Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3450/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehin üzərinə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsindən 10 noyabr 2022-ci il tarixdə notarial təsdiq edilmiş ərizə əsasında adına keçirilmiş 400 kv.mdən ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisi olan Xocəsən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X1 uzunmüddətli icarəsinə verilmişdir. Daha sonra, 10 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Nağıyeva (əvvəlki soyadı Qasımova) Bəhriyyə Qurban qızı tərəfindən nümayəndə vasitəsilə notarial təsdiq olunmuş ərizə əsasında səlahiyyətli orqanlara müraciət olunaraq Bakı ş., Binəqədi r., Xocəsən qəsəbə bələdiyyəsinin 5/11 saylı xx.xx.2005-ci il tarixdə verilmiş qərarına əsasən Xocəsən qəsəbəsi ərazisində ayrılmış 1,2 ha torpaq sahəsindən 400 kv.m torpaq sahəsi Kürdəmir r. Yenikənd kən-də qeydiyyatda olan İddiaçı adına keçirilməsi və sənədləşdirilməsi xahiş olunmuş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırılmayacağı bildirilmişdir. Həmin tarixdən etibarən sözügedən 400 kv.m-dən ibarət torpaq sahəsi istifadəsində olmaqla ona - İddiaçı məxsusdur. xx.xx.2025-ci il tarixdə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ona məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 400 kv.m qanunsuzdur. Belə ki, imtina məktubunda cavabdehin: “torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olması, torpaq sahəsinin sənəd üzrə Xocəsən qəsəbəsi ərazisində yerləşdiyi qeyd edilsə də baza məlumatına əsasən həmin ərazinin “Sulutəpə” qəsəbəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağı olması, təqdim edilmiş yerləşmə cizgilərində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülərin qeyd edilməməsi, digər cizgidə hüquq sahibi kimi digər şəxsin adının qeyd olunması” kimi əsaslarını onun hüquqlarının qeydiyyatından imtina üçün gətirdiyi subyektiv mülahizələr hesab edir. Belə ki, cavabdeh sözügedən torpaq sahəsini Dövlət Neft Şirkətinin kv.m-dən ibarət torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli imtinası əsassız və istifadəsinə verilmiş ərazi kimi təqdim etsə də, nəzərə alınmır ki, onun inzibati icraat haqqında qanunvericiliyə əsasən inzibati orqanların inzibati praktikasına etimad hüququ qanunla qorunur. Cavabdeh inzibati orqan nəzərə almır ki, bir hissəsi (400 kv.m) qanuni əsaslarla ona verilmiş torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsaslanır. Və həmin qərar nəinki etibarsız hesab edilməmiş, yaxud ləğv edilməmişdir, hətta ümumiyyətlə heç vaxt mübahisələndirilməmişdir. Başqa sözlə, onun bu qərardan irəli gələn etimad hüququ torpaq sahəsini aldığı vaxt 17 illik, hüquqlarının dövlət qeydiyyatından imtina edildiyi hazırkı vaxtda isə 20 illik böyük bir zamanla müdafiə olunur. İnzibati orqanın imtinasının bu əsası ərazinin faktiki vəziyyəti ilə də inkar olunur. Belə ki, ərazi bütünlüklə fərdi yaşayış evlərindən ibarətdir. Hətta onda olan məlumata əsasən, həmin ərazidə bələdiyyə qərarları əsasında verilmiş torpaq sahələri dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Qanunla müdafiə olunan etimad hüququ fikrincə, cavabdehin imtinasının digər əsaslarını da (torpağın Sulutəpə qəsəbəsində olması, dövlət mülkiyyətində olması) “zərərsizləşdirmək” üçün kifayət qədər ciddi hüquqi əsasdır. İmtinanın texniki xarakterli detallarına gəlincə (cizgidə dəqiq istinad, istinad məsafəsi və s.), bununla da razılaşmır və hesab edir ki, ilkin hüquqmüəyyənedici sənədlər və işin faktiki halları belə bir yanaşmanı istisna edir. Bundan əlavə, cavabdehin “digər cizgidə hüquq sahibi kimi digər şəxsin adının qeyd olunması” ilə bağlı mövqeyini də tamamilə əsassız yanaşma hesab edir. Çünki, torpaq sahələrinin fərqli sahələr olduğu cizgilərdən aydın şəkildə görünür. Bundan əlavə, hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005- ci il tarixli, 5/11 saylı qərarının arxiv arayışı və digər sənədlər məhkəmənin sorğusu əsasında əldə edilə bilər. Eyni zamanda, sənədlərdəki soyad fərqliliyi ilə bağlı (Qasımova - Nağıyeva) qeyd etmək istəyir ki, torpaq sahəsi üzrə hüquq sahibi Bəhriyyə Qurban qızının soyadının məlum bələdiyyə qərarı verilən vaxt Qasımova, sonralar isə Nağıyeva olması hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, soyadlar fərqli olsa da, bütün sənədlərdə (xx.xx.2022-ci il tarixli, AR-İİ№ 853822 nömrəli Etibarnamədə. xx.xx.2022-ci il tarixli Səlahiyyətli orqanlara ünvanlanmış Ərizədə), eyni bələdiyyənin eyni tarixli, eyni nömrəli qərarına (Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 5/11 saylı qərarına (hətta torpaq sahəsinin ölçüsü də eynidir)) istinad edilir. Qeyd edilən bu hal hüquq sahibinin müxtəlif vaxtlarda fərqli soyad daşımasına baxmayaraq eyni şəxs olduğunu təsdiq edir. Bundan əlavə, səlahiyyətlərin X2 adından İddiaçı ötürülməsinin qeyd edilməməsinə dair cavabdehin mövqeyinin əsassızlığı həmin sənədlərlə yaxından tanış olduqda bütün çılpaqlığı ilə ortaya çıxır. Başqa sözlə, həmin sənədlərlə 400 kv.m torpaq sahəsi ilə bağlı səlahiyyətlərin X2 adından İddiaçı ötürülməsi öz təsdiqini tapır. Beləliklə, həm yuxarıda qeyd edilənlərə əsasən, həm də sözügedən münasibətləri tənzimləyən qanunvericilik normalarının tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə hüquqlarımın dövlət qeydiyyatından imtina edilməsi əsassız və qanunsuz hesab edilməli və hazırkı iş üzrə cavabdehin üzərinə ona məxsus qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 400 kv.m-dən ibarət torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Qərardaddan narazı qalan iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Tərəflərin izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.
İŞİN HALLARİ:
8. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, No5/11 nörməli qərarı ilə, Xocasən bələdiyyəsinin ərazisi olan Xocasən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsi X1 uzunmüddətli icarəsinə verilmişdir.
9. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X5 Bakı ş. Binəqədi r. Xocasən qəsəbə bələdiyyəsinin 5/11 saylı xx.xx.2005-ci il tarixdə verilmiş qərarına əsasən Xocasən qəsəbəsi ərazisində ayrılmış 1.2 ha torpaq sahəsindən 400 kv.m torpaq sahəsini Kürdəmir r., Yenikənd kəndində qeydiyyatda olan İddiaçı adına keçirilməsini və sənədləşməsini xahiş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağı bildirilmişdir.
10. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin cavabdehin imtina məktubu ilə iddiaçının müraciətdəki tələbinin təmin edilməsindən imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
13. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
21. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır.
22. Adıçəkilən Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
23. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
25. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
27. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
28. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
29. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 5/11 nörməli qərarı ilə, Xocasən bələdiyyəsinin ərazisi olan Xocasən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsi X1 uzunmüddətli icarəsinə verilmişdir.
30. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X5 Bakı ş. Binəqədi r. Xocasən qəsəbə bələdiyyəsinin 5/11 saylı xx.xx.2005-ci il tarixdə verilmiş qərarına əsasən Xocasən qəsəbəsi ərazisində ayrılmış 1.2 ha torpaq sahəsindən 400 kv.m torpaq sahəsini Kürdəmir r., Yenikənd kəndində qeydiyyatda olan İddiaçı adına keçirilməsini və sənədləşməsini xahiş etmiş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağını bildirmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
32. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiyanın qənaətinə görə, notarial qaydada təsdiq edilmiş ərizə, hüquqmüəyyənedici sənəd hesab edilmir və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə X5 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmadığından sonuncu həmin əmlak barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququna malik deyildir.
34. Torpaq sahəsinə dair X2 adından çıxış edən X3 iddiaçıya etibarnamə verməsi ilə bağlı isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
36. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.