Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3457/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qarajın tikintisi üçün ayrılmış sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(112)-799/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün mərhum X5 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 saylı sərəncamı əsasında X1 ayrılmışdır. Qarajın mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası əsassızdır. Belə ki, sözügedən qaraj fasiləsiz olaraq onun istifadəsindədir və həmin qaraj ayrılarkən plancizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılan dövrdə sözügedən sahəni əks etdirən cizgi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Ötən illərə dair, o cümlədən 1994-cü illər də daxil olmaqla Rayon İcra Hakimiyyətinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(112)-799/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün X5 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri, o cümlədən qaraj üçün sahələr ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair cizgilər (plan sxemin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. Sözügedən qarajın 1994-cü ildə mərhum X5 ayrılması və hazırkı dövrə kimi İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 25 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RlH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda, şübhə yaradan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarxli, 1094 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmaması və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-799/2023 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı tələbi Suraxanı RİH-nin 23 iyun 1994-cü il tarixli 1094 saylı sərəncamı ilə onun atası – mərhum X5 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən qaraj sahəsinə dair yerləşmə cizginin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdeh Suraxanı RİH-yə həvalə edilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən iddiaya etirazın əsası kimi göstərilmiş əsasların heç birini müəyyən etməmiş və beləliklə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçı hazırda Nizami Əliyevin vərəsəsi kimi onun atasına qaraj tikintisi üçün ayrılmış sahənin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir. Kollektiv qarajın tikintisi üçün ümumi torpaq sahəsinin cizgisi tərtib edilsə də, Nizami Əliyevə qaraj tkintisi üçün ayrılmış sahənin cizgisi tərtib edilməmişdir. İddiaçı hazırda həmin cizginin, daha doğursu, artıq tərtib edilmiş cizginin “dublikat”ının verilməsini xahiş edir. Cavabdeh isə bütün sənədlərin arxivə təhvil verildiyini iddia edərək iddiaçının ərizəsini təmin etməkdən imtina edir. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamından çıxarışdan görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli kol-112 nömrəli məktubu nəzərə alınaraq, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İşdə olan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllənin sakinlərindən bir qrupu müraciət edərək, kollektiv qaraj tikintisinə icazə verilməsini xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində kollektiv qarajların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunanlar nəzərə alınaraq Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomaşınların saxlanması üçün qarajların tikintisinə icazə verilmişdir:
12. X6 – VAZ-2107, dövlət nömrəsi K0060 AZ, ünvan Qaraçıxır qəsəbəsi, 4042-60 məhəllə, ev 5, mənzil 30. Sərəncamın 2-ci hissəsinə əsasən hər bir fərdi qarajın ölçüləri 6mx4m metr təyin edilmişdir. Həmin sərəncama 94/334 nömrəli, 22 iyul 1994-cü il tarixli akt və sözügedən ümumi sahəni əks etdirən cizgi əlavə edilmişdir. AZ-İ № 457013 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011ci il tarixdə ölmüşdür. Bakı şəhəri 13 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 15 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vəfat etməsi ilə əlaqədar vərəsələrinin ərizəsi əsasında miras qalmış əmlaka şəhadətnamə verilməsi üçün vərəsəlik işi açılmış və mərhumun vərəsələrindən biri oğlu İddiaçı müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən qaraja dair mərhum X4 adına hüquqmüəyyənedici sənədlərin, o cümlədən reyestrdən çıxarışın, texniki pasportun, kadastr planının mərhumun vərəsələrindən biri olan oğlu İddiaçı verilməsi xahiş olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılması və torpaq sahəsinə cizginin (planı və ölçü sxeminin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilməsi, həmçinin sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı iddiaçının 23 il ötdükdən sonra RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələrin yaratması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində kollektiv qarajların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. X5 qaraj sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilmişdir. İddiaçı hal hazırda həmin plan cizginin dublikatının verilməsini xahiş edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nın (surətinin) təqdim edilməsi vəzifəsi daşımışdır, deməli, iddiaçı hazırkı tələbində haqlıdır. Həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Digər tərəfdən, cavadeh həmin sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini iddia etsə də, birinci instansiya məhkəməsinin məhkəmə sorğusuna əsasən həmin qurum xx.xx.2022-ci il tarixli məktubunda cavabdehin qəbul etdiyi xx.xx.1994-cü il tarixli 1094 saylı sərəncama akt və cizginin əlavə edilmədiyini bildirmişdir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. -10-cu maddəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. - 72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. - 75-ci maddəsinə əsasən fərdi qarajların tikintisi və fərdi əmək fəaliyyətinə; lazım olan tikililərin inşası üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların xüsusi mülkiyyətinə verilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Həmin Məcəlləyə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsinin həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. İstinad olunan normalardan görünür ki, mübahisəli qarajın tikinisi üçün icazə verilərkən ayrılmış torpaq sahəsinə dair torpaqayırma akı da tərtib edilməli idi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı RİHnin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə X5 qaraj tikintisi üçün Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində 6mx4m metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(112)-799/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə