Məhkəmə qərarları › İş №2-1(103)-3466/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3466/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3466/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı qəzalı mənzilin sökülərək yenidən tikilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-424/2022 nömrəli qərardadından iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim: Ş.Həsənova) İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Tikintidə X1rşı fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması barədə qətnamə qəbul olunması üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, İş № 2-1(112)- 424/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı qəzalı mənzilin sökülərək yenidən tikilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə qərar verilmişdir. Həmin qərardadla razılaşmadığı üçün həmin qərardaddan şikayət edir. Şikayətini əsaslandırdığı hallar aşağıdakılardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Qeyd olunan inzibati işin faktiki hallarından da görünür ki, cavabdeh təşkilat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Tikintidə X2 Agentliyi rəsmi olaraq Bakı şəhərində fəaliyyət göstərir. Yəni burada işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi ərazi aidiyyatı qaydalarının pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində prosessual hüquq normalarının ciddi şəkildə pozulması deməkdir. Bundan əlavə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan inzibati mübahisəyə həmin əmlakın aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə tərəfindən Qanunun qeyd olunan hisəssinə əsaslanmağın heç bir hüquqi əsası yoxdur. Çünki burada mübahisəli məsələ daşınmaz əmlakla bağlı hüquq münasibətlərinin müəyyən olunması deyil, inzibati orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsidir. Məhkəmənin qanunun həmin tələbinə əsaslanmasında burada maddi hüquq normalarının pozulmasına gətirib çıxartmışdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə həmin qərardadı qəbul etməklə onsuz da 21 oktyabr 2020-ci il tarixində icraata qəbul olunmuş və 2 ilə yaxındır ki, əsassız səbəblərdən qərar qəbul olunması üçün ləngidilən inzibati işin daha da uzadılmasına və mümkün qədər icraatdan çıxarılmasına nail olmaq istəyir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») - 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının iddia tələbindən göründüyü kimi, qəzalı mənzilin sökülərək yenidən tikilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarından görünür ki, zəlzələ nəticəsində zərərçəkmiş ev Şamaxı şəhəri, Sarı Torpaq küçəsi 2 saylı ünvünda yerləşir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki mübahisə Şamaxı şəhərində yerləşən fərdi yaşayış evinə dair hüquq münasibəti ilə əlaqədar olduğundan. İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin tələbi baxımından hazırkı mübahisəyə Şamaxı şəhərinin aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Şamaxı şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-424/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar