Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3465/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Novruzlu (Süleymanlı) Səma Namiq qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7736/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sığorta stajının yenidən hesablanaraq təqaüdündə (yəni pensiyasında) artım olunmasını cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi və sosial müavinətinə görə ödənilən ödənişlər nəzərə alınmaqla pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun döyüşən ordunun tərkibində xidmət keçdiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarını nəzərə aldıqda 1 gün 3 gün sayılmalıdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2006-cı ıl tarixdən xx.xx.2018-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının təqdim etdiyi arayışın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı ıl tarixdən xx.xx.2000-cı ıl tarixədək Qazaxıstan Respublikası "xxxx" müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fonda daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən qeyd edilən dövrdə İddiaçı sığorta iştirakçısı olmamış və adına heç bır sosıaİ sığorta odənılməmişdir. Qeyd olunanlara əsasən, sözügedən dövrün sosial sığorta stajına daxıl edilməsi mümkün olmamışdır. İnzibatı icraat zamanı işin bütün hallarının araşdırılması inzibatı orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibatı orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçun ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, 03.01 2022-cı il tarixdən yaşa gorə sosial müavinət təyin edilmiş və daha sonra 220 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7736/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, İddiaçı 65 yaşdan (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməsi və sosial müavinətinə görə ödənilən ödənişlər nəzərə alınmaqla pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən onun xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində xidmət etdiyi illər də nəzərə alınmaqla cəmi sığorta stajı 22 il 6 ay 6 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Hökuməti ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinin üçüncü hissəsinə əsasən pensiyaların hesablanması əmək stajına daxil edilən iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. İddiaçının təqdim etdiyi arayışın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Qazaxıstan Respublikası "xxxx" müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fonda daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən qeyd edilən dövrdə İddiaçı sığorta iştirakçısı olmamış və adına heç bir sosial sığorta ödənilməmişdir. Qeyd olunanlara əsasən, sözügedən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və daha sonra 220 manata çatdırılmışdır. İddiaçının qanunla tələb olunan sosial sığorta stajı kifayət qədər olmadığı üçün (22 il 6 ay 6 gün) ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Novruzlu (Süleymanlı) Səma Namiq qızı apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7736/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; -İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. - İddiaçı xx.xx.1974-xx.xx.1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. - İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1992xx.xx.1994-cü illərdə döyüşlərdə iştirak etmişdir. ЗT-İ № ******* №-li, 27 yanvar 1982-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1980-xx.xx.1991-ci illərdə hərbi müəllim işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli 1 №- li arayışa əsasən iddiaçı faktiki olaraq 1996-cı ilin iyun ayından (03 iyun 1996-cı il tarixli 25 №-li əmr) 2000-ci ilin dekabr ayına kimi (30 dekabr 2000-ci il tarixli 50 №-li əmr) təhlükəsizlik texnikası üzrə təlimatçı vəzifəsində işləyib. İddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən sosial müavinət təyin edilərək ödənilir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan 11 fevral 2025-ciü il tarixli imtina məktubunda bildirilmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçanızın, təhsil haqqında diplomunuzun və hərbi biletinizin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində xidmət etdiyiniz illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 22 il 6 ay 6 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz arayışın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Qazaxıstan Respublikası "xxxx" müəssisəsində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, Fonda daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən Siz qeyd edilən dövrdə sığorta iştirakçısı olmamısınız və adınıza heç bir sosial sığorta ödənilməyib. Bu səbəbdən də sözügedən dövrün sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq Sizə xx.xx.2022-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, kişilərin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qəbul edilmiş stajı 22 il, 6 ay, 6 gündür. Mübahisəli dövr iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Qazaxıstan Respublikası "xxxx" müəssisəsində işlədiyi dövrlərdir. Cavabdeh iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Qazaxıstan Respublikası "xxxx" müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrdə sığorta iştirakçısı olmadığından və adına heç bir sosial sığorta ödənilmədiyindən qeyd olunmuş dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 01 iyun 2022-ci il tarixli 1 №-li arayışda iddiaçının 03 iyun 1996-cı il tarixli 25 №-li əmrlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul edildiyi və 30 dekabr 2000-ci il tarixli 50 №-li əmrlə işdən azad edildiyi qeyd edilmişdir. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin vətəndaşlarına pensiya təyin olunması yaşayış yeri üzrə həyata keçirilir. 2-ci bəndinə əsasən tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınır. 3-cü bəndinə əsasən pensiyaların hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır. Əməkhaqqının (gəlirin) miqdarı bir Tərəfin, pensiya təyin olunduğu anda digər Tərəfin milli valyutasına və yaxud beynəlxalq ekvivalentə nisbətdə rəsmi təsdiq edilmiş milli valyutasından müəyyən olunur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunverciliyin tələbinə əsasən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları silindiyi üçün iddiaçının belə bir borcu olmuş olsa belə bu hal nəzərə alınmamalı və onun ziyanına təfsir edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər ödənilir. Beləliklə, İddiaçı 65 yaşdan (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməsi və sosial müavinətinə görə ödənilən ödənişlər nəzərə alınmaqla pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7736/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7736/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov