Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3463/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-948/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəmənə müraciət edərək, mövcud və qüvvədən düşmüş qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı gün xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...2006-cı il yanvarın 1-ə qədər əmək stajı 24 il 2 ay təşkil edir. Sosial yığıma gəldikdə isə 10 il Nəqliyyat Nazirliyinə hər ay 50 AZN ödəmiş, bununla bağlı qəbzlər vardır. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi 16 №-li Peşə məktəbini əyani oxumuş xx.xx.1978-ci ildən işə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenə həmin işinə qayıtmışdır. Trest 303. Bakı Baş tikinti idarəsində quraşdırıcı işləmişdir. Bir briqadada işlədiyi iş yoldaşları ərizələri ilə bunu təsdiq etmişdilər. Lakin cavabdeh tərəf ərizələrin əslini itirmişdilər. Onun işlədiyi quraşdırıcı vəzifəsi güzəştli pensiya təyinatına imkan verir. İtirilmiş ərizələri yazan iş yoldaşları məhkəmə zalında həm yenidən ərizə yazmağa, həm də şahidlik etməyə hazırdılar. Bir briqada işlədiyi yoldaşlar, Arif Abdulrəhmanov, İlham Hüseynov, Bəhlul Tağıyev iş icraçısı Rafık Ağaranov (prorab). Bu iş yoldaşları öz ərizələri və şəxsiyyət vəsiqələrinin surətləri ilə təsdiq ediblər...” Cavabdehin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının tələbini təmin etməkdən imtina edərkən bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (24 il 2 ay (xx.xx.1978xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bu günədək 1 il 9 ay) təşkil edir. hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21945,73 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Cavabdeh iddia ərizəsinə etirazında da iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş Dövlət Vergi Xidməti verilən xx.xx.2021-ci il tarixli **********781500 nömrəli məktuba əsasən, xx.xx.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2006cı il tarixdə vergi uçotuna alınması və xx.xx.2016-cı il tarixdən vergi uçotundan çıxarılması barədə məlumat müəyyən edildiyi qeyd edilmişdir. Lakin bu zaman məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinin Fonda təqdim edilməsi zəruridir. İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bu səbəbdən sözügedən dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-948/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək və hazırkı mərhələdə əlavə ərizə məhkəməyə təqdim edərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Hakim R.Kərimli işin hallarını dərindən araşdırmaq əvəzinə işi uzatdı, sonra getdi Apellyasiya Məhkəməsinə, sonda hakim Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filiala müraicət etməyi məsləhət bildi. İddia tələbimi rədd etdi. Hesab edir ki, qərar düzgün deyil, çünki faktları var, canlı şahidlər və onların ərizələri var. Təsdiq edirlər ki, 2 №-li siyahı üzrə quraşdırıcı işləmişdir ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə iddiaçıya 60 yaşının tamam olduğu günə iddiaçının tələb olunan 25 il ümumi stajının, habelə, 40320,00 manat pensiya kapitalının mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci ildə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Konkret halda, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 60 yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmışdır. Həmin yaşdan ona əmək pensiyası təyin edilməsi üçün isə Qanunun sözgedən norrmasının nəzərdə tutduğu şərtlər ödənilməlidir ki, pensiyanın təyin olunması mümkün olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.2. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya, onun 60 yaşının tamam olduğu tarixə 25 ildən az stajının olması, həm də həmin tarixə onun tələb olunan pensiya kapitalı 40320,00 manat məbləğində hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi, 21945,73 manat təşkil etməsi əsası ilə həmin yaşdan güzəştli şərtlərə pensiya təyin olunmasındandan imtina olunmuşdur. Cavabdehin dəlillərinin əsaslılığının yoxlanılması istiqamətində qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında iddiaçının işə əlavə olunmuş 18 iyul 1978-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasının surəti araşdırıldıqda müəyyən olunur ki, 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə qədər onun əmək fəaliyyəti aşağıdakılardan ibarətdir: xx.xx.1977 – xx.xx.1978: 16 nömrəli Şəhər Texniki Peşə Məktəbində təhsi müddəti - 9 ay 21 gün; xx.xx.1978 – xx.xx.1978: “Bakıbaştikinti” də dülgər – 3 ay 11 gün; xx.xx.1978 - xx.xx.1980: müddətli hərbi xidmət -2 il 2 ay 1 gün; xx.xx.1981-xx.xx.2001: “Bakıbaştikinti”də dülgər - 19 il 11 ay 28 gün xx.xx.2014–xx.xx.2015: Xətai r.316 saylı körpələr evində gözətçi – 1 il İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə toplanan iş stajı cəmi, 24 il 3 ay 1 gün təşkil edir. Göründüyü kimi, onun 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 25 il ümumi stajı toplanmır. İddiaçının sahibkarlıq fəaliyyəti sahəsində 10 il Nəqliyyat Nazirliyinə sığorta ödənişi etdiyini bildirərək məhkəməyə təqdim etdiyi qəbzlərin surətlərinə gəldikdə, bununla bağlı aparılan məhkəmə araşdırması zamanı, onun həmin dövrdə DSMF-də uçota duraraq, məcburi dövlət sosial sığorta haqları ödədiyi müəyyən olunmur. Belə ki, birinci instansiya məhkəməsinin soruğusuna Dövlət Vergi Xidməti xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, vergi ödəyicilərinin reyestrində İddiaçı (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınması və xx.xx.2016-cı il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat aşkar edilməmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə üzrə Mərkəzi Filialı isə məhkəmənin müvafiq sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda isə bildirmişdir ki, sığortaedən İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2006- 2016-cı illərə dair məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatları aşkar edilməmişdir. Beləliklə, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olsa da, onun həmin dövrdə DSMF-də uçotda durmamış və məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Hazırda fəaliyyətdə olan DDSMF PHŞ-in Sosial Sığorta və Fərdi Uçot üzrə üzrə Mərkəzi Filialında bu barədə hər hansı qeyd yoxdur. Onun özü tərəfindən də sözügedən 10 il ərzində məcburi dövlət sosial sığorta haqları ödəməsinə dair sübutedici sənədlər təqdim edilməmişdir. Halbuki, ən azından, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq olaraq istinad etdiyi halı sübut etmək vəzifəsi məhz onun öz üzərinə düşür. Eyni zamanda, işdən görünür ki, iddiaçı 60 yaşının tamam olduğu tarixə “Əmək pensiayları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasında nəzərdə tutulan pensiaya kapitalına da malik olmamış, onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində faktiki olaraq qeydə alınan pensiya kapitalı cəmi, 21.945,73 manat təşkil edir, yəni, tələb olunan məbləğdən azdır.
Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020ci il tarixə həm 25 il ümumi stajı, həm də onun tələb olunan pensiya kapitalı mövcud olmadığından onun «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci madəsində nəzərdə tutulan 60 yaşından güzəştli şərtlərələ pensiya hüququ yaranmır. İPM-in 73.1-ci maddəsinin tələbi də məhz onu nəzərədə tutur ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddia rədd olunmuşdur. Başqa sözlə, məhkəmə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbinin rədd olunmasının düzgün olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-948/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ona izah edilir ki, işlədiyi növbəti illər hesabına qanunla müəyyən edilən şərtlərin ödəniləcəyi təqdirdə, müvafiq tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-948/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.