Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-346/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi, əmək pensiyasından tutulmaların aparılmasının qadağan edilməsi və tutulmuş vəsaitin geri ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5443/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 09-4287 saylı “Əmək pensiyasının təyin edilməsinə dair Bildirişi” ilə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması” haqqında 05 may 2021-ci il tarixli, **********6 №-li qərarın ləğv edilməsi, əmək pensiyasından tutulmaların aparılmasının qadağan edilməsi və əmək pensiyasından tutulmuş vəsaitin geri ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 22 noyabr 1960-cı il tarixindən aktiv əmək fəaliyyətinə başlamış. xx.xx.1973-cü il tarixindən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya məbləği müxtəlif vaxtlarda fərqli olmuş və 2019-cu ilin oktyabr ayından etibarən isə 1323,77 manat məbləğində müəyyən edilmişdir. Lakin 2021-ci ilin yanvar ayından hazırki günə qədər istifadəsində olan pensiya kartına 988,47 manat məbləğində pensiya məbləği köçürülməyə başlanmışdır. Pensiya məbləğinin az köçürülməsindən sonra xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində cavabdehə müraciət etmiş, ərizələrə cavab olaraq cavabdehin 01 mart 2021-ci il tarixli **********0 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək 830,05 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək 1855,89 manat, xx.xx.2008- ci il tarixindən xx.xx.2013-cü il tarixinədək 8 446,10 manat, xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək 8322,69 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cü il tarixləri arasındakı dövr üçün 3 433,32 manat, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 5364,64 manat məbləğində ümumilikdə 28252,69 manat məbləğində ona artıq pul vəsaiti ödənildiyindən, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılması məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını təqdim etməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək razılıq ərizəsinin verilməsinin qanunsuz olduğunu, pensiya məbləğinin azaldılmış hissəsinin bərpa edilərək 1323,77 manat məbləğində müəyyənləşdirilməsini və 3 ay ərzində azaldılaraq kəsilmiş 1005,87 manat məbləğində pul vəsatinin hesabına geri qaytarılmasını xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********6 məktubu ilə 01 mart 2021-ci il tarixli **********0 saylı məktubda göstərilmiş formada cavab məktubu verilmiş və yenidən razılıq ərizəsinin verilməsi qeyd edilmişdir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddia tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı sonuncu dəfə 17 dekabr 2021-ci il tarixdə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət edərək, ona əskik ödənilmiş pul vəsaitinin bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Aparılmış inzibati icraat tədbirləri nəticəsində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdən görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 yanvar 2006-ci il tarixində vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 275,52 manat, qulluq stajına görə vəzifə maaşının 9.50 faizi miqdarında əlavəsi - 26,17 manat olmaqla orta aylıq əmək haqqı 301,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007- ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinin 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (301,69 manat) 80 faizi - 241,36 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 305,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 830,05 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 346,55 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi - 32,92 manat olmaqla orta aylıq əmək haqqı 379,47 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (379,47 manat) 80 faizi - 303,58 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 412,75 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1855,89 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 533,23 manat, qulluq stajına görə vəzifə maaşının 9.50 faizi miqdarında əlavəsi - 50,66 manat olmaqla orta aylıq əmək haqqı 583,89 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınının (583,89 manat) 80 faizi - 467,11 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 597,05 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 8446,10 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının 732,83 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi - 69,62 manat olmaqla orta aylıq əmək haqqı 802,45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (802,45 manat) 80 faizi-641,96 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 805,15 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 8322,69 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən iddiaçının əmək pensiyası 988,48 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5443/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması” haqqında 05 may 2021-ci il tarixli, **********6 saylı qərarının ləğv edilməsi, İddiaçı əmək pensiyasından tutulmaların aparılması qadağan edilərək tutulmuş vəsaitin geri ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarından görünür ki, iddiaçıdan xx.xx.2006- xx.xx.2020-ci il tarixləri arasındakı müddət ərzində 28252,69 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməlidir. İddiaçının pensiya işindən görünür ki, ona Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmiş, sonra müvafiq sərəncamlarla artırılmışdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********0 saylı, xx.xx.2021-ci il tarixli **********6 saylı eyniməzmunlu məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Ərizələrinizə baxaraq bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinizə aid sənədlərdə sizə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2006-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 275,52 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz- 26,17 manat olmaqla orta aylıq əmək haqqınız 301,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (301,69 manat) 80 faizi-241,36 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 305,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 830,05 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-cı ıl tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 346,55 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz - 32,92 manat olmaqla orta aylıq əmək haqqınız 379,47 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (379,47 manat) 80 faizi-303,58 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2007- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 412,75 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 1855,89 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 533,23 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz-50,66 manat olmaqla orta aylıq əmək haqqınız 583,89 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (583,89 manat) 80 faizi- 467,11 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində sizə hər ay 597,05 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 8446,10 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 732,83 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz-69,62 manat olmaqla orta aylıq əmək haqqınız 802,45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (802,45 manat) 80 faizi-641,96 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 805,15 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 8322,69 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 5 ay 6 gün qulluq stajınıza görə əmək pensiyanızın müəyyən edilməsi üçün orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 807,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz-76,67 manat olmaqla orta aylıq əmək haqqınız 883,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınız (802,45 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (883,67 manat) arasındakı fərq məbləğinin (81,22 manat) 66,25 faizi-53,81 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (641,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 695,77 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-31.08 2019-cu il tarixləri arasındakı dövr ərzində sizə hər ay 886,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 3433,32 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 1210,50 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəniz-115,00 manat olmaqla orta aylıq əmək haqqınız 1325,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ıl 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınız (883,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (1325,50 manat) arasındakı fərq məbləğinin (441,83 manat) 66,25 faizi-292,71 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (695,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 988,48 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-31.12 2020-cı ıl tarixləri arasındakı dövr ərzində sizə hər ay 1323,77 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 5364,64 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2006- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 28252,69 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 28252,69 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən əmək pensiyanız 988,48 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İddiaçının belə bir razılığının olmaması onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı ilə də təsdiqlənmişdir. “İnzibati İcraat Haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırki işdə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə araşdırılması zamanı, cavabdeh “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması” haqqında qərarı qəbul edərkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5443/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-346/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-346/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver