Məhkəmə qərarları › İş №2-1(103)-3469/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3469/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3469/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6036/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xəstəliklərinin müsbət yönə dəyişməsi qeyrimümkündür, səhhəti hazırda daha da ağırlaşır. xx.xx.2024-cü il tarixdə X5 müayinədə olmuş və müayinə nəticəsindən də görünür ki, xroniki postravmatik baş ağrısı, keçirilmiş açıq kəlləbeyin travması baş beyin silkələnməsinin nəticələri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan generalizə olunmuş tonik klonik qıcolma tutmaları, üzvi mənşəli emosional labil pozuntu, autoimmum tireadit diaqnozları müəyyən edilmişdir. O, xx.xx.2024-cü il tarixdə Rezonans Klinikada MRT müayinəsində olmuşdur. Həmin müayinədən də görünür ki, türk yəhəri likvorla dolu izlənilir, hipofiz vəzin yastılaşması və ölçülərində kiçilmə qeyd edilir (qismi "boş sella"). Hər iki median temporal payda incəlmə və T2 hiperintens siqnal dəyişikliyi qeyd edilir (mezeal temporal skleroz). Xəstəliklərindən biri də ağır qəza nəticəsində hipofiz vəzinin funksiyasının pozulması olmuşdur. Hipofiz vəzinin funksiyasının pozulması nəticəsində daim yay-qış üşümələri olur. Hipofiz vəzinin müalicəsi olmur. Həmçinin, epileptik tutmaların qarşısının alınması üçün hər gün (səhər iki, günorta iki, axşam iki ədəd) ümumilikdə 1200 mq Fillepsin dərmanı qəbul edir. Hipofiz vəzinin pozulması və kəllə-beyin travmasının nəticəsində haşimoto xəstəliyi üçün hər gün 150 mq eutiroks dərmanı qəbul edir. İddiaçı qeyd olunanlara əsasən, cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq 33 nömrəli Şəhər Poliklinikası 2767003AACPW nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə beş il müddətinə (xx.xx.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin G00203763LKİ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli, 143 saylı xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin silkələnməsi (2002), sağ təpə sümüyünün içəri basılmış köhnə qəlpəli sınığından sonrakı Cekson epileptik tutmalarla müşayiət olunan travmatik konveksital araxnoidit” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Xroniki autoimmun tireoidit (Haşimoto xəstəliyi), qalxanvari vəzinin funksiyasının cüzi dərəcədə pozulması ilə. Vertebrogen mənşəli lümbalgiya, natamam remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, sidik kanalında çoxsaylı poliplərdən, səhərlər saat 10-a qədər səsinin olmamasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmalarının həftədə 2-3 dəfə baş verdiyini, 2-3 dəqiqə davam etdiyini, qıcolma tutmasının videosunun insanlar tərəfindən çəkilərək “Tik-Tok” sosial şəbəkəsində yayıldığını, sonra oğlu tərəfindən həmin videonun sildirildiyini qeyd etmişdir. Müayinə zamanı başın təpə nahiyəsində çapıq, 4-5 mm-lik 1 sm uzunluğunda defekt qeyd edilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda qıcolma tutmasını tam təsvir edə bilməmiş, səhərlər daha çox olduğunu qeyd etmiş, medikamentoz preparatlardan “Finlipsal 200 mg 1 tablet 4 dəfə” qəbul etdiyini söyləmişdir ki, bu da uyğunsuzluq təşkil etmişdir. Təqdim olunmuş başbeyinin instrumental müayinə nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, EEQ dalğalarında epiaktiv ocaq qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənilmiş, ünsiyyətə həvəslə daxil olmuş, suallara adekvat cavablar vermiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. Ə.D.Məlikov adına X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 5373 saylı Çıxarışında diaqnoz “Keçirilmiş açıq kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Koqnitiv pozulmalar. Posttravmatik xroniki baş ağrıları. Postkontuzion sindrom. Tez-tez təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları (2 tutma). Pteriqium. Hipermetropiya. Dəqiqləşdirilməmiş tireoidit. Serebral atrofiya. Sağ təpə sümüyünün içəri bitişmiş köhnə sınığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaraxnoidal məsafə minimal artmışdır. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10x15 mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli Baş beynin MRT müayinəsinin nəticəsi “Supratentorial beyin paylarında ekstraaksial likvor məsafələrinin həcmlərinin konveksital kəsimlər səviyyəsində bir qədər artması. Virxov-Robin perivaskulyar məsafələrinin minimal genişlənməsi. Hər iki maksillar sinusda mukozal qalınlaşma, sol maksillar sinusu tama yaxın dolduran retension kista” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki posttravmatik baş ağrısı. Keçirilmiş açıq kəllə-beyin travması baş beyin silkələnməsinin nəticələri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan generalizə olunmuş tonik klonik qıcolma tutmaları. Üzvi mənşəli emosional labil pozuntu. Autoimmun tireadit” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının xx.xx.2024-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Türk yəhəri likvorla dolu izlənilir, hipofiz vəzin yastılaşması və ölçülərində kiçilmə qeyd edilir (qismi “boş sella”). Hər iki median temporal payda incəlmə və T2 hiperintens siqnal dəyişikliyi qeyd edilir (mezeal temporal skleroz)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Cavabdehndə xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beyinin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-6036/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-6036/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, iş üzrə ekspertiza təşkil edilmişdir. Almacıq və körpücük sümüklərimin, həmçinin ayağımdakı mövcud sınıq təsbit edilmişdir. 3 dəfə əməliyyat olunmuşdur. Əlilliyin təyin olunmamasına heç bir əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən epileptik tutmalarla (tutma sayı 1 ay ərzində 8-9 dəfə)” diaqnozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin G00203763LKİ nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri (2002-ci il). Dəqiqləşdirilməmiş ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı. Kəllə tağının sınığı. Təpə sümüyündə 10x15 mm ölçüdə içəriyə doğru batması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 25 oktyabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyəti ilkin olaraq 33 nömrəli Şəhər Poliklinikası 2767003AACPW nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə beş il müddətinə (xx.xx.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin G00203763LKİ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir”. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.2019-cu ildən 5 il müddətinə təyin edilmiş İİ dərəcə əlillikdəki diaqnozlar ilə zamanı onda mövcud olan diaqnozlar hazırda da müşahidə edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 143 saylı Xəstəlik haqqında Şəhadətnamədə qeyd edilən hərbi travma və xəstəlik hazırda iddiaçıda müşahidə edilməsi, xx.xx.2024-cü il tarixli, G00203763LKİ saylı göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) iddiaçıya xx.xx.2019-cu ildə təyin edilmiş əlillik zamanı göstərilən diaqnozlarla və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 143 saylı Xəstəlik haqqında Şəhadətnamədə qeyd edilən hərbi travma və xəstəlik ilə eyni, yaxud ayrı-ayrı xəstəliklərin olması, xx.xx.2024-cü il tarixli, G00203763LKİ saylı göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) öz təsdiqini tapdığı halda hansı bəndlərə uyğun olmasının müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T199/2025 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: “ … Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri (2002-ci il tarixində Hərbi xidmət zamanı). Ağırlaşmalar: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. G44.3 Xroniki posttravmatik baş ağrısı. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. S02.0 Kəllə tağının sınığı. Kəllə tağının sınığı. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10xl5mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu (Xidmət zamanı KBT nəticəsində). G40.3 Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Tez-tez baş verən qıcolma tutma ilə. E06.3Autoimmun tireoidit. Haşimoto xəstəliyi” diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə zamanı əlillik təyinatına əsas verəcək patofunksional dəyişiklik aşkar edilməmişdir. İddiaçı “Xroniki postravmatik baş ağrısı. Keçirilmiş açıq kəllə beyin travmasının nəticələri. Posttravmatik ensefalopatiya. Tez tez təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları. Üzvi mənşəli həyacan pozuntusu. Autoimmun tireoiditi. Sinusit. XBT 10 kodu üzrə-G44.3; T90; T90.5; G40.3; F06.4; E06.3; J32.9” diaqnozu ilə X5 23xx.xx.2025-ci il tarixlərdə stasionar müalicə almışdır. İddiaçı “Psixi Sağlamlıq Mərkəzi” public hüquqi şəxsində xx.xx.2025-ci il tarixdə həkim-psixiatr tərəfindən müayinə olmuş və ona “F07.0 Üzvi mənşəli (xidmət zamanı aldığı KBT nəticəsində) şəxsiyyət pozuntusu. Uzunmüddətli (lil) kompensasiya halı” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli, G00203763LKİ nömrəli göndərişdə (Forma88) olan diaqnozlar iddiaçıya xx.xx.2029cu ildə əlillik təyini zamanı göstərilən diaqnozlarla və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 143 saylı xəstəlik haqqında Şəhadətnamədə qeyd edilən hərbi travma və xəstəliklə ümumən eynilik təşkil edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.6-cı bəndinə əsasən Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Meyarların 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müraciətinə əsasən G00203763LKİ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Kəllədaxili travmaların nəticələri (2002-ci il). Dəqiqləşdirilməmiş ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı. Kəllə tağının sınığı. Təpə sümüyündə 10x15 mm ölçüdə içəriyə doğru batması” diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş T ******* №-li ekspert rəyi ilə, iddiaçıya əvvəl təyin edilmiş əlilliyin diaqnozu ilə, onun barəsində rəsmiləşdirilmiş G00203763LKİ nömrəli göndərişdə olan diaqnozlar eynilik təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əlilliyi təkrar əlillikdir və 2002-ci ildən həmin xəstəliklərdən əziyyyət çəkir. İddiaçıya 2019-cu il tarixdə əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi qərarına gəlmişdir. Halbuki, iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri (2002-ci il tarixində Hərbi xidmət zamanı). Ağırlaşmalar: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. G44.3 Xroniki posttravmatik baş ağrısı. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. S02.0 Kəllə tağının sınığı. Kəllə tağının sınığı. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10xl5mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu (Xidmət zamanı KBT nəticəsində). G40.3 Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Teztez baş verən qıcolma tutma ilə. E06.3 Autoimmun tireoidit. Haşimoto xəstəliyi”ndən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızdır. İddiaçıda Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri (2002-ci il tarixində Hərbi xidmət zamanı). Ağırlaşmalar: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. G44.3 Xroniki posttravmatik baş ağrısı. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. S02.0 Kəllə tağının sınığı. Kəllə tağının sınığı. Təpənin sağ yuxarı arxasında təpə sümüyündə 10xl5mm ölçüdə içəriyə doğru batıqlıq qeyd olunur. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu (Xidmət zamanı KBT nəticəsində). G40.3 Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Teztez baş verən qıcolma tutma ilə. E06.3 Autoimmun tireoidit. Haşimota xəstəliyi”nin olması da iş materiallarında olan tibbi sənədlər və eksert rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası iddiaçının əlilliyin orqanizmin funksiyaların pozulması faizi və əlilliyin təyin edilmə müddəti ilə bağlı qeyd edir ki, iddiaçıda əsas diaqnozla yanaşı xəstəliklər və ağırlaşmalar mövcuddur. İddiaçının həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə uyğun olması və hansı faiz dərəcəsi və hansı müddətdə olmasını cavabdeh tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-6036/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar