Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3464/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9055/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonar – cavaddeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsi öhdəliyinin qoyulması və əlilliyin təyin edilməsi tarixinin xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, anadangəlmə yastıpəncə, əlin və ya pəncənin sallanması və hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları diaqnozu ilə əlilliyin müəyyən edilməsi ilə bağlı TSEK-ə müraciət etmişdir. Cavabdeh ona qeyd edilən diaqnoz ilə əlillik təyin edilməsindən imtina etmişdir. Əslində o, uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyatda olmuşdur. Daha sonra bu xəstəliyinin müalicəsi olmaması səbəbi ilə ona əlillik təyin edilmişdir. Ona xx.xx.2010-cu il tarixə qədər 2-ci qrup əlillik təyin edilmiş və o, əlilliyə görə əmək pensiyası almışdır. 16 fevral 2021-ci il tarixdən yenidən əlillik təyin edilməsi ilə bağlı müraciət etsə də, TSEK ona əlillik təyin edilməsindən imtina etmişdir. Ancaq onun xəstəliyinin müalicəsi yoxdur. Onu da qeyd edir ki, onda bundan başqa çoxlu xəstəliklər vardır. Bir ayağı o biri ayağından qısadır. Anadangəlmə onurğa əyriliyi mövcuddur. Ancaq buna baxmayaraq, dəfələrlə TSEK-ə müraciət etsə də, ona əlillik təyin edilmir. Bu da onun sosial təminatsız qalmağı ilə nəticələnib. Onun əmək qabiliyyəti yoxdur. Bu baxımdan heç bir yerdə işləyə bilmir. Cavabdehin ona əlillik təyin etməməsi də onun maddi vəziyyətinin pisləşməsi ilə nəticələnib. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsini 2-1(112)-6164/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-748/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – C.Yusifov (sədrlik edən və məruzəçi), P.Hüseynov, Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona əlilliyinin dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9055/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbləri baxımından qanunsuz qərar qəbul etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2010-cu il tarixdən 1 il müddətinə, sağ tərəfi İİ dərəcəli döş skaliozu, yayılmış osteoxondroz, radikulyar ağrı sindromu ilə, simfizin artrozu diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-ci il tarixdə sağ tərəfi İİ dərəcəli dispastik döş skaliozu, yayılmış osteoxondroz diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu təyin edilən əlliliyin müddətinin bitməsinə bir ay qalmış, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə yenə də göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, kardial tip NSD.Skolioz, sağ tərəfli döş tipli ikinci dərəcəli anadangəlmə skolioz, 2-ci dərəcəli (12) yayılmış osteoxondroz osteoporoz. Fəqərələrin lorsesi sağ tərəfə 1-ci sol tərəfdə 2-ci dərəcəli yastıpəncəlik. Yayılmış osteoxndroz daimi ağrı sindromu ikitərəfli koksartroz simfizin koksartrozu sol aşağı ətrafın 3 sm qısalığı daimi ağrı sindromu yerişin pozulması. Sol tərəfli spastik hemiparez diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 №li arayışdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ikinci dərəcə əlilliyə görə 259,78 manat məbləğində əmək pensiyası almışdır. Təyinatın başlanma tarixi: xx.xx.2010. Təyinatın bitmə tarixi: xx.xx.2021-ci ildə dayandırılmışdır. İş materiallarından görünür ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2010-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş və 2016-cı il tarixədək Tibbi Sosial-Ekspert Komissiyasında müayinələrdən keçmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyi müddətinin bitməsinə görə xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırkı tələbində əliliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi tələbini irəli sürmüşdür. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin həmin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1) Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (Qaydanın 2.1, 2.4-ci, 2.9-cu bəndləri). İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə həmn əlilliyin təyinatının bitməsinə bir ay qalmış M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, həmin tibb müəssisəsi tərəfindən 2750003AAEN3 nömrəli Forma 88 arayışı xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin Forma 88 göndərişinin yanlış və natamam doldurulması əsası ilə cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin etməsindən imtina etmişdir. Həmin tibb müəssisəsi tərəfindən yenidən 2750003AAE74 nömrəli Forma 88 arayışı xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin Forma 88 göndərişinin yanlış və natamam doldurulması əsası ilə cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin etməsindən yenə də imtina etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “3 Nömrəli Şəhər Poliklinikası”nın xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, …iddiaçı əlillik müddəti bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə TSEK-a göndərilib, lakin xəstəyə imtina cavabı gəlib, imtinadan sonra yenidən xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində travmatologiya və Ortopediya İnstitutuna göndərilib. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində TSEK-a göndərilib, xəstəyə imtina cavabı gəlib. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən görünüyü kimi, iddiaçı hələ onun əlillik müddətinin bitməsinə bir ay qalmış tibb müəssisəinə müraciət edərək müayinə olunmuş, həmin tibb müəssisəsi tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə Forma 88 arayışları Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərin natamam doldurulması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən cavabdeh imtina etmiş, xx.xx.2021-ci il tarixlli göndəriş əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilmişdir. İddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı təkrar müayinə ilə bağlı yanvar 2021-ci il tarixdə tibb müəssisəsinə müraciət etmiş, tibb müəssisəsi tərəfindən ilk dəfə xx.xx.2021-ci il tarixdə, yəni əlilliyin dayandırıldığı tarixdən 6 ay keçməmiş 2750003AAE74 N-li göndəriş TSEK-ə göndərilmişdir. Qanunun istinad edilən normasının mənasına görə əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bundan başqa, cavabdeh orqan iddiaçıya təkrar göndəriş zamanı iddiaçının əlilliyini müəyyən edərkən iddiaçının tibb müəssisəsinə müraciətinin tarixini, tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam olmasını və qanunun yuxarıda istinad edilən normasını nəzərə alaraq xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyini müəyyən edərkən əlilliyin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edə bilərdi. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9055/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9055/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3464/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3464/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver