Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3453/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Arif qızının sədrliyi və məruzəsi ilə, X6 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, X10 Asəf qızının katibliyi, İddiaçı X9 Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarının ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3639/2025 saylı 29 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixli, Z00235644ZQP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibbi müəssisəsində tərtib olunmuş 88 saylı Formada qeyd olunmuş “F07.0- üzvi məşəli şəxsiyyət pozuntusu, baş beyin üzvi xəstəliyi (travma məşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranış pozuntuları ilə, Ağırlaşma: F07.8 - baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi məşəli şəxsiyyət dəyşikliyi, psixopatabənzər davranış pozuntuları ilə "diaqnoz ona 2 saylı X1 stasionar müalicəsi zamanı müəyyən edilmiş və 12 oktyabr 2022-ci il tarixli baş beyin MRT-müayinəsi ilə təsdiq olunmuşdur. Ambulator Tibb kitabçasında olan tibbi sənədlər və tibbi göndərişdə (forma-88) onda əsas olan üzvi mənşəli şəxsiyyət pozğunluğu göstərilmişdir ki, hansı ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bölməsində F.07.0-kodu altında əlilliyə əsas verir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Rasim Sarış oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixli, Z00235644ZQP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin əlilliyin müəyyən olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Z00235644ZQP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, funksional qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12- 14 dəfə), MMSE-24” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməPsixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1165 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal hazırda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilomalarla, anamnezində funksional qıcolma tutmaları” (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. a) Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), b) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, anamnezində funksional qıcolma tutmaları” (F07.0) müəyyən edilir. Sualın digər hissə şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Göründüyü kimi, iddiaçıya əvvəl təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş Z00235644ZQP nömrəli göndərişdə olan diaqnozlar eynilik təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi təkrar əlillikdir və uzun müddətdir ki həmin xəstəliklərdən əziyyyət çəkir. İddiaçıya 2017-ci il tarixdə əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə) MMSE-24 xəstəliyindən əziyyət çəkir Bu xəstəliyin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, gecələr qulağında səsdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə başından güllə yaralanması nəticəsində qıcolma tutmalarının yarandığını, gecələr qulağındakı səslərin sanki onu çağırdığını, tutmalarının ilk başlanğıcda ayda 2-3 dəfə olduğunu, lakin son zamanlar 15 dəfə olduğunu, sonuncu tutmasının 2 gün əvvəl baş verdiyini, yaxınlarının ona dərman verməsi nəticəsində ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Sinarizin” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın bildirdiyinə görə əvvəl başqa dərman qəbul etdiyini, son bir ildir (EEQ dalğalarının nəticəsinə əsasən deyil) qan analizlərinə əsasən yeni dərman təyin olunduğunu, psixiatrik xəstəxanalara müraciət səbəbini qıcolma tutmalarının olması kimi izah etmişdir. Bildirdiyi anamnestik məlumatlara əsasən tutmalarının sayının artmasına baxmayaraq iddiaçı heç bir travma alması barədə məlumat verməmiş, təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamışdır. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən patologiya aşkarlanmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmişdir”. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi barədə dəlili də əsassızıdır. İş materiallarında iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməsi həmçinin ekspert rəyi ilə də sübut olunur. Məhkəmə qeyd edir ki, iddiaçıda Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə) MMSE-24 olması da iş materiallarında olan tibbi sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayətində göstərilmişdir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarının olmasından, yaddaşsızlıqdan şikayətlənmişdir. Anamnezində ayda 5- 6 dəfə baş verən qıcolma tutmaları olduğunu söyləsə də, təqdim etdiyi sənəddə 14-15 dəfə tutma olduğu qeyd edilmişdir. Medikamentoz preparatlardan Fillepsin 500 mg qəbul etdiyini söyləmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən koqnitiv gerilik, yaddaş pozuntusu aşkar edilməmişdir. Təqdim edilmiş EEQ dalğaları qıcolma tutmalarını təsdiqləməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, gecələr qulağında səsdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə başından güllə yaralanması nəticəsində qıcolma tutmalarının yarandığını, gecələr qulağındakı səslərin sanki onu çağırdığını, tutmalarının ilk başlanğıcda ayda 2-3 dəfə olduğunu, lakin son zamanlar 15 dəfə olduğunu, sonuncu tutmasının 2 gün əvvəl baş verdiyini, yaxınlarının ona dərman verməsi nəticəsində ayıldığını bildirmiş, medikamentoz preparatlardan “Sinarizin” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın bildirdiyinə görə əvvəl başqa dərman qəbul etdiyini, son bir ildir (EEQ dalğalarının nəticəsinə əsasən deyil) qan analizlərinə əsasən yeni dərman təyin olunduğunu, psixiatrik xəstəxanalara müraciət səbəbini qıcolma tutmalarının olması kimi izah etmişdir. Bildirdiyi anamnestik məlumatlara əsasən tutmalarının sayının artmasına baxmayaraq vətəndaş heç birtravma alması barədə məlumat verməmiş, təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamışdır. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən patologiya aşkarlanmamış, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmişdir.Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 10325 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ Müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış və yaddaş zəifliyi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.2 saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə (funksional) qıcolma tutmaları və yaddaşın enməsi ilə (ayda 12-14 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.2 saylı X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Alın, mərkəz və gicgah paylarının hiperventilyasiya zamanı aşkarlanan paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “İzlənilən kranial struturlarının radioloji anatomik. Görünüşlü normaldı” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
IV. Tərəflərin izahatları:
7. İddiaçı apellyasiya şikayətini təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə
V. Tətbiq olunan hüquq
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 6.7. Epilepsiya - G40 6.7.3 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasından: 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
VI. Məhkəmənin mövqeyi
11. Məhkəmə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qənəati ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı barədə tərtib edilmiş sonuncu tibbi göndərişdə də status localis qrafasında psixi vəziyyəti aşağıdakı kimi əks olunmuşdur: “Zahirən daxili gərginlik nəzərə çarpır. Ünsiyyətə həvəssiz daxil olur. Təfəkkürü və nitqi ləngdir. Suallara qısa, ləng cavab verir. Müayinə zamanı bildirir ki, ayda 12-14 dəfə qıcolma tutması müşahidə edilir. Gecələr narahat yatır, yaddaşı zəifdir. Bir yerə gedəndə kağıza yazır. Tez-tez əsəbi olur və bu zaman kiməsə vurmasa hirsi soyumur. Qıcolma tutmalarını düzgün təsvir edir. Əvvəlcədən beynində uğultu səsi yaranır. Sonra nə olduğunu bilmir, ayılanda nə baş verdiyini dərk etmir. Xeyli halsız, yuxulu olur. Yaddaşı zəifdir. Əhval ruhiyyəsi qeyri-stabildir. Emosional dəyişkəndir. Şöbədə 9 dəfə qıcolması oldu”.
12. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi 2 saylı X4 elektroensefaloqrafiya müayinəsinin nəticələrinə əsasən diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda ənsə paylarının sol yarımkürənin ifadəsi ilə hiperventilyasiya zamanı artan epileptik aktivliyi müəyyən olunmuşdur. Yəni apellyasiya şikayətinin dəlilləri apellyasiya baxışı zamanı araşdırılmış, elektroensefaloqrafiya müayinəsinin nəticəsi iddiaçının təqdim etdiyi instrumental müayinənin nəticəsi ilə də klinik olaraq öz təsdiqini tapmışdır.
13. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
14. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
15. Göründüyü kimi, bu iddia vasitəsilə iddiaçının hüquqi marağı həm qiymətləndirmənin nəticələrinin ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
16. Odur ki, məhkəmənin hazırki iş üzrə əlilliyin müəyyən edilməsinə dair qərarın qəbulu vəzifəsinin qoyulması faktiki olaraq əlilliyin təyin olunmasından imtinaya dair iddiaçıya münasibətdə əlverişsiz olan əlilliyin təyin olunmasından imtinaya dair xx.xx.2024-cü il tarixli inzibati aktın nəticələrini aradan qaldırır və onu əvəz edir.
17. Apellyasiya şikayəti diaqnozun klinik olaraq öz təsdiqini tapmaması ilə əsaslandırılmışdır.
18. Məhkəmə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qənəati ilə (həmin əsaslandırmanı təkrarlamadan) razılaşır və qeyd edir ki, iddiaçının diaqnozu iş materiallarında olan sübutlarla, yəni ekspert rəyi, iddiaçının 2 nömrəli X5, Binəqədi Tİbb Mərkəzi, Bakı Psixi Sağlamlıq Mərkəzində və s. ambulator, stasionar müailəcələri, klinik müayinəsinin nəticəsi (Beyin MRT, Elektroensefaloqrafiya müayinəsinin), eləcə də əvvəlki əlillik keçmişi ilə (2017-2022-ci illərdə epilepsiya xəstəliyi ilə əlaqədar əlillik təynatı aparılmışdır) məcmu halda qiymət verilməklə təsdiqini tapır. Odur ki, cavabdehin diaqnozun klinik olaraq təsdiqini tapmamasına dair dəlili işin hallarına uyğun deyildir.
19. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının əsas diaqnozundan əlavə olaraq tibbi göndərişdə qeyd edilən yanakı xəstəlik də (G40-Epilepsiya) əlillik təyin edir və həmin xəstəlik məhkəməyə təqdim instrumental müayinə nəticələri ilə təsdiqini tapmışdır. Odur ki, məhkəmə qərarının icrası zamanı qeyd edilən xəstəliklər cavabdeh tərəfindən (birlikdə) nəzərə alınmalıdır.
20. Məhkəmə birinci instansiya məhkəməsinin iddiaçının əlilliyin orqanizmin funksiyaların pozulması faizi və əlilliyin təyin edilmə müddəti ilə bağlı qənaətinə münasibət bildirərək razılaşır ki, iddiaçıda mövcud olan əsas diaqnozun, ağırlaşmasının və yanakı xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və tibbi göndərişdə əlillik təyin edən diaqnozların hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh müəyyən etməlidir. Bu zaman cavabdeh iddiaçının əlillik təyin edən xəstəliklərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.11-ci bəndinin tələblərinə uyğun olaraq qiymət verməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, əlliyin təyinindən iddiaçının qiymətləndirildiyi xx.xx.2024cü il tarixdən imtina qanunsuz hesab edilməlidir.
22. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli Z00235644ZQP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin müəyyən olunması 10 iş günü müddətində aparılmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən cavabdeh orqan 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul etməli, əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilməsi nəzərdə tutulmuşdur. İşin hallarından isə görünür ki, əlillik xx.xx.2024-cü il tarixli göndəriş əsasında (10 iş günündən artıq müddətdə) xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, bu zaman müddətin uzadılması üçün TSEK tərəfindən Agentliyə hər hansı müraciət olunmamışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3639/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin “göndərişin verildiyi 10 iş günü müddətində” müəyyən olunması öhdəliyi nəzərə alınmaqla dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov