Məhkəmə qərarları › İş №2-1(103)-3455/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3455/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3455/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” » tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 mart 2023-cü il tarixli, **********169068 nömrəli Qərarının 459462,83 manat əlavə hesablanmış vergi və tətbiq edilmiş 282421,61 manat maliyyə sanksiyası hissələrində (yəni: əlavə olaraq 372960,36 manat mənfəət vergisinin hesablanması, həmin məbləğə 186480,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi; əlavə olaraq 83531,33 manat ƏDV hesablanması, həmin məbləğə 93802,30 manat maliyyə sanksiyasının hesablanması; 2971,14 manat əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanması, həmin vergi məbləğinə 1 485,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi və ƏDV məbləğinin ödənilməməsinə görə 653,54 manat maliyyə sanksiyası tətbiq edilməsi hissələrində) ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169068 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd olunur ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etdiyi tarixdən əvvəlki dövrü əhatə etməsi vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edilə bilməz. Məhkəmənin bu mövqe ilə razılaşmayaraq qeyd edilir ki, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Bir başqa ifadə ilə, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və məsuliyyət qərarının qəbul olunduğu dövrdə qüvvədə olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Məhkəmə qərarında mütəxəssisin məhkəmədə iştirakı və rəyin əsaslandırılması üçün ağlabatan vaxt verildiyini qeyd edilmiş, lakin mütəxəssisin ezamiyyətdə olması nəzərə alınmadan onun ifadələri alınmadan iş üzrə əhəmiyyətli olan xüsuslar araşdırılmadan xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və həmin gündə iddia təmin edilmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə araşdırma aparmadan mütəxəssis rəyini əsasız hesab etmişdir. Məhkəmə qərarında vergi orqanı hüquqlarından istifadə edərkən nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borclu olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Yuxarda qeyd olunan maddələrin tələblərindən də göründüyü kimi cavabdeh orqana qanunvericilikdə müəyyən edilmiş qaydada hüquqlarından istifadədə açıqlama öhdəliyi qeyd olunmamış lakin vergi ödəyicisinin uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borclu olduğu qeyd olunmuşdur. Bundan başqa məhkəmə qərarında cavabdeh tərəfindən mütanasiblik prinsiplərinin tələblərinə əməl olanumadığı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmadığı qeyd olunmuş lakin məhkəmənin verginin qeyd edilən mütanasiblik prinsiplərindən istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Belə ki, mənfəət vergisinin hesablanması üçün yuxarıda qeyd edildiyi kimi konkret olaraq əlaqəli məlumatlardan istifadə edilmiş və həmin əlaqəli məlumatların hüquqi əsasları konkret olaraq qeyd edildmişdir. Bundan başqa Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin araşdırması nəzərə alınmamış və qərarda münasibət bildirilməmiş onun yerinə mütanasiblik prinsipləri əsas gətirilmişdir. Məhkəmə qərarında qeyd olunmuş ki, 2018-2019-cu illər üzrə ƏDV hesablaması en azından 2020-2021-ci illər üzrə hesablanan ƏDV məbləği ilə əvəzləşdirilməli olduğunu halda əvəzləşdirilməmişdir. Lakin, məhkəmə iddiaçının şəxsi hesab vərəqəsi üzrə müvafiq ƏDV aylar üzrə azalmaların və hasablamaların aparıldığını və iddiaçının təqdim etdiyi illər üzrə mal qalığları barədə arayışlar nəzərə alınmamışdır. Məhkəmə ÖMV hesablama ilə bağlı belə qənatə gəlmişdir ki, cavabdeh mənfəətin olduğu ehtimallara əsaslanmışdır. Lakin, məhkəmənin ÖMV hesablamasına yanaşması anlışılan deyildir. Belə ki,Vergi Məcəlləsinin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ÖMV hesablamasında mənfəətin əldə edilməsi əsas götürülməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi mənfəət vergi bəyannamələrindən də göründüyü kimi, onun vergi tutulan dövriyyəsi olmuş və həmin məbləğdən vergi hesablanmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəf şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-də səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018 -oktyabr - 2021) təyin edilmişdir. Vergi Məcəlləsinin: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda da qeyd edildiyi kimi, həmin qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə mindiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2018-2019-cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. 2020 və 2021-ci illər üzrə əlavə hesablanmış ƏDV-yə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2020-ci il üzrə əlavə hesablanmış (16770,02 manat) və 2021-ci il üzrə əlavə hesablanmış (36140,54 manat) əlavə dəyər vergisi məbləğləri ilə əlavə araşdırma aparılmadan ən azı əvəzləşdirilməli idi. Belə ki, qeyd edilən dövrlərdə (2018-2019-cu illər) vergi ödəyicisi tərəfindən artıq hesablama vergi orqanı tərəfindən 2020-2021-ci illərdə müəyyən edilmiş əlavə hesablamadan 40.130,88 manat çoxdur (93041,44 manat - 16770,02 manat - 36140,54 manat). Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, yuxarıda qeyd edildiyi kimi, yoxlama müddəti 2018 və 2019-cu illəri əhatə etməli olmadığından, bu səbəbdən də 2018 və 2019-cu illər üzrə vergi yükü müəyyən edilə bilməzdi və vergi ödəyicisi tərəfindən 2018-ci ildə 21774,33 manat, 2019-cu ildə 71267,11 manat (həmin illər üzrə cəmi 93041,44 manat) artıq əlavə dəyər vergisi hesablandığından birinci instansiya haqlı olaraq 2020 və 2021-ci illərdə hesablanan məbləğlər ilə əvəzləşməli olduğu qənaətinə gəlmişdir. Kollegiya cavabdeh tərəfindən mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibət bildirərək bildirir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Kollegiya qeyd edir ki, cavabdeh əlavə vergilərin hesablanması zamanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqini zəruri edən halları qeyd etməmiş, həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Lakin cavabdeh tərəfindən VM-in 67ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Digər tərəfdən Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarda qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablama xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmış, mütəxəssis rəyində yoxlanılan dövr üzrə görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsinə baxmayaraq, yoxlama aktında həmin məlumatlardan istifadə olunaraq hesablama aparılmamış və ya əsası göstərilməmişdir. Ümumiyyətlə, hesablamanın əsasında duran mütəxəssis rəyi hər hansı şəkildə əsaslandırılmamışdır. Mütəxəssis rəyində mal-material sərfiyyatının müəyyən edilmə mexanizmi açıqlanmamışdır. Bir sözlə mütəxəssis tərəfindən rəy formal olaraq tərtib edilmiş, hər hansı əsaslandırma qeyd edilməmişdir. Apellyasiya şikayətindən və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin mütəxəssisin gəlməsi üçün ağlabatan müddət təyin etmədiyini hesab edir. Bunu onunla əsaslandırır ki, mütəxəssis ezamiyyətdə olmuşdur. Cavabdehin qeyd edilən dəlili ilə razılaşmayan Kollegiya ilk növbədə bildirir ki, mütəxəssisin ezamiyyətdə olması ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iclasında Kollegiya tərəfindən cavabdehin nümayəndəsinə mütəxəssisin gəlməsi təklif olunsada, növbəti iclas zamanı da, mütəxəssisin iştirakı cavabdeh tərəfindən təmin olunmamışdır. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin xüsusiyyətləri sadalanmışdır. Həmçinin həmin Məcəllənin 104.1-ci maddəsində qeyd edilmişdir ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Lakin cavabdeh iddiaçının mənfəətini müəyyən etməmiş, şəxsin təsisçisi olduğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmədiyini, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividentdən ödəmə mənbəyində vergi ödəməli olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən yol verilən prosessual pozuntular (yoxlamanın uzun müddət əsassız dayandırılması, qərara və reyestrə əsasən yoxlamanın X1 tapşırılması, lakin faktiki olaraq başqa şəxs tərəfindən həyata keçirilməsi və s..) ətraflı şəkildə birinci instansiya məhkəməsinin qərarında qeyd edildiyindən və Kollegiya tərəfindən məhkəmənin mövqeyi əsaslı hesab edildiyindən həmin pozuntuların təkrarən qeyd edilməsinə zərurət görülmür. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi e-2-1(112)-8192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar