Məhkəmə qərarları › İş №2-1(103)-3453/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3453/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3453/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı X3 nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış, plan və ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8010/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı bağ sahəsi üzərində İddiaçı2 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 272a/T saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Həmçinin onun həyat yoldaşı İrina Kirilova Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 272b/T saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Qeyd olunan torpaq sahələri 2005-ci ildən bu günədək (18 il) iddiaçıların mübahisəsiz istifadəsindədir. Müraciətə 272a/T nömrəli bağ sahəsinə dair İddiaçı2 ilə X5 və İstismarı Birliyi arasında bağlanmış 34665 nömrəli müqavilə, 272b/T nömrəli bağ sahəsinə dair İrina Kirilova ilə X2 və İstismarı Birliyi arasında bağlanmış 35563 nömrəli müqavilə əlavə edilmişdir. İddiaçı qeyd etmişdir ki, əlavə edilmiş müqavilələr səlahiyyətli şəxslər tərəfindən imza edilmişdir və möhür ilə təsdiqlənmişdir. Lakin cavabdeh Sergey Kirillovun mülkiyyət hüququnun qeydiyyatından imtina etmişdir. Belə ki, cavabdehin **********81 nömrəli, xx.xx.2023-cü il tarixli imtina barədə məktubun ikinci abzasında qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəli bağ sahəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Qərarın üçüncü abzasında “272a/T” saylı 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə Sergey Kirillovla 34665 nömrəli xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır, sonra razılığı əsasında həmin torpaq sahəsinin İddiaçı1 adına keçmişdir. Qalan 0.06 ha sahəyə dair onun adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilənin mövcudluğu qeyd edilsə də, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi bildirilmişdir. Həmçinin cavabdeh İrina Kirilovanın mülkiyyət hüququnun qeydiyyatından eyni məzmunlu **********70 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İddiaçı qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilməsi vətəndaşların öhdəliyi kimi, qeyd oluna bilməz. Kadastr məlumatlarında olan səhvlər 18 (on səkkiz) il torpaqdan istifadə və sahiblik edən iddiaçılara şamil edilməməlidir. İddiaçı hesab edir ki, cavabdehin mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, cavabdehin imtina qərarlarında göstərilən əsasən (elektron kadastr məlumatlarında bağ sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığı, həmçinin müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi) həmin maddənin məzmununda imtinaya səbəb olan əsas kimi öz əksini tapmır. Digər tərəfdən, cavabdehin imtina bildirişində göstərilən səbəbin əsaslı olduğunu fərz etsək belə, həmin səbəb iddiaçıların səhvi və ya günahı ucbatından meydana gəlmədiyindən onun nəticələrini iddiaçının üstünə yıxmaq qanunsuz və ən azından ədalətsizlikdir. Belə ki, iddiaçının istifadəsində olan bağ sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bağçılıq yoldaşlıq tərəfindən sənədləşdirilmiş və ona müvafiq sənədlər təqdim edilmişdir. Cavabdehin imtina bildirişində göstərilən səbəbləri araşdırmaq isə iddiaçının vəzifəsi deyil və ona həvalə edilə bilməz. Hüquqi əsaslar: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas sayılır. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272a/T saylı bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin inzibati orqana həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müraciəti zamanı elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəsinin iddiaçı tərəfindən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən “272a/T” saylı 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli 34665 saylı müqavilə bağlanmış, daha sonra X3 razılığı əsasında həmin torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı1 adına keçirilmişdir. Qalan 0.06 ha sahəyə dair X3 adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildiririk ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Həmçinin İddiaçı1 Viktoronva Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272b/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə müraciəti zamanı elektron kadastr məlumatlarına əsasən “272b/T” nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Sözügedən 0.06 ha sahəyə dair İddiaçı1 Viktoronvanın adına 09 avqust 2005-ci il tarixli 35563 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildirilir ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilində olmaqla, faktiki 2400 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8010/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müraciəti zamanı elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəsinin iddiaçı tərəfindən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən “272a/T” saylı 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli 34665 saylı müqavilə bağlanmış, daha sonra X3 razılığı əsasında həmin torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı1 adına keçirilmişdir. Qalan 0.06 sahəyə dair X3 adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildirilir ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Həmçinin İddiaçı1 Viktoronva Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272b/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə müraciəti zamanı elektron kadastr məlumatlarına asasan “272b/T” nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Sözügedən 0.06 ha sahəyə dair İddiaçı1 adına 09 avqust 2005-ci il tarixli 35563 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildirilir ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilində olmaqla, faktiki 2400 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa müvafiq məktub ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçılar subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçılar cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı2 arasında Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T saylı bağın istifadəyə verilməsinə dair 34665 saylı müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı1 arasında Birliyin xx.xx.2005-ci il tarixli 10 saylı Protokoluna əsasən Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T saylı bağın istifadəyə verilməsi barədə 35663 saylı müqavilə bağlanılmışdır. İddiaçılar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, göstərilən bağ sahələrinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan-ölçünün verilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina məktubunda, iddia ərizəsinə yazılı etirazında və apellyasiya şikayətində aşağıda qeyd olunan hallara istinad etmişdir: - X3 və İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı və 272b/T saylı bağ sahələri ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müraciətləri zamanı elektron kadastr məlumatlarına əsasən “272a/T” və 272b/T nömrələrinin iddiaçılar tərəfindən göstərilən əraziyə aidiyyətinin olmaması, 272 nömrəsi ilə başlayan bağ sahələrinin fərqli ərazidə yerləşməsi; -0.06 sahəyə dair X3 və 0.06 sahəyə dair İddiaçı1 adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilələrinin arxivdə mövcud olmasına baxmayaraq, səlahiyyətli şəxs tərəfindən imzalanmaması və möhürlə təsdiq edilməməsi; - Təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin idarənin arxivində aşkar edilməməsi. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək, iş materiallarına əlavə edilmiş sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçılar tərəfindən məhkəməyə və inzibati orqana təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi tərəfindən iddiaçı X6 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T saylı bağ sahəsinin verilməsinə dair xx.xx.2005-ci il tarixli, 34665 nömrəli Müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi tərəfindən İddiaçı1 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T saylı bağ sahəsi verilməsinə dair xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə (hər iki müqavilə) birlik tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Cavabdehin bazasında və ya arxivdə İddiaçı1 və X6 məxsus bağ sahələrinin ayrılmasına dair 0.6 ha-da dair müqavilələr Birlik və istifadəçi tərəfindən imzalanmamış, müvafiq qaydada təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin arxivində saxlanılan 0.6 ha torpaq sahələrinə dair hər iki müqavilələr müvafiq qaydada imzalanmadığı və təsdiq edilmədiyi üçün hüquq müəyyənedici sənəd hesab edilə bilməz və həmin müqavilələrin heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçı1 və iddiaçı X3 0.12 ha torpaq sahələrinin verilməsinə dair müqavilələri isə səlahiyyətli qurum tərəfindən möhür və imza ilə təsdiq edilmiş, istifadəçilər tərəfindən imzalanmış və hal hazırda qüvvədədir. Həmçinin, həmin müqavilələrin aid olduğu bağ sahələri iddiaçıların faktiki mübahisəsiz istifadəsindədir və həmin bağ sahələrinə dair hər hansı bir şəxsin müraciəti və iddiası yoxdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara məxsus bağ sahəsinin ayrılmasına dair qeyd edilən müqavilələrin qanunsuz olduğunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, İddiaçı1 məxsus müqavilənin cavabdehin arxivində olmaması iddiaçının iradəsindən asılı olmayan hal olduğundan onun təqsiri hesab edilə bilməz. Bundan əlavə apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi İdarə arxivində X8 və İddiaçı1 ayrı-ayrılıqda 0,12 ha torpaq sahəsindən 0,06 bağ sahəsinin ayrılması barədə ərizələrin olduğunu qeyd etsə də, bununla bağlı da Məhkəmə kollegiyası diqqətə çatdırır ki, bağ sahəsinə dair hüquqların qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində müvafiq icarə müqavilələri çıxış etdiyi və İdarə arxivində olan müvafiq müqavilələr imzasız və möhürsüz olduğuna görə öz-özlüyündə hüquqmüəyyənedici sənəd sayılmadığı halda həmin ərizələr heç bir hüquqi nəticə verə bilməz. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01- 93/23 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim edilən daş hasarın daxilində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirilmə zamanı müəyyən edildi ki, təqdim olunmuş X8 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sahəsinin ölçüsü 0,24 ha olmaqla Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi tərəfindən Pirşağı ərazisində həmin şəxslərə ayrılmış torpaq sahəsinin ümumi ölçüsü ilə eynilik təşkil edir və X8 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Mütəxəssis rəyindən görünür ki, iddiaçılar öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz Müqavilə əsasında onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahəsinə dair cizginin təsdiq edilməsini və çıxarışın verilməsinin tələb etməkdə haqlı olmuşdurlar. Həmçinin məhkəmə 272a/T və 272 b/T nömrəli bağ sahələrinin göstərilən əraziyə aidiyyətinin olmaması ilə bağlı qeyd edir ki, buna dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda hər hansı uyğunsuzluq olduğu halda bunu aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir. Belə ki, iddiaçıların tələbi müvafiq ərazidəki 0,24 ha torpaq sahəsinin ayrılmasına dair (0,12 ha+0,12 ha) ölçüdə bağ sahəsinin qeydiyyata alınması ilə bağlıdır, hansı ki, bağ icarə müqaviləsi ilə onlara ayrılmışdır. İddiaçılar tərəfindən təqdim olunmuş icarə müqavilələrnin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Belə ki, qanunvericilikdə hüquqların qeydiyyatından imtina əsaslarında müvafiq müqavilənin nüsxəsinin arxivdə saxlanılmadığı müəyyən edilməmişdir. Belə olan halda sözügedən müqavilə barədə arxivdə məlumatın olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluğun olması iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8010/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar