Məhkəmə qərarları › İş №2-1(103)-3466/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3466/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3466/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********8 №-li Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında qərarın və xx.xx.2022-ci il tarixli **********0 №-li əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu ildə doğulmuşdur. O, uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.2006-cı ildən etibarən “X8" şirkətində bortoperator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə pensiya ödənişi dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən o və onun nümayəndəsi qismində inzibati icraatda mövqeyi dinlənilmiş, lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir, ilk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyil. İkincisi, araşdırma apardığı şəxslərin heç biri AZAL QSCnin işçisi deyillər və onlar X8 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanən dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. Həmin Agentliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın, eləcə də Agentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair cavabdeh tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli **********8 №-li Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında qərarın və xx.xx.2022-ci il tarixli **********0 №-li əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli və Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməlidir. Lakin iddiaçıya Fondun Suraxanı rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2011-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaları əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün 16 dekabr 2022-ci il tarixində sürətli poçt vasitəsi ilə göndərilməklə 26 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filiala dəvət edilmişdir. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında tərəfindən qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 53887,11 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76” tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Bununla bağlı bildirilir ki, Təlimay normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022ci il tarixli aktında bildirilmişdir ki, **********0 nömrəli xidməti məruzəyə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş X1 (bundan sonra “maraqlı şəxs”) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs 16 dekabr 2022-ci tarixli **********1 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə vaxtı ilə pensiya hüququnun olmadığı halda ona pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-113023/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla vətəndaş İddiaçı pensiya işinə dair materialların və əmək pensiyasının dayandırılması ilə bağlı qərarın təsdiq edilmiş surətləri təqdim edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 407,50 manat pensiya verilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 440,76 manat pensiya verilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 656,92 manat pensiya verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 İş İdarəsi tərəfindən təqdim edilmiş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 09/xx/xx-19034 saylı xx.xx.2018-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 6 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% -i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 46571,06 manat pensiya kapitalı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 İş İdarəsi tərəfindən təqdim edilmiş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 09/xx/xx-7482 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 6 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% - i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 43731,31 manat pensiya kapitalı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 İş İdarəsi tərəfindən təqdim edilmiş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 09/xx/xx-14068 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 6 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 24295,17 manat pensiya kapitalı var. İddiaçı xx.xx.2004-cü il tarixli əmək kitabçasından görünür ki, o, 168/ş saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdə Aviasiya Təhlükəsizlik İdarəsinə hərbiləşdirilmiş mühafizə xidmətinə MA obyektlərinə və hava gəmilərinin mühafizəsi üzrə 2-ci dərəcəli keşikçi vəzifəsinə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə 163/ş saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. xx.xx.2004-cü il tarixdə 76/ş saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Hava Yolları X5 Aviasiya Şirkətinə aviaeskadrilyanın İL-76 tipli HG-nin bort operatoru vəzifəsinə 7-ci dərəcə ilə qəbul olunmuşdur. 48/ş saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2006-cı il tarixdə 80ş-1 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən "xxxx" Aviaşirkətində uçuş dəstəsində İL-76 tipli HG-nin bort operatoru vəzifəsinə qəbul edilmişdir. "xxxx" Aviaşirkətin 272-ÇS/SWA/CD saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 14 iyul tarixli 204 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası “Mülki aviasiya haqqında beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Dövlətin İCAO-nun üzvü olduğunu rəhbər tutaraq, bu təşkilatın mülki aviasiya sahəsi ilə bağlı tələblərinə tərəfindən riayət edilməsi zəruridir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 23.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların təlbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 – “Təyyarənin uçuş ekipajı”). “ll-76” tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat") ilə İstehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla “Silk Way Aviaşirkəti" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru" vəzifəsi daxıl olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatının tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənləri nəzərə alaraq, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir.“ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının tamhüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Bort operatorlar heyət üzvləri hesab edilirlər, eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər.Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin) göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubda bildirilmişdir ki, əlavədə adları qeyd edilən mütəxəssislərin "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətində bort operatoru vəzifələrində uçuş heyətinin üzvləri qismində fəaliyyət göstərdiklərini təsdiq edir. Təqdim edilmiş müvafiq siyahının 12-ci sırasında İddiaçı adı qeyd edilmişdir (İL-76 tipli HG-nin Bortoperatoru; işə qəbul tarixi – 09 yanvar 2006-cı il; lisenziya nömrəsi – FA/LML 00066). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında **********0 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən təyin edilmiş pensiya “9.3 – Bort operator” səbəbi ilə dayandırılmışdır (Hazırkı pensiya məbləği – 573,44 manat). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********8 saylı xx.xx.2022-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında qərarına əsasən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2011-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilmişdir. İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qeyd edilmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya “İL-76 T (TD)” hava (yük) gəmisinin bort operatoru olaraq xx.xx.2011ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş və xx.xx.2022-ci il tarixli qərarlarla güzəştli şərtlərlə yaşa görə pensiya ödənişi dayandırılmış və təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Cavabdehin dəlilləri onunla bağlıdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76” tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Bununla bağlı bildirilir ki, Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür”. Cavabdehin dəlili ilə bağlı Kollegiya bildirir ki, hazırkı işdə normativ hüquqi aktla texniki normativ hüquqi akt ziddiyyət təşkil etmir. Sadəcə olaraq hazırkı işə tətbiq edilməli olan normalar qarşılıqlı olaraq təhilil edilərək tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “..Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər” Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarından:

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Hava gəmilərinin bort operatorları (geniş anlamda) aviasiya pesonalına daxildir. Lakin nəzərə almaq lazım gəlir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən onlar daha dəqiq anlamda hava gəmisinin ekipajına daxildir. Qeyd edilən ekipaj (uçuş heyəti) isə öz növbəsində iki tərkib hissədən ibarətdir: 1) Kabin heyəti (pilotlar, naviqator (şturman), bort mühəndisi, bortmexanik və digər uçuş mütəxəssisləri); 2) Salon heyəti (bort bələdçiləri, stüard və stüardessalar və s.) Bort operatorlar tərəfindən həyata keçirilən işin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onların fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında dolayısı ilə iştirak edilməsi məsələləri bort operatorların “digər uçuş mütəxəssisləri” sırasında daxil olmalarını labüdləşdirir. “İL-76” tipli hava gəmisinin “Uçuz istismarı üzrə Təlimatı” ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmisnin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olmuşdur. “ИЛ-76Т” hava gəmisinin uçuş istismarı ilə bağlı rəhbər təlimata əsasən hava gəmisi iriqabaritli texnikanın və yüklərin magistral hava xətlərində daşınması üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: -hava gəmisimim komandiri; hava gəmisinin pilotu; -naviqatoru; -bortmühəndisi; -bortradisti; -böyük bortoperatoru; bortoperatoru. "xxxx" MMC tərəfindən bildirilmişdir ki, “İL 76” tipli hava gəmilərinin “uçuş istismarı üzrə təlimat”ı ilə İstehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan İl 76 tipli hava gəmilərinin uçuş heyyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edilmişdir ki, ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı təlimatından: 4.1.2. Avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. 4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar. 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. 5.4.2-ci bəndə əsasən "xxxx" avia şirkətində kabin heyəti nəzərdə tutulmamışdır. 5.2.8-ci bəndə əsasən bort operatorlar uçuş heyyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar. Qeyd edilənlərdən göründüyü kimi, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət hesab olunduğundan və hazırkı işin hallarına əsasən “İL-76 T (TD)” hava gəmisinin sahibi (təlimata əsasən) və istismarçısı ("xxxx" MMC) tərəfindən bort operatoru uçuş heyətinin “digər uçuş mütəxəssisləri”nə aid edilmişdir. Əmək pensiyaları haqqında Qanunun hazırkı redaksiyasından: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.3. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1 və 9.3-cü maddələr yuxarıda qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, iddiaçıya Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməli olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar