Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-345/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdeh X4, üçüncü şəxs X13 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «daşınmaz əmlaka dair reyestdən çıxarışda və texniki pasportda əmlakın ölçüsünün artırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, reyestrdən çıxarışın və reyestrdə qeydiyyatın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına verilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və X6 adına verilmiş xx.xx.2009-cu il tarixli ******* nömrəli reyestrdən çıxarışlarda və müvafiq olaraq onların adına verilmiş texniki pasportlarda, daşınmaz əmlaklara dair ilkin sənədlərdə göstərilən ölçülərin əsassız və qanunsuz olaraq artırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, daşınmaz əmlaklara dair ilkin sənədlərə uyğun olmadığından X5 adına verilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli və X6 adına verilmiş xx.xx.2009-cu il tarixli ******* nömrəli reyestrdən çıxarışlarların və sonuncuların adına dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4370/2020 nömrəli, 07 may 2020-ci il tarixli qərardadı ilə X13 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-908/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın üçüncü şəxs X9 münasibətdə geri qaytarılması barədə ərizəsi (iddianın dəyişdirilməsi) qəbul edilmiş və X6 inzibati məhkəmə icraatında üçüncü şəxs kimi prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli Sərəncamı və həmin sərəncama uyğun olaraq iddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi iddiaçı "xxxx" LTD MMC-yə üçüncü şəxsin adına qeydiyyata alınmış tikililərin yerləşdiyi torpaq sahəsinə hüquqlar verməklə yanaşı onun üzərinə vəzifələr də qoymuşdur. Belə ki, iddiaçı (icarəçi) yuxarıda göstərilən Sərəncam və icarə müqaviləsi əsasında mübahisəli torpaq sahəsindən istifadə etmək, bu məqsədlə orada tikililər və avadanlıqlar quraşdırmaq, torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini tələb etmək, qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut və məhdudiyyətlərin qoyulmasını tələb etmə və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları vardır. Eyni zamanda, icarəçinin torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, sahəni yerində qəbul etməklə onun sanitar vəziyyətinə nəzarət etmək, torpaqdan təyinatı üzrə istifadə etmək, bu zaman torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, torpağın qorunması və mühafizəsi barədə icarəyə verənə məlumatlar vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri vardır. Yuxarıda qeyd edilən hüquq və vəzifələr xx.xx.2004-cü il tarixdən yaranmışdır. Buna baxmayaraq, cavabdeh DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi üçüncü şəxs X2, yəni xx.xx.2017-ci il tarixdə verilmiş, ******* nömrəli Çıxarışa əsasən 82.8 kv.m ölçüdə daşınmaz əmlaka hüquqları qeydə almışdır, lakin bu zaman nəzərə almamışdır ki, üçüncü şəxsin ilkin sənədlərinə əsasən mülkiyyətində olan əmlakın ümumi sahəsi cəmi 32.0 kv.m olmuşdur. Beləliklə, cavabdeh orqan iddiaçıya verilmiş torpaq sahəsində üçüncü şəxsin qanunsuz olaraq sonradan inşa etdiyi sahəsi 50.8 kv.m olan özbaşına tikilini heç bir əsas olmadan dövlət qeydiyyatına almaqla iddiaçının istifadəsində olan torpaq sahəsində tikili inşa edilməsinə, həmin torpaq sahəsinin zəbt edilməsinə şərait yaratmış və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda göstərilənlər, aşkar şəkildə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasını təsdiq edir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi qərardadda iddiaçının subyektiv hüququnun olmamasını qeyd etmişdir. İddiaçınə aid sərəncam mövcuddur. Bundan başqa, İddiaçı MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilə mövcuddur. Üçüncü şəxs X5 yaşadığı ərazinin çox hissəsində artıq binalar tikilib. X1 ərazisini də əhatə edir. Həmin ərazidə iddiaçı tərəf binalar tikib. Həmin binalarda sakinlər yaşayır. Üçüncü şəxs X13 1993-cü ildə sahəsi 32 kv.m olan hal-hazırda yaşadığı evi alqı-satqı ilə almışdır. Olduqca maraqlı haldır ki, bu 32 kv.m olan evin sahəsi daha sonra 82 kv.m kimi göstərilir. Bunu onunla əsaslandırırlar ki, çıxarışlar və sənədlər mövcud olmuşdur. Əgər tərəf 1993cü ildə 32 kv.m olan evə alqı-satqı müqaviləsi bağlamışsa, 2017-ci ildə verilən çıxarışda 82 kv.m neçə göstərilir? Həmin torpaq sahəsi isə 2004-cü ildən iddiaçıya verilmişdir. İddiaçı 32 kv.m olan evə hüququ tanıyır. Lakin torpaq sahəsi iddiaçıya verildikdən sonra əlavə olunan 50 kv.m sahəni qəbul etmirlər. Torpaq sahəsi sərəncamla iddiaçıya verilmişdir, üstündəki tikilələrin sakinlərlə razılaşdırılıb sökülməsi şərti ilə. İddiaçı alqı-satqı müqaviləsinə əsasən alınan 32 kv.m sahəni deyil, heç bir əsas olmadan artırılmış sahəni mübahisələndirir. Qeyd olunanlara əsasən bu mübahisə inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, ilkin çıxarış ona 1993-cü ildə Rus dilində verilmişdir, 2017-ci ildə o, çıxarışı Azərbaycan dilinə tərcümə etdirmişdir. Artırılmış 50 kv.m sahənin əsasını texniki pasport təşkil edir. O, texniki pasportda göstərilənlərdən başqa, heç bir əlavə tikinti işləri aparmamışdır. Bu texniki pasport əsasında ona 2017-ci ildə çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X7 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin üçüncü şəxsin qanuni çıxarışının ləğv edilməsi barədə iddia qaldırmaq hüququ yoxdur. İcra Hakimiyyəti iddiaçıya həmin əraziləri icarəyə versə də, icarə hüququ reyestrdən qeydiyyatdan keçməyib. Bundan başqa, iddiaçı iddia ilə məhkəməyə müraciət etmək üçün prosessual müddəti də ötürmüşdür. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın aparılmasına əsas olmuş mülki-hüquqi əqdi, eləcə də inzibati aktı deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyindən, mübahisə mülki xarakterli qiymətləndirilmir. Lakin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün edən digər şərtlərdən biri də iddiaçının iddia qaldırmaqda subyektiv hüququnun olmasıdır. Nəzərə alınmalıdır ki, Bakı ŞİH başçısının 5 mart 2004-cü il tarixli 45 nömrəli sərəncamı ilə müvafiq ərazidə (Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə) mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə əsasında 0,41 ha ərazi İddiaçı MMC-nin istifadəsinə verilsə də, bu sərəncam MMC-yə ərazidəki tikililərə hüquqları mübahisələndirmək üzrə hüquq vermir. Başqa sözlə desək, İddiaçı MMC Bakı ŞİH 5 mart 2004-cü il tarixli 45 nömrəli sərəncamı ilə müvafiq şərtlərlə istifadəsinə verilmiş ərazidəki hər hansı tikiliyə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi tələbini irəli sürə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 5 mart 2004-cü il tarixli 45 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə əsasında 0,41 ha ərazi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmçinin İcarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə İcarəçi İddiaçı MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 45 saylı xx.xx.2004-cü il tarixli sərəncamı, 11520 saylı xx.xx.2004-cü il tarixli inşaat pasportu, 12/233 saylı xx.xx.2013-cü il tarixli ayrıc aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə ayrılmış 4100 kv.m torpaq sahəsi 49 il müddətinə İcarəçinin istifadəsinə verilmiş, İcarəçi onu qəbul etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.1993-cü il tarixli müqavilənin və Qeydiyyat vəsiqəsinin surətlərindən görünür ki, X13 ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi 32.0 kv.m olan evi almışdır və həmin evə X5 şəxsi mülkiyyət hüququ xx.xx.1993-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən isə görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.8 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, üçüncü şəxs X13 tərəfindən mübahisələndirilən fərdi yaşayış evi alınarkən müqavilədə evin yaşayış sahəsi 32.0 kv.m göstərilmiş, həmin müqavilə əsasında fərdi yaşayış evinə X5 mülkiyyət hüququ xx.xx.1993-cü ildə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə isə həmin evin ümumi sahəsi 82.8 kv.m göstərilməklə qeydiyyat aparılmışdır. Hazırda iddiaçı mübahisədəndirilən fərdi yaşayış evinin sahəsinin artıq göstərilməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsi tərəfindən isə daşınmaz əmlakın dövlət reyestində mübahisələndirilən fərdi yaşayış evinin sahəsinin sonradan artıq göstərilməklə qeydiyyatın aparılmasının səbəbləri və əsasları araşdırılmamış, bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyacın olub-olmaması müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazda qeyd olunur ki, hal-hazırda X8 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın alqı-satqı müqaviləsində yaşayış sahəsinin ölçüsü (32.0 kv.m) qeyd olunmuşdur, lakin həmin fərdi yaşayış evinin ümumi sahəsi 82.8 kv.m təşkil edir. Belə ki, ilkin hüquqmüəyyənedici sənəd qismində çıxış edən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinin pasportunda sözügedən fərdi yaşayış evinin ümumi sahəsi 82.8 kv.m (“A” tikilisi 50.3 kv.m, “B” tikilisi isə 32.50 kv.m olmaqla) təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən, iş materiallarında olan tərəflərin izahatlarından görünür ki, hazırda sənərcamla iddiaçıya ayrılmış ərazidə iddiaçı tərəfindən tikinti işləri aparılır, eyni zamanda köçürülmə üçün iddiaçı ilə üçüncü şəxs arasında kompensasiya məbləği ilə əlaqədar mübahisə mövcuddur. İddiaçı iddia ərizəsində həmçinin bildirir ki, sərəncam imzalandıqdan sonra cavabdeh tərəfindən əlavə tikililər üçün qeydiyyatın aparılması əlavə kompensasiya məbləğlərinin ödənilməsini şərtləndirir (bu, ayrı-ayrı şəxslərə qarşı yönələ bilən sahənin özbaşına zəbt olunmasının qarşısının alınması, qanunsuz tikililərin sökülməsi tələblərindən fərqli tələblərdir). Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən sonradan aparılmış qeydiyyat ilə əlaqədar olaraq əlavə vəsait ödəməli olduğu üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 5 mart 2004-cü il tarixli 45 nömrəli sərəncamında da qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsinin İddiaçı MMC-nin vəsaiti hesabına həyata keçirilməsi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və həmin hallara qiymət verilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsə məxsus mübahisəli sahə ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi halının mövcud olub-olmaması, habelə qeyd olunan sərəncam imzalandıqdan sonra müvafiq lahiyə sənədlərinin, inşaat pasportunun, ayrıc aktının, tikintiyə aid digər sənədlərin olubolmaması araşdırılmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-231/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «daşınmaz əmlaka dair reyestdən çıxarışda və texniki pasportda əmlakın ölçüsünün artırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması, reyestrdən çıxarışın və reyestrdə qeydiyyatın ləğv edilməsi» tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-345/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-345/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver