin məbləğlərlə əvəzləşdirilməyəcəyi təqdirdə yaranmış mübahisə üzrə hazırki iddia ilə məhkəməyə müraciət oluna bilər” fikri və 2. “məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməli olub-olmaması barədə mübahisə həll olunduqdan sonra, iddiaçı tərəfindən X5 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələb irəli sürülə bilər” fikirləri tamamilə absurddur. Belə ki, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının qanununda sığortaedənin (iddiaçının) və sığortaçının (cavabdehin) hüquq və vəzifələri qeyd edilmişdir. Həmin qanunun 10-cu maddəsinin tələblərinə əsasən sığortaedən (yəni iddiaçı) sosial sığorta haqqını sığortaçıya, yəni cavabdehə ödəmək vəzifəsini daşıyır. Həmin qanunun 9-cu maddəsinin tələblərinə əsasən isə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının, yəni cavabdehin vəzifəsidir. Cavabdeh 13 dekabr 2023-cü il tarixli vəsatəti ilə birinci instansiya məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta vəFərdi Uçot üzrə mərkəz filialı haqqında əsasnaməsinə istinad edərək Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəz filialının əsl cavabdeh olmasını məhkəmədən xahiş etmiş və məcburi sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsinin təmin edilməsinin məhz cavabdehin vəzifəsi olmasını bildirmişdir. Beləliklə, yalnız hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyi halda sığorta haqqı ilə sığorta ödənişi əvəzləşdirilə bilər. Başqa sözlərlə iddianın predmetini təşkil edən məbləğin cavabdeh tərəfindən ödənilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan iddiaçının həmin məbləği gələcək sığorta haqları ilə əvəzləşdirməsi hüququ ola bilməz. Əksinə, bu, iddiaçı tərəfindən qanun pozuntusu hesab edilər və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün əsas ola bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına (bundan sonra – Fərman) istinad etsə də, həmin Fərmanın mətnini düzgün qeyd etməmiş və ümumiyyətlə, həmin fərmanın iddianın mümkünsüz hesab edilməsi ilə əlaqəsinin nədən ibarət olduğunu göstərməmişdir. Birinci instansaiya məhkəməsi qərarında göstərir ki, “Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir”. Birincisi, Fərmanda belə sözlər yoxdur. Cavabdehin etirazından köçürülən bu sözlər Fərmanda öz əksini tapmayıb. Digər tərəfdən, hətta belə yazılmış olsa belə, hazırki iddianın nə predmeti, nə əsası məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılması ilə bağlı deyil. Bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanına istinad etməklə iddianın mümkünsüz hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə əmək müqaviləsi əsasında işləyən əməkdaşı istehsalatda xəsarət almışdır və həmin işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə aldığı xəstəlik vərəqələri cavabdehə göndərilmiş, lakin cavabdeh təqdim edilən xəstəlik vərəqələri əsasında müavinət verməkdən imtina etmişdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, işçiyə cavabdeh tərəfindən müavinət ödənilməməsi səbəbi ilə iddiaçı tərəfindən xəsarət alan işçiyə hesablanmış müavinət məbləği ödənilmişdir. Mahiyyət etibarı ilə cavabdeh tərəfindən işçilərə ödənilən müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sığortaçı tərəfindən sığortaolunanlara ödənilən sığorta ödənişidir. İddianın faktiki əsasını məhz cavabdeh tərəfindən ödənilməmiş müavinətin ödənilməsi təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəz filialı haqqında əsasnaməyə (Əsasnamə) uyğun olaraq, sığortaolunanlara məcburi sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsinin təmin edilməsi Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəz filialının fəaliyyət istiqamətinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəz filialı Azərbaycan Respublikası NazirlərKabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan inzibati orqandır. Cavabdehdən Əsasnamə üzrə öhdəliyinin yerinə yetirilməsini tələb etmək İMP-in 2.2.3-cü maddəsi çərçivəsində öhdəliyin icrası haqqında, yaxud həmin Məcəllənin 2.2.7-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia kimi baxılmalı və iddia ərizəsi mümkün hesab edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 04 may 2023-cü il tarixli, 3-17-5/3-2-231/2023 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən aparılmış 05 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının qaldırıcı maşinisti X9 və qazmaçısı X4 07 aprel 2023-cü il tarixdə saat 20:50 radələrində xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı nəticəsində tərtib olunmuş “Təhqiqat aktı”ndan görünür ki, “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” aşağıdakı kimi olmuşdur: Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı təmiri sexinin qazmaçısı X4 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən Texnoloji nəqliyyat sexinin maşinisti X9 ehtiyatsızlığını, 4.3-cü bəndinə əsasən “Quyuların əsaslı yeraltı təmiri” sexinin böyük ustası X6 cavabdehliyini müəyyən etmişdir. X7 və X14 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialında uçota alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29 mart 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X13 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən İ.Mahmudovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə təhqiq edilmiş, hadisə İZ formalı aktla rəsmiləşdirilərək Filial tərəfindən uçota alınmışdır. Qeyd olunan hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, Filialın “Quyuların əsaslı yeraltı təmiri” sexinin böyük ustası X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarına Şirvan Şəhər Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 3(032)-739/2023 nömrəli Qərarı (qərar məktuba əlavə olunmuşdur) ilə H.Qardaşov təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 15 fevral 2024-cü il tarixli 89/02 saylı məktubda göstərilmişdir ki, hazırda məhkəmənin icraatında olan e-2-1(112)-3797/2024 saylı iş üzrə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaçının əməkdaşı X4 xəsarət alması ilə bağlı, işçinin işə çıxmadığı müddət ərzində təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən iddiaçı tərəfindən işçiyə müavinət qismində aşağıdakı ödənişlər həyata keçirilmişdir: 1) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2171,00 manat, 2) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1750,00 manat, 3) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1762,60 manat, 4) xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 1792,00 manat, 5) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1828,60 manat, cəmi 9304,20 manat. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması. 1.1.5. sosial sığorta hadisəsi - sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar. 1.1.10. məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti. 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; əlilliyin müəyyən edilməsi; ailə başçısını itirmək; əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq; ölüm; sanatoriya-kurort müalicəsi zərurəti. 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. 9-1.1-cı maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Bundan başqa, sadalanan normalardan görünür ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. İddiaçı isə hazırki iddia tələbində baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi dövr üçün üçüncü şəxsə ödədiyi müavinət məbləğinin həmin ödənişlə əvəzləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Lakin qanunvericilikdə müavinət məbləği ilə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət cavabdehin səlahiyyətlərinə daxil deyildir, həmçinin qanunvericilikdə iddiaçının tələb etdiyi ödəniş məbləğlərinin əvəzləşdirilməsi nəzərdə tutulmamışdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3797/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar