Məhkəmə qərarları › İş №2-1(103)-3459/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3459/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3459/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarların ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, İddiaçı küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.2000-ci ildən etibarən “X9" şirkətində təlimatçı bort operator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» AR Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsinin inzibati icraatda mövqeyi dinlənilmiş lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən "xxxx" QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC- də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma apardığınız şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X9 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. Təmsil etdiyi şəxs tərəfindən həmin Agnetliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA nın eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. İşin birinci instansiya icraatı zamanı məhkəmə iclasında iddiaçı tərəfin “cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərarının və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli Qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuştəlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3- cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X6 rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.1993- xx.xx.2007-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2007-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzə əsasında inzibati icraata başlanıldı. Daha sonra iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlandı. Bununla əlaqədar olaraq, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə 27 dekabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda oldular. Qəbul zamanı, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpas məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxanda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanıldı, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olundu.Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında tərəfimizdən qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 224562,95 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərarı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli Qərarı ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli , Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022- ci il tarixli **********8 nömrəli xidməti məruzə əsasında inzibati icraata başlanılmışdır. İnzibati icraatın gedişində iddiaçı vəkili ilə birlikdə 27 dekabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olmuş, qəbul zamanı, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3- cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanıldı, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur. Daha sonra cavabdeh tərəfindən “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı həmin qərarların əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmaması təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları İşin birinci instansiya icraatı zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 14 iyul tarixli 204 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası “Mülki aviasiya haqqında beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Dövlətimizin İCAO-nun üzvü olduğunu rəhbər tutaraq, bu təşkilatın mülki aviasiya sahəsi ilə bağlı tələblərinə tərəfimizdən riayət edilməsi zəruridir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 23.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7,1 - "Təyyarənin uçuş ekipaj"). “İl-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”ı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı"nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir.” Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində bir sıra funksiyaları yerinə yetirir. Göründüyü kimi bort operatoru vəzifəsi hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən ("xxxx" MMC) hava gəmisinin ekipajı (uçuş heyəti) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.16-cı bəndinə əsasən şəxsin mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlədiyi müddət – bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, işəgötürənin forması bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən olunan arayışın təqdim edilməsi tələb olunur Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" Aviaşirkətində, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" X8 Aviaşirkətində bort operator vəzifəsində işləmişdir. Beləliklə iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 11 ay 7 gün bort operator vəzifəsində işlədiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hava gəmisinin bort operatoru uçuş heyətinin üzvü kimi bir sıra funksiyaları yerinə yetirməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının bort operatoru kimi işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmiş, pensiya məbləğinin artıq ödənilməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini sübuta yetirə bilməmişdir. Həmçinin, hava gəmisinin bort operatoru uçuş heyətinin üzvü kimi bir sıra funksiyaları yerinə yetirməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, Fondun Sabunçu rayon şöbəsi tərəfindən iddiaçının bort operatoru vəzifəsində işlədiyi xx.xx.1993-xx.xx.2007-ci il tarixləri arasındakı müddət düzgün olaraq onun güzəştli iş stajına hesablanaraq ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar