Məhkəmə qərarları › İş №2-1(103)-3452/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3452/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3452/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququ yarandığı vaxtdan etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.2000-cı il tarixədək əmək fəaliyyəti olmuşdur. xx.xx.2019-cu il tarixdən etibarən əmək müqaviləsi əsasında işləyir. Həmçinin o, 1977-ci ilin sentyabr ayında Azərbaycan SSR Dövlət Texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-cı il tarixdə məzun olmuşdur. Buna dair diplom vardır. İddiaçının əmək kitabçasına əsasən ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. O, 65 yaşı tamam olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığı əsas gətirərək ona yaşa görə əmək pensiyasını təyin etməkdən imtina edilmişdir. Daha sonra iddiaçı tərəfin “İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1,0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12,2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələrolduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqanda şübhə yaradan hal İddiaçı məxsus ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1994; xx.xx.2000-ci il qeydlərində yazıların möhür vurulduqdan sonra yazılmasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 4,1-ci bəndinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi əmək kitabçasındakı qeydlər möhürlə öz təsdiqini tapır. Belə ki möhürün yazılardan əvvəl vurulması əsassızdır və bu hal həmin qeydlərin mötəbərliyi şübhə altına salır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04,2022-ci il tarixli, 175 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən müəyyən olunur. Araşdırma zamanı İddiaçı məxsus əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ATSC-nin (“Bakı Nəqliyyat Ekspedisiya Qovşağı” müəssisəsi) arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin araşdırılması, o cümlədən sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq X1 Sığorta Alt Sistemindən əldə etdiyimiz məlumata əsasən “Transavto EKS" ASC hazırda ləğv prosesindədir və VÖEN alma tarixi xx.xx.2004-cü il tarixdir (çıxarış əlavə edilir). Belə olan halda İddiaçı xx.xx.1994-xx.xx.2000-ci il tarixlərdə sözügedən Cəmiyyətdə işləməsi faktının əsassız olduğuna dəlalət edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Dövr Kişilərin yaş həddi Qadınların yaş həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il Yuxarıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, 01 iyul 2022 - 30 iyun 2023-cü il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 11 ay təşkil etməsidir.Həmçinin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 8 ay sığorta stajına uyğun olaraq 12.739,03 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 2.933,41 manat olmaqla, ümumilikdə 15.672,44 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçanın surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqinin nəticəsinə əsasən əmək kitabçanın surətində qeyd olunmuş "xxxx" ATSC-nin (“Bakı Nəqliyyat Ekspedisiya Qovşağı” müəssisəsi) xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək olan arxiv sənədləri saxlanılmadığı üçün sözügedən müəssisədən əmək haqqı alıb- almadığını müəyyən etmək mümkün olmayıb. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçasıdır. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Həmçinin əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Göründüyü kimi əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1975-xx.xx.1977-ci il tarixləri arasında ölçücü (01 il 10 ay 21 gün); - xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında ödəyici (02 il 02 ay 08 gün); - xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasında avtoçilingər (01 il 04 ay 24 gün); - xx.xx.1983-xx.xx.1983-cü il tarixləri arasında təmirçi (06 ay 06 gün); - xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasında anbardar (08 ay 24 gün); - xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasında sürücü (07 ay 24 gün); - xx.xx.1985-xx.xx.1986-ci il tarixləri arasında çilingər (11 ay 19 gün); - xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasında fəhlə, avtoçilingər (04 ay 28 gün); - xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasında hidravlik qaldırıcısının sürücüsü (09 ay 07 gün); - xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasında yuyucu, çilingər (03 il 03 ay 25 gün); - xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasında dəmirçi (01 il 03 ay 11 gün); - xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasında sürücü (01 ay 21 gün); - xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasında sürücü (04 gün) - xx.xx.1994-xx.xx.2000-ci il tarixləri arasında sürücü-ekspeditor (05 il 11 ay 17 gün); - xx.xx.2019-hal-hazıradək sürücü (xx.xx.2022-ci il tarixədək 03 il 02 ay 29 gün) peşəsində işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı xx.xx.2022-ci il tarixədək 23 il 05 ay 22 gün təşkil edir Eyni zamanda iş materiallarına əlavə edilmiş: - НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmət dövrü 02 il 13 gün təşkil etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" ASCnin (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə 0106-P229-46114 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının qərarına əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azəravtonəqliyyat” Dövlət Konserninin Bakı X4 Birliyinin Bakı Ərazi X2 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 556 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində tam başa çatdırılmışdır. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Bakı X4 Birliyin mövcudluğu və iddiaçının həmin Birlikdə ("xxxx" ASC-də) işləməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi "xxxx" ASC ********** nömrəli VÖEN-lə xx.xx.2006-cı il tarixdə uçota alınana qədər “Azəravtonəqliyyat” Dövlət Konserninin Bakı X4 Birliyi kimi fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən əmək stajı, həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla 25 il 06 ay 04 gün təşkil edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən dəlil kimi göstərilən əmək kitabçasında qeydlərin mötəbər olmaması ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Göründüyü kimi hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrlərin iş stajının onun sığorta stajına daxil edilməsi iş materialları ilə də öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (23 il 05 ay 22 gün), həmçinin həqiqi hərbi xidmət dövrü (02 il 13 gün) nəzərə alınmaqla 25 ildən artıq (25 il 06 ay 04 gün) olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 ildən artıq sığorta stajı olduğundan üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar