Məhkəmə qərarları › İş №2-1(103)-346/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-346/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-346/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X6 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" MMC, X13, Unibank ASC; adi cəlbetmə qaydasında üçüncü şəxslər FHN Tikintidə X5 Agentliyi, Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə sözü gedən yaşayış binasının istismarına verilmiş “İcazənin” 8-ci bəndində, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 59-a dair qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 yüxarıda göstərilən ünvanda, 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəstində yerləşir. Mənzillərdən yuxarıda isə binanın dam hissəsi yerləşir. 2018-ci ilin yayında bütün qonşular kimi onlar da yaranan səs küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrəniblər ki, onları məlumatlandırmadan "xxxx" MMCnin rəhbərliyi binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasıya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədllərinə zidd olaraq, mənzil kimi istifadə etmək üçün təmir işləri aparılır. İddiaçılar İddiaçı2 və İddiaçı1 “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış,cavabdehin iddiaçılarn mənzil hüquqlarının pozulmasınadək mövcüd olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətini təmin etməmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6368/2019 saylı qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğu halda "xxxx" MMC-nin müdiriyyəti binanın damında yerləşən qeyri-yaşayış sahəsini 59 saylı mənzil kimi X2 və hətta ona həmin sahəyə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2020-ci İİ tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılması, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyi onların narahatlığına gətirib çıxarmışdır. Qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək mənzil sahəsi hesab edilməsi cavabdehlər Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi, eləcə də ƏMDK, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən kobud qanun pozuntularına yol verməklə edilmişdir. Mübahisə predmeti olan sahə layihədə məhz qeyri-yaşayış sahəsi kimi əks olunmuş, oraya hətta lift vasitəsilə xidmət göstərilməsi də nəzərdə tutulmayıb. Nəsimi Rayon İcra Hakimiyyətindən xx.xx.2021-ci il tarixli 6/1139 saylı məktubla bildirmişlər ki, (məktubun surəti əlavə edilir) həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsi hesab edilməsinə dair layihə sənədlərində heç bir dəyişiklik edilməmiş və bu məqsədlə heç bir sərəncam verilməmişdir. Bundan başqa onlara məlum olmuşdur ki, yaşayış binasının istismarına xx.xx.2019-cu ul tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə) bölməsində, binanın mansardında yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə göz yumulmuşdur. Halbuki, nə həmin “İcazə” verilənədək, nə də bu günə kimi sözü gedən qeyri-yaşayış sahəsi mənzil kimi istifadə edilməyib. Həmin sahə təyinatına, yerləşməsinə və ölçülərinə, bir sözlə şəhərsalma və tikinti normalarına görə də mənzil kimi istifadə edilə bilməz. 29 iyun 2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 59.4.-cü maddəsi müəyyən edir ki, “Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır”. İmperativ xarakterli həmin qanun normasının tələblərini pozmuş ƏMDK, DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin təqdim etdiyi, iddiaya əlavə etdikləri sənədlərdən isə görünür ki, həmin qurum tərəfindən yaşayış sahəsi qismində X8 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış həmin qeyri-yaşayış sahəsinin döşəməsindən tavanına kimi olan hündürlüyü 2 metr 55 sm təşkil edir.Qeyd etdikləri qanun pozuntusunun aradan qaldırılması, məqsədilə cavabdeh dövlət orqanlarına müraciət edilsə də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavab almayıblar. Daha sonra Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazənin” 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” kimi dəyişdirilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2) səviyyəli yaşayış binaları sırasında olan 34 saylı evin istismarına cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 138 nömrəli “icazə” dəyişdirilrələk 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində “yaşayış üçün istifadə oluna 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanı, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında sakinlərinin hüquq və maraqları nəzərə alınmadan, tikinti işlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq tikilmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Eyni zamanda qeyd edilmişdir ki, həmin Fərmanının 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Göründüyü kimi, yerində müayinəni Fövqaladə Hallar Nazirliyi həyata keçirir və faktiki vəziyyətinə uyğun rəy verilir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarından əvvəl qəbul edilmiş 2(103)-4885/2019 nömrəli qərarından əvvəl qəbul edilmiş “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanı nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" KB ASC hazırki iş üzrə zəruri cəlbetmə qaydasında cəlb etmə qaydasında üçüncü şəxs kimi cəlb edilmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın qanunsuz və əsassız olduğunu, ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34-də, 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14cü mərtəbəstində yerləşir. Mənzillərdən yuxarıda isə binanın dam hissəsi yerləşir. İddiaçılar "xxxx" MMC-nin rəhbərliyi tərəfindən binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasıya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədllərinə zidd olaraq, mənzil kimi istifadə etmək üçün təmir işləri aparıldığı üçün “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı Nəsimi rayon məhkəməsinə müraciət etmişlər. Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış,cavabdehin iddiaçılarn mənzil hüquqlarının pozulmasınadək mövcüd olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətini təmin etməmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2021/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6368/2019 saylı qərarı ilə, cavabdehin kassasiya şikayəti təmine dilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019-saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Lakin iddiaçılara məlum olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək mənzil sahəsi hesab edilmiş, eyni zamanda yaşayış binasının istismarına xx.xx.2019-cu ul tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş “İcazənin” 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə) bölməsində, binanın mansardında yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə icazə verilmişdir. Bundan sonra iddiaçılar hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan : Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 59 nömrəli mənzil X8 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14-cü (sonuncu) mərtəbədə yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 34 ünvanında yerləşən 57 nömrəli mənzil İddiaçı2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 14- cü (sonuncu) mərtəbədə yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər "xxxx" MMC, X9, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikntidə X1rşı “mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan hərəkətlərin qarşısının alınması tələbinə” dair iddia tələbi təmin edilərək Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair məhkəmə aktı qüvvədə saxlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın mansard hissəsində yerləşən 58 saylı mənzil kimi qeydiyyata alınmış sahənin cavabdehlər "xxxx" MMC və ya X10 adına Nəsimi rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı Sərəncam verilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmli, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarına dair tikintiyə icazə sənədinin, eləcə də həmin yaşayış binalarının layihələrinə dəyişiklik edildiyi təqdirdə qeyd edilən halı təsdiq edən sübutların məhkəməyə verilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 və 3281 nömrəli tikintiyə icazə sənədinin təsdiq edilmiş surəti və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron surəti təqdim edilən layihə və Komitə tərəfindən verilən istismara icazə 3 gün müddətində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının 4-cü hissəsinə uyğun olaraq Komitə tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara göndərilməsi təmin edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004cü il tarixli 3281 nömrəli tikintiyə icazə sənədinə əsasən Tbilisi prospekti 1058-ci məhəlləsindəki 1 və 4 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri qeyri-yaşayış sahəsi) tikintisini, tikinri-quraşdırma işləri texniki mərtəbədə aparılan vəziyyətdə qeydiyyatdan keçirmiş və tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 3284 nömrəli tikintiyə icazə sənədinə əsasən Tbilisi prospekti 1058-ci məhəlləsindəki 2, 3, 5 və 6 nömrəli bir girişli 14 mərtəbəli yaşayış binalarının (1-2 mərtəbələri mağaza-ofis və bitişik mağazalar) tikintisini, tikinri-quraşdırma işləri, 5 №-li yaşayış binasında 4 mərtəbədə, 3 nömrəli yaşayış binasında bünövrədə aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə, 2 və 6 nömrəli binaların tikintisinin başlanılmasına icazə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilis prospekti, 1058ci məhəllədə yerləşən, 34 saylı evin 59 nömrəli mənzilinə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, binada liftdən istifadə üçün nəzərdə tutulmuş sonuncu mərtəbə 14dür. Mansarda mərtəbəsində yerləşən X11 məxsus olduğu bildirilən mənzildə binanın lift şaxtasının havalandırma sistemi mövcud olmaqla binaya dair mühəndis-kommunikasiya xətləri keçir. Mənzildə tikinti-quraşdırma işlərinin aparılması üçün materiallar (kərpic, qum və s.) mövcuddur. Beləliklə, iş materiallarını və tərəflərin izahatlarını qarşılıqlı şəkildə təhlil edən Kollegiya belə qənaətə gəlir ki, tikintiyə icazə üçüncü şəxs X12 məxsus 34 nömrəli evin mansarda mərtəbəsinə icazə qanuni hesab edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(006)-2021/2018 saylı qətnaməsi ilə, iddiaçıların iddia tələbi təmin edilərək, Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyət bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 4885/2019 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6368/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə aktları ilə təsdiq olunur ki, Bakı şəhəri, Tbilisi prospekti 1058ci məhəllədə yerləşən 34 saylı binanın dam hissəsində aparılan tikinti işləri qeyr-qanuni olmuş və məhkəmə qərarları ilə qeyri-qanuni tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyət bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Eyni zamanda iş materialları ilə və qeyd edilən məhkəmə aktları ilə təsdiq olunur ki, mübahisəli sahə texniki mərtəbə olmaqla, bina sakinlərinin ümumi mülkiyyətində olmuşdur. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, “...."xxxx" MMC həmin mansarda mərtəbəsinin texniki mərtəbə olması və bina sakinlərinin ümumi mülkiyyətində olan sahə olmasına dair mənzil mülkiyyətçilərinin məhkəmə iddialarının yekun ərəfəsində (birinci instansiya məhkəməsin qətnaməsi xx.xx.2018-ci il tarixli, Ali Məhkəmənin yekun aktı xx.xx.2019-cu il tarixlidir) qeyd edilən məhkəmə aktlarının icrasından yayınmaq məqsədilə tikinti obyektinin istismarına dair cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə istismara icazə sənədinin hazırda mübahisələndirilən şəkildə qəbul edilməsinə nail olmuşdur. Halbuki ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 3281 nömrəli və xx.xx.2005-ci il tarixli 3284 nömrəli tikintiyə icazə sənədində bir girişli 14 mərtəbəli 6 yaşayış binasının tikintisinə icazə verilmiş, tikintiyə icazədə mansarda səviyyəsinin yaşayış təyinatına dair hər hansı qeyd mövcud olmamışdır və qüvvədə olan məhkəmə aktlarına əsasən həmin sahənin (mansarda mərtəbəsinin) yuxarıda qeyd edildiyi kimi 34 saylı binanın sakinlərinin ümumi istifadəsində olan texniki sahə (liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sisteminin kommunikasiya xətlərinin yerləşdiyi sahə) olması müəyyən edilmişdir. Qeyd edilən mübahisəli vəziyyət "xxxx" MMC-yə məlum idi (həmin tarixə ən azı iki instansiya məhkəməsinin həmin məsələyə dair qənaəti mövcud idi). Belə ki, hazırkı iş üzrə cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin iş üzrə tərəf olmasa da belə, artıq məhkəmə tərəfindən müəyyən edilmiş hallar mövcud idi. Odur ki, "xxxx" MMC inzibati aktın qanunsuz olduğunu bildiyi üçün etimadının qanunla qorunması hüququ yoxdur” Şəhərsalma və Tikinti Məcəlləsindən: 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə. 3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları; 60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. 63.1. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 63.2. Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Normaların məzumunundan aydın olduğu kimi, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi onun məqsədinə uyğun şəkildə tətbiq edilməli və müəyyən edilmiş tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə nəticələnməməlidir. Lakin cavabdeh faktiki olaraq texniki mərtəbəyə yaşayış sahəsi statusu verməklə səlahiyyətlərini düzgün tətbiq etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisəli sahənin ümumi istifadədə olması nəzərə alındıqda, cavabdeh tərəfindən inzibati icraatın aparılma qaydalarıda pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən qeyd edilən normaların tələbləri pozulmuşdur. Yəni, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxslərin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcu olduğu halda bu təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayətində mübahisələndirdikləri məhkəmə qərarının qanunsuz və əsassız olmasına dair hər hansı mötəbər dəlil qeyd etməmiş, formal mülahizələrə istinad edərək qərarın ləğv edilməsini xahiş etdiyindən, Kollegiya apelyasiya şikayətini əsassız hesab edərək qərarın dəyişdirilmədən saxlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar