Məhkəmə qərarları › İş №2-1(103)-345/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-345/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-345/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “əlavə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdehnə qarşı cavabdehdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün satın almaya məruz qalmış əmlaklar üzrə ödənilməyən vəsaitlər üzrə iddiaçılar İddiaçı1 xeyrinə 4458.2 manat, X1 xeyrinə 13275.8 manat, X3 xeyrinə 15854.0 manat, İddiaçı4 xeyrinə 13400.6 manat, İddiaçı5 xeyrinə 10460.0 manat, İddiaçı6 xeyrinə 24038.0 manat, İddiaçı7 xeyrinə 12709.2 manat, İddiaçı8 xeyrinə 14000.6 manat, İddiaçı9 xeyrinə ödənilmiş məbləğ üzrə 27109.2 manat, 141.74 kv.m üzrə ödənilməmiş hər bir kv.m üzrə 1000 manat vəsait üzrə 141740.0 manat və həmin vəsaitin 20 faizi üzrə 28348.0 manat, cəmi 197197.2 manat məbləğində vəsaitin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 501 saylı, 15.03.2013-cü il tarixli Sərəncamının təmin edilməsi məqsədi ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün Bakı şəhəri, Sovetski deyilən ərazidə yerləşən evlər iddiaçıların istifadələrində və faktiki mülkiyyətlərində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin ödənilmədiyini nəzərə alaraq cavabdehə kompensasiya məbləğlərinin ödənilməmiş hissələrinin ödənilməsi ilə bağlı müraicət edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər cavab verilməmişdir. Şifahi olaraq telefonla bildirmişlər ki, hər hansı kompensasiya verilməyəcək və müraciətlərə rəsmi cavab vermək fikirləri yoxdur. İddiaçılarla bağlanan alqı-satqı müqavilələrinə əsasən ödənilən kompensasiya məbləğləri ayrı seçkilik edilərək ödənilmiş, həmçinin əmlakın dəyərinin 20 faizi ödənilməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən iddiaçılara məxsus Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinə yerində baxış keçirilən zaman həmin yaşayış sahələrinin faktiki yaşayış və köməkçi sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmış və ödənilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyətində olmuş əmlaklara görə qanunamüvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçılar məhkəməyə müraciət edərək əlavə kompensasiya məbləğlərinin onların xeyrlərinə tutulmasını məhkəmədən xahiş edirlər. Bundan başqa bildirirlər ki, iddiaçılar notarial qaydada verdikləri ərizələrinə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacaqlarını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olamayacaqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. İddiaçılar mübahisəli sahəni alğı-satqı müqavilələri əsasında Cavabdeh xeyrinə özgəniləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alğı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı omayaraq əqdi imzalamış tərəf özünün iradəsini ifadə etmiş və bununla da, onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçılar aldıqları pulu tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən (daşınmaz əmlakların alqı-satqısına dair müqavilələr, qiymətləndirmə cədvəlləri, çıxarışlar, qeydiyyat vəsiqələri) görünür ki, iddiaçılarla cavabdeh arasında onlara məxsus mübahisə predmeti olan əmlakların cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələri bağlamış və iddiaçılara alqı-satqı müqavilələrində nəzərdə tutulmuş məbləğlər ödənilmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqana satdıqları əmlaklara görə əlavə kompensasiyanın ödənilməsi tələbini irəli sürmüşlər. İddiaçılar hesab edirlər ki, kompensasiya məbləği ədalətli ödənilməmiş, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20 faiz əlavə də onlara ödənilməmişdir. Bu əsasla həmin əlavələrin ona ödənilməsi üçün Cavabdehnə ərizə ilə müraciət edilmiş, müraciətə cavab olaraq iddiaçılardan İddiaçı9 ünvanlanmış 09.04.2020-ci il tarixli məktubda bildirilmişdir, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500,00 manat və digər sahələr üzrə isə hər kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1.200,00 manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından müraciət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması İPM-in 35-ci maddəsinin tələbinə əsasən mümkün deyil. İddiaçıların hazırkı tələbində artıq özgəninkiləşdirdikləri əmlaklarına görə yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmələri Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üçün subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianın dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, tərəflər arasında kompensasiyanın ödənilməsi barədə müqavilə bağlanmasına və iddiaçılara kompensasiya ödənilməsinə baxmayaraq, hazırkı iddia tələbi müqavilə münasibətlərindən irəli gəlmir. İddiaçıların irəli sürdüyü məsələ onların mülkiyyətində olmuş əmlakların əvəzinin tam ödənilməməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20 faiz əlavənin onlara ödənilməməsi barədədir. İddiaçıların mənzillərinin sökülməsinə görə əlavə kompensasiya tələb etmələri qanundan irəli gəldiyi üçün subyektiv hüquqları vardır. İddiaçıların cavabdeh inzibati orqana müraciətləri və iddiaçılardan birinə münasibətdə imtina cavabı vardır. Bu səbəbdən də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4571/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar