Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3449/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X5 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6067/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 xx.xx.2000-ci il tarixli, 06 nömrəli əmri ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Sabunçu rayonu, Südçülük sovxozu ərazisində 0,1 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehnə etdiyi müraciət, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıca aktları, baş planları və koordinatlarının Cavabdehnə təhvil verilməməsi əsası ilə xx.xx.2024-cü il tarixli məktub ilə təmin edilməmişdir. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Az-1104, Sabunçu rayonu, Ramana Qəsəbəsi, Südçülük Sovxozu, ev 2, mənzil 7-də qeydiyyatda olaraq yaşıyan İddiaçı adına Cavabdeh tərəfindən 0,1 ha torpaq sahəsinin yerləşmə cizgisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçünün, döngə nöqtə kordinatların tərtib olunaraq verilməsi və mülkiyyət hüquqları qeydiyyata alınaraq ilkin çıxarışla təmin edilməsi öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri üzrə tələbinin çıxarılması və Cavabdehnə torpaq sahəsinə dair cizginin tərtib edilməsi və verilməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (cavabdehin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” kimi qeyd edilməsi qərardadın tərtibi zamanı yol verilmiş texniki səhv kimi qiymətləndirilir) cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, X3 iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşmə cizginin tərtib olunaraq verilməsi üçün Cavabdeh, o cümlədən ona bu barədə kömək göstərilməsi və müvafiq tapşırıqların verilməsi üçün tabeçilik üzrə Azərbaycan Respublikası Prezident Aparatına və Bakı Şəhər İcra Hakimiyyətinin Aparatına müraciət etmişdir. Lakin, Cavabdeh onun təqdim etdiyi sənədləri nəzərə almadan Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanın 2.5 və 2.7-ci bəndinin tələblərini pozaraq onu qane etməyən 12 avqust 2024-cü il tarixli məktubla maddi hüquq normaları pozmaqla torpaq sahəsinin ayrıca aktı, baş plan və ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadan cizginin verilməsi mümkün olmamasını bildirərək, tərtib etdiyi rəsmi cavabla vəzifəsini icra etməkdən qərəzli surətdə imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hər hansı formada xəritə çəkmə, plana alma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6067/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, S.Əliyev adına südçülük – maldarlıq üzrə X6 X1 xx.xx.2023-cü il tarixli, F-1408 № li əmri ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinun Cavabdehnə həvalə olunması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə yəni 2000-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iddiaçı və üçüncü şəxs bunun səbəbləri barədə heç bir məlumat verilməmiş, cavabdeh elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsindən görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 xx.xx.2000-ci il tarixli, 06 nömrəli Əmri ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Sabunçu rayonu, Südçülük sovxozu ərazisində 0,1 ha torpaq sahəsi ayrılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Torpaq sahəsi Abşeron rayon S.Əliyev südçülük-maldarlıq üzrə X6 X2 Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 286 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində, yəni Sabunçu rayonu ərazisində yerləşiyindən, eyni zamanda torpaq ayıran qurum olan sovxozlar ləğv edildiyindən, həmin torpaq sahəsinin naturada yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizigisi də Cavabdeh tərəfindən verməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1880/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1601/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; N.R.Əliyevin Xəzər rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1359/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 2092/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-2131/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən qəbul edilmiş cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə 2-1(102)- 1417/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli nömrəli qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. İş materiallarında olan digər yerləşmə cizgilərindən müəyyən edilir ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahələrinin (həmçinin Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 əmri ilə ayrılmış) yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Həmçinin məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, həmin yerləşmə cizgiləri məhkəmə qərarlarının icrasında qaydasında deyil, vətəndaşların müraciətlərinə əsasən cavabdeh orqanın praktikasına əsasən verilmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən həmçinin etimadın qorunması və bərabərlik prinsipinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, həmin torpaq sahəsinə digər şəxsin müraciətinin olması və mübahisəli olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin şəxs hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, birinci instansiya məhkəməsində iclasda iştirak edərək, iddiaya etiraz etməmiş və iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti verməyərək razılaşmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində Abşeron rayonu, S.Əliyev adına südçülük – maldarlıq üzrə X6 X1 əmrinin tarixi və nömrəsinin “xx.xx.2000-ci il tarixli, 06 nömrəli” əvəzinə “xx.xx.2023-cü il tarixli, F-1408 nömrəli” kimi qeyd edilməsini qərarın tərtibi zamanı yol verilmiş texniki səhv kimi qiymətləndirir və hesab edir ki, qərarın bu hissədə dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6067/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6067/2025 nömrəli qərarı (qərarın nəticə hissəsində Abşeron rayonu, S.Əliyev adına südçülük – maldarlıq üzrə X6 X1 əmrinin tarixi və nömrəsi “xx.xx.2000-ci il tarixli, 06 nömrəli” kimi oxunmaqla) dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3449/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3449/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver