Məhkəmə qərarları › İş №2-1(103)-3466/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3466/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3466/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə müvafiq dəyişikliyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5422/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun N №- li hərbi hissəyə bölmə rəisi vəzifəsinə təyin oluması haqqında Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək N №-li hərbi hissədə zabit kimi hərbi xidmət keçmişdir. O, N №-li hərbi hissədə bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət keçərkən xx.xx.2023-cü il tarixdə heç bir əsas olmadan aşağı vəzifəyə - N №-li hərbi hissədə bölmə rəisi vəzifəsinə keçirilmiş və həmin vəzifədən də ehtiyata buraxılmışdır. Nəticədə ona aşağı vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin olunmuşdur. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən onun aşağı vəzifəyə keçirilməsi haqqında müvafiq əmrdə dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi qeyd olunmalıdır: 1. o, dəfələrlə səhhətini əsas gətirərək aşağı vəzifəyə keçirilməsini xahiş etmişdir, 2. səhhətində baş verən problemlərlə əlaqədar o, bir neçə dəfə sıra düzülüşlərinə gecikmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat olunmuş, 44 günlük “Vətən Müharibəsində” xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində “barotravma” xəsarəti almış, xx.xx.2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarəti almış, aldığı travmalarla əlaqədar tez-tez psixoloji sarsıntılar keçirmiş, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çətinlik çəkmişdir (əsas: 9851 №-li, xx.xx.2023-cü il tarixli “X1”). Hesab edir ki, onun səhhətindəki problemlər və əvvəlki müraciətləri nəzərə alınmaqla N №-li hərbi hissəyə aşağı vəzifəyə təyin olunması haqqında Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli müvafiq nömrəli əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi göstərilməlidir. Bununla əlaqədar o cavabdehə müraciət etsə də, ona xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı halda mübahisə predmeti Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 23 iyun 2023-cü il tarixli 0184 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Mübahisələndirilən inzibati akt - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 0184 nömrəli əmri 23 iyun 2023-cü il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 23 iyul 2023-cü il tarixdə bilmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 23 iyun 2023-cü il tarixli 0184 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni 2024-cü ilin yanvar ayının 5-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. Cavabdeh məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı, iş materiallarına və iddia ərizənizə əsasən müəyyən olmuşdur ki, iddiaçı mübahisəli xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdən daha öncə məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmaqla xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 3-25-4/2-5973/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, hətta məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müvafiq tələblə müraciət edərək əmrin ona aid hissədə ləğv edilməsini tələb etmişdir. Eyni zamanda, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0867 nömrəli əmri ilə ehtiyata buraxılarkən mübahisəli əmrdə göstərilən vəzifəni artıq uzun müddət tutmaqda olmuş, sonuncu əmrlə həmin vəzifədən ehtiyata buraxılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən əmrdən daha əvvəl məlumatlı olmasına baxmayaraq, İPM-də nəzərdə tutulmuş müddətlərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddiaçıya İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, onun tərəfindən iddianın verilməsi üçün prosessual müddət buraxılmışdır. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti bərpa olunmalıdır. O, xx.xx.2023-cü il tarixdə aşağı vəzifəyə keçirilmişdir. Sağlamlıq vəziyəti isə xx.xx.2023-cü il tarixdə şəhadətləndirilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Mərkəzi Hərbi Hospitalında müalicədə olmuşdur. Yuxarıda göstərilənlərə əsasən buraxılmış iddia müddətinin bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Fərid İsmayılzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının N nömrəli hərbi hissəyə bölmə rəisi vəzifəsinə təyin olunması haqqında xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdə müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, iddianın mümkün hesab edilməməsi ilə bağlı hissəsində isə yalnız qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmayaraq ədalətsiz qərardad qəbul edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli 0184 nömrəli əmrdən daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, tələbinə münasibətdə cavabdeh tərəfindən verilmiş inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5422/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Cahangir Yusifov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar