Məhkəmə qərarları › İş №2-1(103)-347/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-347/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-347/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Qazax rayonunda anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə, xüsusən də 1981-1997-ci illər ərzində Sumqayıt Kompressorlar zavodunda alət sexində termist işləmişdir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 il 6 ay sosial sığorta stajı var və bu müddətin 15 il 11 ay 25 günü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Belə ki, xx.xx.1976-xx.xx.1977-ci illərdə 09 ay 19 gün, xx.xx.1977-xx.xx.1978-ci illərdə 01 il 04 ay, xx.xx.1978-xx.xx.1980-ci illərdə 02 il 01 ay, xx.xx.1981-xx.xx.1997-ci illərdə 16 il 06 ay 06 gün işləməklə ümumi stajı cəmi 20 il 8 ay, bundan xx.xx.1981-xx.xx.1997-ci illərdə 15 il 11 ay 25 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 11-ci bölməsinin 1110100A- 1900 saylı şrifti ilə müəyyən edilmiş vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli cavabı ilə iddiaçının ümumi iş stajının 25 ildən az (20 il 07 ay 29 gün) olması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsasları ilə müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı xx.xx.2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (20 il 7 ay 29 gün) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14867,20 manat təşkil edir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Azərbaycan Respublikasının Qazax rayonunda doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 521 saylı, xx.xx.1977-ci il tarixli attestatdan surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 91 saylı Sumqayıt Texniki Peşə Məktəbində tokar ixtisası üzrə təhsil almışdır. İş materiallarında olan iddiaçıya məxsus olmaqla xx.xx.1978-ci ildə açılmış ИТ seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci il tarixli 41 saylı əmrə əsasən xx.xx.1977-ci il tarixdən Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyətinə başlamış, xx.xx.1978-ci il tarixdən hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə qədər Sovet ordusunda hərbi xidmət etmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Sumqayıt Kompressorlar zavodunun yığma sexində qaynaq sahəsinə 2-ci dərəcə çilingər – yığıcı vəzifəsində (xx.xx.1981-ci il tarixli 16 saylı əmr), xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər termist (əmr 76, xx.xx.1997) işləmişdir. İş materiallarında olan “Sumqayıt Kompressorları“ ASC tərəfindən verilmiş xx.xx.2017ci il tarixli 54 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Sumqayıt Kompressorlar“ zavodunda alət sexində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının 11-ci bölməsinin 1110100a-1900 saylı şrifti ilə müəyyən edilmiş termist peşəsində işləmişdir. İş materiallarında olan “Sumqayıt Kompressorları“ ASC tərəfindən məhkəmə sorğusu ilə verilmiş 01 saylı xx.xx.2022-ci il arayışdan görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixli 41 saylı əmrə əsasən xx.xx.1977-ci il tarixdən Sumqayıt Kompressorlar zavodunda əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixli 176 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi həmin zavodun alət sexində termist işləmiş, xx.xx.1997-ci il tarixli 76 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 283 saylı Sərəncamına əsasən Sumqayıt Kompressorlar zavodunun hüquqi varisi olaraq "xxxx" ASC yaradılmışdır. Sumqayıt Kompressorlar zavodunun alət sexində işləyən termistlərin əmək funksiyası metalı isti halda əllə doldurub boşaltmaqdan ibarət olmuşdur. Sumqayıt Kompressorlar zavodunun alət sexinin fəaliyyəti metal emalı sahəsinə aiddir və həmin alət sexlərində işləyən termistlər əmək funksiyasını xüsusilə zərərli və xüsusilə ağır şəraitdə yerinə yetirdiklərindən, İddiaçı işlədiyi sahə, yerinə yetirdiyi əmək funksiyası və əmək şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 11-ci (Xİ. Metal emalı) bölməsinin 1110100A-19100 nömrəli şiriftinə uyğundur. İddiaçı güzəştli iş stajının ümumi müddəti 16 il 10 ay təşkil edir. Sorğunun “işə qəbul və işdən azad olunma barədə əmrlər, əmək haqqı cədvəllərinin surətlərinin” təqdim olunması hissəsi ilə bağlı bildirilmişdir ki, Sumqayıt Kompressorlar zavodu "xxxx" ASC-nin balansına verildikdən sonra və hal-hazırda fəaliyyət göstərmir. Sumqayıt Kompressorlar zavoduna məxsus arxiv materialları saxlanılmadığından və "xxxx" ASC-yə təhvil verilmədiyindən işçilərin işə qəbul və işdən azad olunma barədə əmrlər, əmək haqqı cədvəllərinin surətlərinin təqdim edilməsi faktiki olaraq imkan xaricindədir. İş materiallarında olan iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********5 saylı imtina məktubu ilə bildirilmişdir ki, ümumi iş stajı 25 ildən az (20 il 7 ay 29 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14867,20 manat təşkil edir. Bu səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. İşdən görünür ki, iddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. Belə ki, cavabdehin imtina məktubundan da göründüyü kimi hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə istinad edərək, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi tətbiq edilməli idi. Həmin maddənin tələbləri iddiaçıya münasibətdə yarandığı üçün ona cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi əsassızdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2011-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazın eynilik təşkil edən göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 91 saylı Sumqayıt Texniki Peşə Məktəbində tokar ixtisası üzrə təhsil almış (9 ay 16 gün), əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə qədər Sovet ordusunda hərbi xidmət keçmiş (2 il 01 ay), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Sumqayıt Kompressorlar zavodunda tornaçı, termist (1 il 04 ay), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Sumqayıt Kompressorlar zavodunun yığma sexində qaynaq sahəsinə 2-ci dərəcə çilingər – yığıcı (06 ay 04 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər termist vəzifələrində işləmişdir (15 il 10 ay 01 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 06 ay 21 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin “Sumqayıt Kompressorları“ ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 54 saylı arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Sumqayıt Kompressorlar“ zavodunda alət sexində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının 11-ci bölməsinin 1110100a-19100 saylı şrifti ilə müəyyən edilmiş termist peşəsində işləmişdir (15 il 10 ay 01 gün). İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 15 il, 10 ay 01 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod- 1110100a-19100) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar