Məhkəmə qərarları › İş №2-1(103)-347/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-347/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-347/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı «əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya əmək haqqının ödənilməsi iddia tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2667/2021 saylı 29.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun daxili işlər orqanından xidmətdən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Yasamal rayon Polis İdarəsinin 13 avqust 2013-cü il tarixli, Ə 42 ş/h saylı əmrinə əsasən Yasamal rayon Polis İdarəsini polis nəfəri kimi xidmətə qəbul olunmuşdur. O, 13 avqust 2020 ci il tarixdə idarə etdiyi xidməti Fiat markalı ** AP *** dövlət nömrə nişanlı maşınla manqa komandiri X8, polis serjantı X3 ilə birlikdə xidmət apararkən, təxminən saat 16:30 radələrində bir qara rəngli “Wolkswagen” markalı avtobilin sürücüsü avtomaşının qabaq faraları ilə avtomaşını saxlamaq üçün onlara işarə xahiş edərək avtomaşını saxlayıb onlara yaxınlaşmışdır. Manqa komandiri ilə öz avtomaşınından düşmüş, Pünhan Cəbrayılov isə avtomaşında qalmışdır. Onlar, təxminən, 30-35 yaşlarında olan həmin şəxsə özlərini təqdim etdikdən sonra, həmin şəxs evini mühafizə etdirmək niyyətini onlara bildirmiş, bundan sonra, onlar həmin şəxsə nazirliyin Mühafizə Polisinə müraciət etməyinin lazım gəldiyini bildirmişlər. Həmin şəxs yaşadığı evin Yasamal rayonu, Ə.Əhmədov küç, Albalı Uşaq bağçasının yanında olmasını demiş, bundan sonra, onların çox əziyyət çekdiklərini, karantin vaxtında çox yorulduqlarını deyərək polis övladı olduğunu, yaxınlarının polis əməkdaşları olduğunu bildirib, öz istəyi ilə əlini cibinə salaraq onlara nahar etmək üçün pul vermək istədikdə, o, həmin şəxsə iki dəfə etiraz etmiş və qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs isə təkidlə, onlara nahar etmək üçün 30 manat pul vəsaitini onun ovucuna basmış və dərhal oranı tərk etmişdir. Onlar xidmətlərini davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatını xərcləyib dönər almışlar. Xidmətlərini davam edib, 38 saylı tam orta məktəbin yanından keçərkən, onlara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynayan meydançada 3 nəfərin narkotik vasitə qəbul etdiklərini bildirmiş, onlar da həmin yerə yaxınlaşanda həmin narktik vasitə qəbul edən şəxslər qaçmağa başlamışlar. Onlar həmin şəxslərdən iki nəfərini tutub xidməti avtomaşının yanına gətirib xidməti avtomaşının yanına çatanda görmüşlər ki, avtomaşının hərəkətini üç avtomaşın ilə dairəvi məhdudlaşdırılıb, eyni zamanda, orada 7 nəfər mülki paltarda şəxslər var. Həmin mülki geyimdə olan şəxslərdən biri vəsiqə göstərmədən, polis polkovnik- leytenantı olmasını bildirmişdir.Mülki paltarda olan həmin şəxslər onlara bildirmişlər ki, onlar Bakı Baş Polis İdarəsinə getməlidirlər. Hər üçü etiraz edərək tutduqları şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalı olduqlarını bildirmiş, lakin onları və tutduqları hər iki şəxsi Bakı Baş Polis idarəsinə Bakı Baş Polis İdarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmiş və idarə rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa, çıxarıb masanın üstünə qoysunlar. Onun cibində 10 manatlq əskinaz və 40 qəpik pul və silah əvəzedici olduğu üçün masanın üstünə qoymuş, bundan sonra, digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxmış 10 manatlıq əskinazı işıqlandırdıqda, “rüşvət” sözü yazıldığını görmüş, bundan sonra, o, həmin pulu yuxarıda qeyd etdiyi kimi nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı,soyadı məlum olmayan şəxs tərəfindən verildiyini bildirmişdir. Məsələni təhlil edərkən, onlara məlum olmuşdur ki, həmin pul əskinazlarını əvvəlcədən üzərinə “rüşvət” sözü yazıb qarşısına çıxan hər-hansı xidmət aparan polis ekipajında xidmət edən əməkdaşlara qarşı təhrik etmə qaydasında qanun tələblərini pozmaqla bu cür əməliyyat aparılıb. İddiaçı hesab edir ki, tərəfindən “Polis haqqında” Qanun hər-hansı maddəsi, əmri pozulmamışdır. Həmin şəxs könüllü onlara yardım qaydasında nahar etmək üçün təkidlə ona pul verməsi hər-hansı qanun pozuntusu yaratmır. İşlədiyi 8 il 07 ay 8 gün ərzində hərhansı intizam tənbehi olmamışdır. Əksinə, xidməti nümunəvi qaydada etməklə 3 dəfə təşşəkür, 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Buna görə, barəsində çıxarılmış əmr əsassız və qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2021 saylı 29.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən İPM-in maddələrini düzgün tətbiq etməmişdir. Tərəfindən foto-cədvəli təqdim etməklə Bakı Baş Polis İdarəsinin əməliyyatçısı barədə adını soyadını təhrif etmək qaydasında müraciət edib bu əməliyyatı aparmaqla, iddiasında göstərdiyi halları nəzərə almadan, sonradan müəyyən etdikləri polis işçisi olduğunu müəyyən edib. Onu dəvət edib ifadəsini almaq əvəzinə, əksinə, polis əməkdaşının qeyri-qanuni əməlini ört-basdır edərək cavabdehlikdən yayındırmaqla, həm maddi, həm də prosessual normalar pozulmuş qaydada hazırkı qərarı qəbul etmişdir. Hesab edir ki, bu qaydada qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı C.Mustafayev və onun vəkili M.Cəbrayılov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Y.Həmidli izahatında, iddiaçının 13.10.2020-ci il tarixində heç bir zərurət olmadan “Wolkswagen” markalı avtomobilin sürücüsü ilə öz şəxsi maraqları məzmununda söhbətlər aparıb, ondan pul qəbul edərək məqsədinə nail olduqdan sonra oradan getdiyini, bununla da daxili işlər orqanı əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı BPİ-nin 14.10.2020-ci il tarixli əmri ilə ”Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İşin hazırkı apellyasiya baxışına, üçüncü şəxs qismində işə cəlb olunmuş Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi məhəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmri ilə “Daxili işlər orqanlarına xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi isə nəzərdə tutur ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Birinci instansiya məhkəməsi qərarından görünür ki, məhkəmə, iş materiallarına əsasən müəyyən etmişdir ki, Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki: “Yasamal RPİ PPXB-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (izahatlarda), əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Eləcə də, İddiaçı tərəfindən, Bakı şəhər Baş Polis İdarəsin tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. İddia ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, işə əlavə olunmuş Cinayət Axtarışı İdarəsinin rəisinin Bakı şəhəri BPİ-nin rəisinə ünvanlanmış 13.10.2020-ci il tarixli raportunda bildirilir ki, Yasamal rayonu ərazisində “X10” ətrafında “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan serjant rütbəli iki polis əməkdaşı imkanlı şəxs təsəvvürü yaradan vətəndaşlara yaxınlaşaraq maddi köməyə ehtiyaclarının olmasını bildirərək 5-10 manat pul istəmələri barədə məlumat daxil olmuşdur. Göstəriş əsasında 13.10.2020-ci il tarixində keçirilmiş tədbirlərdə imkanlı şəxs təsəvvürü yaradan Yasamal rayonu, Yeni Yasamal ərazisində yolun kənarında dayandığı müddət ərzində 58-60 çağırışlı avtopatrulda xidmət aparan Yasamal RPİ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı və polis nəfəri, polis kiçik serjantı Pünhan Cəbrayılovun həmin şəxsə yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra ondan pul alması müşahidə olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş “Yasamal RPİ PPXB-nin əməkdaşları barəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair” Bakı şəhər BPİ-nin rəisi tərəfindən təsdiq edilmiş 14 oktyabr 2020-ci il tarixli rəyinə (surətinə) əsasən müəyyən olunur ki, məsələ ilə bağlı aparılmış xidməti təhqiqat yoxlaması nəticəsində Yasamal RPİ PPXB-nin polis nəfərləri İddiaçı və Pünhan Cəbrayılovun inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədlə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol vermiş, manqa komandiri Alı İmanovun tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə yüksək məsuliyyət hissi ilə yanaşmalarını təmin etmək əvəzinə, xidmət apardıqları və tabeliyində olan əməkdaşlar tərəfindən yol verilmiş ciddi nöqsanların qarşısını vaxtında almamış, DİN-in aidiyyəti əmr və göstərişlərinin tələblərinə uyğun təşkil etməmişlər. Eyni zamanda, işə əlavə olunmuş xidməti təhqiqat yoxlaması zamanı izahatı alınmış Yasamal RPİ PPXB-nin polis nəfəri-sürücüsü iddiaçı İddiaçı izahatında idarə etdiyi “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı, 58-60 çağırışlı avtopatrulla manqa komandiri Ali İmanovla, polis nəfəri Pünhan Cəbrayılovla xidmət apararkən “Albalı” uşaq bağçasının yaxınlığında bir nəfər şəxsin nömrəsini görmədiyi “Volkswagen” markalı avtomobilin onlara yaxınlaşıb evinə mühafizə siqnalının çəkilməsi ilə bağlı məlumat əldə etmək istədiyini, ona məlumatı verdikdən sonra isə həmin şəxs onlara pul təklif etdiyini və onlar həmin şəxsdən 30 manat məbləğində pulu götürdüklərini, bundan sonra həmin pulun 10 manatına dönər aldıqlarını, 10 manatını isə iddiaçı özündə saxladığını, qalan 10 manatını isə Pünhan Cəbrayılova verdiyini, daha sonra sonra 2 nəfər şəxsin onlara yaxınlaşıb məktəbin həyətində 3 nəfər şəxsin narkotik vasitədən istifadə etdiyini, daha sonra onları avtopatrula əyləşdirib Bakı şəhər BPİ-nə gətirildiklərini bildirmişdir. İşə əlavə olunmuş RPİ PPXB-nin polis nəfəri, polis kiçik-serjantı X1 və manqa komandiri, polis baş serjantı X7 13.10.2020-ci il tarixdə alınmış izahatlarından görünür ki, iddiaçının qeyd etdiyi hallar təsdiq etmişlər. Ən azından, iddiaçının iddia ərizəsində şərh etdiyi hallardan göründüyü kimi, işin yuxarıda tədqiq olunan sübutlarla müəyyən edilən halları təkzib olunmur, əksinə etiraf olunur. Qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə verdiyi izahatlarında da qeyd olunan tədqiq olunan raportda və xidməti yoxlama təhqiqatına dair rəydə göstərilənləri təkzib etməmişdir. «Polis haqqında» Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə gəlb edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinə əsasən polis əməkdaşı: - xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir. - öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır. Xidməti vəzifələrin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiyi orqana akt üzrə təhvil verilməlidir (maddə 6). - xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir (maddə 6-1; 3-cü abz.); - fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmalıdır (maddə 6-2; 1-ci h.); - birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir (maddə 14; 2-ci h.); - xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir(maddə 20 1-ci h.) İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin qeyd olunan tələblərinə əməl etməmişdir. Sözügedən Kodeksin də 22-ci maddəsinin 2-ci hissəsinə əsasən etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu, eləcə də “Polis haqqında” Qanunun 34-cü maddəsinin 9-cu bəndləri isə nəzərədə tutur ki, polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı xidmətdən xarici edilə bilər. Göründüyü kimi, polis əməkdaşı olan iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələn vəzifələrinə riayət etməməsi və polis adına ləkə gətirən hərəkətələrə yol verməsi onun xidmətdən xaric edilməsinin əsasını təşkil etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsindən görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin 14.10.2020-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin düzgün araşdırılmadığını, qəbul etdiyi qərarın həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2667/2021 saylı 29.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2021 saylı 29.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar