Məhkəmə qərarları › İş №2-1(103)-347/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-347/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-347/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X7, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxslər X1, X5, X6 iştirakları ilə, İddiaçı ğlunun cavabdeh AR İN ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: X3 və d.) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3, X10, X11, X4 3-cü şəxs qismində işə cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş qeydiyyat nömrəli **********, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, **********7 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Bakı şəhər Bağlar İdarəsi tərəfindən onun ərizəsi əsasında ailəsinə Dübəndi bağ massivində bağ sahələri ayrılmış və ona bağ kitabçaları verilmişdir. O, da həmin bağ sahələrində özünə ev tikməyə başlamışdır. Hal-hazırda da, ailəsi ilə birgə orada yaşayır. 2007-ci ildə Bağlar İdarəsi ondan həmin bağ kitabçalarını yığaraq onlara izah etmişdir ki, həmin kitabçaların əvəzinə onlara müqavilələr təqdim olunacaq. Eyni zamanda bildirir ki, Bağlar İdarəsindən bildirmişlər ki, sözü gedən torpaq sahəsi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir. Lakin, onlar rəsmi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət etmişlər və həmin bağ sahələrindən imtina ediblər. Ona görə də, həmin bağ sahələri müqavilə ilə ona verəcəklər. X9 İdarələri ləğv edilmiş və bağlara sənəd verilməsi dayandırılmışdır. O, isə artıq orada ev tikmişdir və hal-hazırda orada ailəsi ilə yaşayır. Eyni zamanda məhkəməyə bildirir ki, cavabdeh tərəfindən vətəndaşlara verilmiş çıxarışlar saxtadır və həqiqətə uyğun deyildir. Belə ki, torpaqları özəlləşdirərkən reyestr xidmətindən mühəndis yerə baxış keçirməli idi və baxış zamanı məlum olsa ki, orada qeyri bir vətəndaş artıq ev tikib yaşayırsa, onların ixtiyarı yox idi ki, onu özəlləşdirsin. Eyni zamanda bildirir ki, özəlləşmiş sənədlərdə əsas göstərilib ki, həmin sənəd xx.xx.2019-cu il tarixli Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi protokoldan çıxarışdır. Heç vaxt X13 vətəndaşlara protokoldan çıxarış etməyib və etməyə də, ixiyarları yoxudr. Ona görə ki, protokoldan çıxarışlar müəssisələrin bağlar yoldaşlıqları tərəfindən tərtib olunurdu. Bundan əlavə çıxarışlar göstərir ki, bağ sahələrinin nömrələri 11,12,13 və 14-dür. Həmin yerdə elə nömrəli bağlar mövcud deyildir. Çıxarışlara nəzər salınsa, çıxarışlarda nə nömrə, nə də seriya vardır. Bunlar hamısı onu sübut edir ki, çıxarışlar saxtadır və məhkəmə tərəfindən ləğv olunmalıdır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin bu barədə müvafiq sərəncamları vardır: 1342 nömrəli, xx.xx.1996-cı il tarixli, 124 nömrəli, xx.xx.1998-ci il tarixli, 94 nömrəli, xx.xx.2006-cı il tarixli. Bu sərəncamlara əsasən belə çıxarışın verilməsi qeyri-qanunidir. Qonşular tərəfindən tərtib olunmuş akta əsasən məlumdur ki, o, orada 2003-cü ildən ailəsi ilə birlikdə yaşayır və indiyə qədər heç kim bu torpağa dair iddia irəli sürməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərərdadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X3 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X10 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X11 iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə qeyd etmişdir ki, iddiaçı 3-cü şəxslərə məxsus çıxarışın qanunsuz və əsassız olduğunu iddia edərək, həmin çıxarışların ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən 3-cü şəxslərə verilmiş çıxarışla onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.4 və 38.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4557/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar