Məhkəmə qərarları › İş №2-1(103)-3462/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3462/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3462/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi vərəqəsi üzrə artıq ödənilmiş 29 909 (iyirmi doqquz min doqquz yüz doqquz) manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi olaraq (VÖEN: **********) 2009-cu ildən fərdi sahibkar kimi turizm sahəsində fəaliyyət göstərmişdir. Pandemiya dövründə sağlamlığı ilə əlaqədar 2019-cu ildən fəaliyyət göstərməsə də, fəaiyyətinin dayandırılmasına dair vergi orqanına müraciət etməmişdir. Cavabdehlə İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olaraq (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə bağladığı “Vergi portnyorluğu sazişi”nə əsasən onun xx.xx.2019-cu il tarixədək 29.909.90 manat məbləğində artıq ödənişi olmuşdur. İddiaçı Vergi orqanına müraciət edərək onun artıq ödəmələrinin hesabına dövlət büdcəsinə və digər hesablara olan borcunun əvəzləşdirilməsini və artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılmasını xahiş etsə də, bundan imtina olunmuşdur. Ona görə də İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2-(113)-4708/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini əlavə pulu hesaba ödəməklə tam icra etmiş və bundan sonra “Vergi portnyorluğu sazişi”nə əsasən xx.xx.2019-cü il tarixədək artıq ödədiyi 29.909.90 manat məbləğin geri qaytarılmasına dair yazılı və onlayn qaydada müraciət etmişdir. İlkin olaraq artıq ödənilmiş 30 noyabr 2017-ci il tarixinə olan 27,609,90 AZN məbləğin, sonra isə artıq ödənilmiş 2300 AZN məbləğin geri qaytarılmasın tələb etmişdir. Lakin cavabdeh dövlət orqanı onun tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı fəaliyyət göstərdiyi dövr ərzində nümunəvi vergi ödəyicisi kimi seçilmiş və vaxtlı-vaxtında dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini artıqlaması ilə icra etmişdir. Sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra iddiaçının şəxsi hesab vərəqəsində 29.909.00 manat məbləğində artıq ödənilmiş vergilər mövcuddur. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirməsi olmuşdur. Cavabdehin imtinasında göstərilən “Vergi partnyorluğu sazişi”nin bağlanması hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbinə heç bir aidiyyəti yoxdur. Həmin sazişin məqsədi vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı əməkdaşlıq, etibarlılıq və şəffaflıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına və vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etməsinə yönəlmişdir ki, məhz bu səbəbdən də iddiaçı fəaliyyət göstərdiyi dövr ərzində dövriyyəsinə uyğun olaraq vergi orqanına bəyannamələr versə də, dövlət büdcəsinə bəyan etdiyi vergilərdən artıq miqdarda vergilər ödəmişdir. Eyni zamanda, vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmiş, lakin buna baxmayaraq aylıq dövriyyəsi hər ay fərqli olsa da, iddiaçı özü həmişə vergiləri dövriyyəyə uyğun deyil, ondan artıq məbləğdə ödəmişdir. Əgər vergi orqanının iddia etdiyi hal, yəni iddiaçının güya vergi orqanı ilə bağladığı partnyorluq sazişinə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməli idisə, lakin bunu təqdim etməmişdirsə, onda hansı səbəbdən vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barədə vergi nəzarət tədbirləri keçirməmiş və vergidən yayındığına görə qanunamüvafıq tədbirlər görməmişdir. Vergi orqanı imtina məktubunda güya iddiaçının ərizədə məlumatların düzgün qeyd etmədiyi göstərsə də, düzgün olmamasının nədən ibarət olduğunu açıqlamamış və yalnız formal mülahizələrin qeyd edilməsi ilə kifayətlənmişdir. İddiaçı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaların 1 nömrəli Əlavəsinə uyğun ərizə formasında göstərildiyi ödənişlərdə artıq ödənilən verginin növü, büdcə təsnifat kodu, tarixi, yaranma səbəbi və məbləği tam olaraq qeyd etmişdir. Cavabdeh vergi orqanı isə ərizədə nəyin düz olmadığını ümumiyyətlə açıqlamamış və hətta qeyd olunan çatışmamazlıqların aradan qaldırılmasını tövsiyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində xx.xx.2024cü il tarixə 2300,00 manat artıq ödəməsi və 27609,90 manat tələb etmə müddəti bitmiş artıq ödəmə məbləğləri müəyyən edilmişdir. Vergi ödəyicisinin tələb etmə müddəti bitmiş artıq ödəmə məbləği şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən artıq ödənilmiş 2300 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyərinin - 200 (iki yüz) manat məbləğində prosessual xərcin X2 hesabına cavabdeh tərəfindən ödənilməsi vəzifəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniiəşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edirlər ki, iddianın təmin edilən hissəsinə uyğun olaraq vergi ödəyicisinin 2300 manat məbləğ artıq ödəmənin qaytarılması ilə bağlı vergi orqanına müraciəti olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyərinin - 200 (iki yüz) manat məbləğində prosessual xərcin X2 hesabına cavabdeh tərəfindən ödənilməsi vəzifəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddia tələbinin təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir, odur ki, məhkəmə yalnız cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qərarın əsaslılığını yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı inzibati orqanın üzərinə onun şəxsi vərəqəsi üzrə artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə onun ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) ona müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan): - 15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.1-ci maddəsinə görə vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə iddiaçının 29909,90 manat artıq ödəməsi olmuş, xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 27609.90 manat azalma edilmiş, nəticədə onun cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixə cəmi 2300 manat artıq ödəməsi qalmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7293 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarının 31-34-cü səhifələrində öz əksini tapmış vergi ödəyicisi İddiaçı çap olunma tarixi xx.xx.2023-cü il olan şəxsi hesab vərəqəsinin vergilər üzrə artıq ödəmə hissəsinə əsasən sualda soruşulan xx.xx.2023-cü il tarixə 5 illik tələbetmə müddəti keçməmiş 2300 manat (sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,00 manat və xx.xx.2018-ci il tarixdə 1.600,00 manat aparılmışdır) mövcuddur. İşdən görünür ki, bu hal cavabdeh tərəfindən də qəbul edilir. Belə ki, işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli **********475500 saylı məktubunda göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə əsasən 2300,0 manat artıq ödəməsi vardır. Vergi ödəyicisinin büdcəyə sonuncu ödənişləri sadələşdirilmiş vergi üzrə xx.xx.2018-ci il tarixdə 700,0 manat və xx.xx.2018-ci il tarixdə 1600,0 manat olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2023-cü il tarixə vergilər üzrə 2300 manat artıq ödəməsinin olması işin mübahisəsiz halını təşkil edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2023-cü il tarixə vergilər üzrə 2300 manat artıq ödəməsi olduğundan, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən onun həmin məbləğin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən, onun xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə 29909.90 manat artıq ödəmə məbləğinin mövcud olduğunu, “Vergilər üzrə vərəqə” hissəsində 27609,90 manat məbləğinin tələb etmə müddətinin bitdiyini göstərsə də, 2300 manat hissəyə dair hər hansı bir münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1326/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarı cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar