Məhkəmə qərarları › İş №2-1(103)-346/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-346/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-346/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Həsənov Tayir Behbud oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əmlakın özəlləşdirilməsi və çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2061/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2-ci Tağıyev dayanacağının yanında yerləşən 1 otaqdan ibarət sahəsi 13 kv.m olan qeyriyaşayış sahəsinin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2061/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Həsənov Tayir Behbud oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddia tələbi yetərincə əsaslandırılmış və əmlak üzərində iddiaçının hüquqlarını təsdiq edən sənədlərlə birlikdə məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2-ci Tağıyev dayanacağının yanında yerləşən 1 otaqdan ibarət sahəsi 13 kv m olan qeyri- yaşayış sahəsi ilə bağlı hər hansı bir hüquqlarının olmasını təsdiq edən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilən hüquqmüəyyənedici sənədlərə malik deyildir. Belə ki, hər hansı bir qeyri-yaşayış sahəsinin və ya torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə sənəd mövcud deyil. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən və üzərində hüquqların qeydiyyata alınması barədə çıxarışın verilməsi tələb olunan əmlak üzərində iddiaçının icarə hüququndan başqa hər hansı bir hüquqları olmadığı və icarə münasibətləri icarədə olan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi üçün əsas olmadığına görə, yalnız əmlakın özəlləşdirilməsi zamanı digər şəxslərə nisbətən üstünlük hüququ verdiyinə görə cavabdeh tərəfindən iddiaçının iddia ərizəsində göstərilən əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmaması ilə iddiaçının hər hansı bir hüquqlarının pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq subyektiv hüququ mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin xüsusi mülkiyyətə verilməsi barədə səlahiyyətlərini düzgün şərh etməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir, 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 15.1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, həmin Qanunun 8-ci maddəsinin 8.1ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.28-ci bəndinə əsasən dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aiddir. Göründüyü kimi mənzil fondunun obyektləri istisna edilməklə dövlət əmlakının özəlləşdirilməsi səlahiyyəti cavabdehə deyil, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur və belə olan halda cavabdeh iddiaçının iddia tələbinin əmlakın özəlləşdirilməsi hissəsinə cavab verən inzibati orqan deyildir. Bundan başqa, işdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 260 №li, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Zığ şossesi, Nargilə kafesi ilə üzbəüz və 2-ci Tağıyev avtobus dayanacağında sərnişin nəqliyyat dayanacaqlarının orta boş hissələri əhaliyə məişət xidməti göstəriməsi üçün icarəyə verilmişdir. İddiaçıya hər hansı bir qeyri-yaşayış sahəsi və ya torpaq sahəsi iddiaçının istifadəsinə verilməmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2-ci Tağıyev dayanacağının yanında yerləşən 1 otaqdan ibarət sahəsi 13 kv m olan qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı bir hüquqlarının olmasını təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilən hüquqmüəyyənedici sənədlərə malik deyildir. Belə ki, hər hansı bir qeyri-yaşayış sahəsinin və ya torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə sənəd mövcud deyil. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən və üzərində hüquqların qeydiyyata alınması barədə çıxarışın verilməsi tələb olunan əmlak üzərində iddiaçının icarə hüququndan başqa hər hansı bir hüquqları olmadığı və icarə münasibətləri icarədə olan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi üçün əsas olmadığına görə, yalnız əmlakın özəlləşdirilməsi zamanı digər şəxslərə nisbətən üstünlük hüququ verdiyinə görə cavabdeh tərəfindən iddiaçının iddia ərizəsində göstərilən əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmaması ilə iddiaçının hər hansı bir hüquqlarının pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2061/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar