Məhkəmə qərarları › İş №2-1(103)-3465/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3465/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3465/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11456/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə əlilliyinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdən gizir rütbəsində Silahlı Qüvvələrdə xidmətdə olmuş, bundan öncə müddətdən artıq hərbi qulluqçu kimi Ordu Sıralarında xidmət etmişdir. 2022-ci ilin yanvar ayından “dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması 2-ci dərəcəli simptomatik hipertenziya. Hər iki gözün sadə miopikastiqmatizm Em və M 0.75 D nəticəsində görmə itiliyinin 0.7-ə qədər azalması korreksiya ilə 1.0 olmaqla” diaqnozu ilə “Sülh və müharibə dövründə hərbi xidmətə yararsız olmağı ilə bağlı hərbi həkim komissiyasının rəyi ilə Ordu Sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ağır döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralandıqdan sonra qapalı kəllə beyin travması aldığı üçün hospitala təxliyyə olunmuşdur. Təxminən 8-9 ay Silahlı Qüvvələrin Baş Kliniki hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Onun tibbi sənədlərinə əsasən Ağcabədi rayon xəstəxanası forma - 88 tərtib olunaraq TSERAS – göndərib. TSEK - üç dəfə müxtəlif səbəblər göstərərək imtina cavabı verib. O, yenidən müayinə və müalicədə olmuşdur. Dəfələrlə Respublika psixiatrik Xəstəxanada stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə TSEK son olaraq ona “3-cü qrup ümumi əlillik” verib. Əlillik təyin edilən zaman “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” sözlərini nəzərə almamışdır. Halbuki əlillik təyin edilən zaman həm müharibə dövründə partlayışlar nəticəsində, həm də xidməti dövründə aldığı xəsarətlər və xəstəliklər nəzərə alınaraq ümumi əlillik verilib. Ümumi əlillik verilən zaman qeyd edilən “Üzvi (ikinci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri” ilə diaqnozunu ümumi əlillik verilən zaman nəzərə alsa da, həmin diaqnozu Azərbaycan Respublikasının müdafiəsi zamanı almağını nəzərə almamışdır. O, hal-hazırda “Üzvi (ikinci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində sui-qəsd cəhdləri ilə diaqnozundan xüsusi ilə əziyyət çəkir. Mütəmadi olaraq özündən getmələr baş verir. Psixoloji vəziyyət yerində deyil. Dəfələrlə intihara cəhd etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad edilməsi”, “Xocavəndin azad olunması” və “100 illik yubiley” medalları ilə təltif edilmişdir. Bunlara baxmayaraq cavabdeh orqan əsassız imtinalar verməklə süründürməçiliyə yol verir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin ona üçüncü dərəcəli əlillik təyin etməsi barədə 22 may 2023-cü il tarixli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəf yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; Gözdən əlilliyi olan şəxs; Diaqnozun mətni: Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları => Digər endokrin vəzilərin pozuntuları => Hiperaldosteronizm => Birincili (Konn sindromu) və ikincili hiperaldosteronizm, orta ağır, hipertonik krizlərlə, müalicənin qeyri-effektivliyi (residiv) zaman; Meyar: OFT 40 faiz olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenilənmiş xx.xx.2023-cü il tarixli 1027 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri ilə. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması ilə. İİ (ikincili) simptomatik hipertenziya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla.” Diaqnozu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “L4 fəqərə cisminin kiçik ölçülü hemangioması.” Diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, anamnezində suiqəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. xx.xx.2023-(23:50)- xx.xx.2023 (12:00) tarixli X8 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Kəskin p/o dərman zəhərlənməsi orta-ağır dərəcə. (Depakin)” kimi müəyyənləşdirilmiş, lakin şəxsin stasionar şəraitində qısa müddət ərzində olması zəhərlənmənin nümayişkar xarakter daşımasına dəlalət etmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 2690004ABDZJ nömrəli Ambulator kitabçadan Çıxarışında diaqnoz “Dəqiqləşdirilməmiş hiperaldosteronizm” kimi müəyyənləşdirilmişdir. “General Hospital” xx.xx.2023-cü il tarixli baş beyin KT müayinəsində izlənən cüzi dəyişikliklər qeyd olunmuş psixiatrik diaqnozun ağırlıq dərəcəsi ilə uyğunsuzluq təşkil etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, ümumi halsızlıqdan, ürəkdöyünmədən, arterial təzyiqin yüksəlməsindən, əsəbilikdən, görmənin zəifləməsindən, qulaqlarındakı küydən, zəif eşitmədən, qıcıqlı olmasından, yuxu pozulmasından, tez özündən çıxmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindn “Nevrasteniya, nümayişkar davranış.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə xx.xx.2022-ci il tarixli Hərbi xidmətlə əlaqədar müddətsiz OFP 40 % əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik AR ərazi bütövlüyü ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11456/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, ümumi halsızlıqdan, ürəkdöyünmədən, arterial təzyiqin yüksəlməsindən, əsəbilikdən, görmənin zəifləməsindən, qulaqlarındakı küydən, zəif eşitmədən, qıcıqlı olmasından, yuxu pozulmasından, tez özündən çıxmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Nevrasteniya, nümayişkar davranış.” kimi mmüəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə xx.xx.2022-ci il tarixli Hərbi xidmətlə əlaqədar müddətsiz OFP 40 % əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik AR ərazi bütövlüyü ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində sui-qəsd cəhdləri ilə. Dəqiqləşdirilməmiş hiperaldosternizm. Böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hiperaldosteronizmin ağırlaşması” diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. Hazırkı mübahisənin predmeti iddiaçıya təyin edilmiş üçüncü qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılmasıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən travmanın səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Həmçinin iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə üç növ diaqnoz ilə xəstəlik müəyyən edilmişdir. 1-ci diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Anamnezində suiqəsd cəhdləri ilə. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4,5 (dörd tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Keçmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin (xx.xx.2020) sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi”. Qeyd edilən diqanozun səbəbi kimi – hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir; 2-ci diaqnoz - “Dəqiqləşdirilməmiş hiperal dosteronizm, böyrəküstü vəzinin funksiyasının mühüm dərəcədə pozulması ilə. İİ (ikincili) simptomatik hipertenziya. Hər iki gözün sadfə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,7-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Qeyd edilən diaqnozun səbəbi kimi – hərbi xidmət dövrü alınması göstərilmişdir; 3-cü diaqnoz isə - L4 fəqərə cisminin kiçik ölçülü hemangioması. Bu diaqnoza səbəb isə ümumi xəstəlik olması göstərilmişdir. Cavabdeh iddiaçıya əlillik təyin edərkən 2-ci diaqnozu əsas götürmüş və digər diaqnozun əlilliyə əsas vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Çıxarışdan müəyyən edilir ki, iddiaçıya əlillik təyin edilərkən 1-ci diaqnozda göstərilən xəstəliklər həmin çıxarışda əksini tapmışdır. Eyni zamanda iddiaçı barəsində tibb müəssisələri tərəfindən bir neçə dəfə xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-ci tarixli göndərişlər göndərilmiş, göndərişlərin natamam doldudurulması və əlavə müayinəyə ehtiyacının olması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişlərdə də, iddiaçıda 1-ci diaqnozda qeyd edilən xəstəliklər əks olunmuşdur. Nəhayət iddiaçıya əlillik təyin edilməsinə əsas olmuş sonuncu göndərişdə (xx.xx.2023-cü il tarixli) diaqnozun mətni qrafasında üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, Anamnezində, suiqəsd cəhdləri... diaqnozu əks olunmuşdur. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan hərbi travmaya səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11456/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11456/2023 saylı, 26 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar