Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-347/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «birdəfəlik müavinətin verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fövqəladə hallar orqanlarından yaşa görə pensiyaya çıxdığına görə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-4911/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 22 il fövqəladə hallar orqanlarında xidmət etmişdir və 2022-ci ilin oktyabr ayında ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli Qanununun 23.13-cü maddəsinə əsasən, “pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir”. Göstərilən Qanunun maddəsini rəhbər tutaraq 21 oktyabr 2022-ci il tarixdə ona müavinətin ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 17 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 0316/ş nömrəli əmrinə əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-1-ci və 31.13-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndlərinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmiş və bu səbəbdən də ona vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona fövqəladə hallar orqanlarından yaşa görə pensiyaya çıxdığına görə vəzifə və rütbə maaşlarının 6 misli məbləçində birdəfəlik müavinət ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia tələbi təmin edilməmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli Qanununun 23.13-cü maddəsinə əsasən, “pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 mis məbləğində birdəfəlik müavinət verilir”. Göründüyü kimi bu maddə əməkdaşın “pensiyaya çıxması” halını hüquqi fakt kimi qəbul edərək bu halı ona müavinətin ödənilməsi əsaslarından biri kimi təsbit etmişdir. Yəni, səbəbindən asılı olmayaraq, fövqəladə hallar orqanı əməkdaşı pensiyaya çıxırsa, ona göstərilən məbləğdə müavinət ödənilməlidir. Cavabdeh xx.xx.2021-ci il tarixli 0316/ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilsə də, bu, pensiya hüququnun yaranmasına mane olmamış və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununun 23.13-cü maddəsində nəzərdə tutulmuş müavinət almaq hüququ yaşa görə pensiyaya çıxmış şəxslərə də şamil edilir. Qanunun fövqəladə hallar orqanlarından xaric edilmiş şəxslərin bu müavinəti almaq hüququnu məhdudlaşdıran heç bir norma müəyyən etməmişdir. Əksinə, bu müavinətin alınmasını pensiyaya çıxmaqla əlaqələndirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda qeyd etmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi kobud pozuntulara görə fövqəladə hallar orqanlarırdan xaric edildiyindən onun qanunda göstərilən həmin müavinəti almaq hüququ yoxdur. Lakin cavabdeh bu mövqeyini qanunvericilikdə təsbit edilmiş heç bir maddi hüquq norması ilə əsaslandıra bilməmişdir. İddiaçı qanunla müəyyən edilmiş qaydada fövqəladə hallar orqanlarından pensiyaya çıxmışdır. Belə ki, cavabdehin tərtib etdiyi məlumat vərəqəsi əsasında Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə 578.93 manat pensiya təyin edilmişdir. Qanun fövqəladə hallar orqanlarından hər hansı bir əsasla xaric edilərək pensiyaya çıxmış şəxsin müavinət almaq hüququnu məhdudlaşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Cavabdeh xx.xx.2021-ci il tarixli, 0316/ş nömrəli əmrinə əsasən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 33.1.12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmisiniz. Yuxarda qeyd olunanları nəzərə alaraq, Sizə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh “Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” 0316/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətinin yoxlanması zamanı vəzifələrinin icrasına səhlənkar yanaşaraq “Yanğın nəzarət-müşahidə” qovluqlarında obyektə aid sənədləri tam toplanmadığı, yanğın-texniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq cavabdeh şəxslər barədə inzibati xəta haqqında protokol tərtib etmədiyi, bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə" məktubları tərtib etdiyi müəyyən edilmiş və bununla da o, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasi Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22ci yarımbəndini rəhbər tutaraq, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” **********0 nömrəli xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 578,93 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndinə əsasən nazir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 23.9. Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir. 23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikasının Cavabdeh 0316/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasi Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndinə uyğun olaraq, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı ona fövqəladə hallar orqanlarından yaşa görə pensiyaya çıxdığına görə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsinin tələblərinə əsasən vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət aşağıda qeyd edilənlərlə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara verilir: pensiyaya çıxma; struktur və ştat dəyişiklikləri; bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi. İş materiallarından isə görünür ki, iddiaçı vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Göründüyü kimi, iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi onun öz vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi ilə bağlı olmuşdur, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-347/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-347/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver