Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3470/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X25 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X17 və qeyriləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanından X17, X12, X18, X19, X5, X26, X6, X49, X13, X3, X32, X27, X43, X37, X10, X11, X20, X14, X21, X33, X28, X34, X1, X4, X15, X29 və X22 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X17, X12, X18, X19, X5, X26, X6, X49, X13, X3, X32, X27, X43, X37, X10, X11, X20, X14, X21, X33, X28, X34, X1, X4, X15, X29, X38 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı bu yaxınlarda evini satmaq istəyərkən müvafiq arayışları topladıqda sözügedən ünvanda tanımadığı üçüncü şəxslərin qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı məsələni araşdırsa da, onunla heç bir əlaqəsi olmayan üçüncü şəxslərin qeyd olunan evə necə qeydiyyata düşməsi ona məlum olmamışdır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, lakin iddiaçının müraciətindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslərdən X12 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2023-cü il tarixli arayışında qeyd olunduğu kimi üçüncü şəxs X12 həmin mənzildə faktiki qeydiyyatda olmuşdur və şəxslərin məlumatlandırılmadan qeydiyyatdan çıxarılmaları onların ölkədaxili fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırda faktiki olaraq sözügedən ünvanda yaşamır, heç vaxt yaşamamışdır. Həmin ünvanda sadəcə pasport qeydiyyatındadır. Əvvəllər Gəncə şəhərində qeydiyyatda olmuş, 2004-cü ildə Bakı şəhərinə gələrək, polisə qeydiyyata düşmək üçün müraciət etmiş, polis əməkdaşı tərəfindən hazırki iddiaçının oğlu polis idarəsinə çağrılmış, daha sonra həmin şəxsin icazəsi ilə hazırki ünvana qeydiyyata alınmışdır. Faktiki olaraq Binə qəsəbəsində ev tikərək orada yaşayır, iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı, cavabdeh tərəf və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin, cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunsa da, digər 3-cü şəxslər tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız üçüncü şəxs X2 verdiyi apellyasiya şikayəti həddində ona münasibətdə qərarı yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayəti vermiş üçüncü şəxslərdən X7 dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş üzrə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışlara əsasən üçüncü şəxs X12 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşayış yeri üzrə 15 may 2004-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, 39 saylı evə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin sorğuda qeyd edilən şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Apellyasiya instansiyasında işin obyektiv araşdırılması məqsədilə, X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin təqdim edilməsi ilə əlaqədar cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq, üçüncü şəxs X2 fərdi uçot kartoçkasının surəti təqdim olunmuşdur. Həmçinin üçüncü şəxs tərəfindən məhkəmə iclasında verilmiş izahatın məzmunundan məlum olur ki, o, həqiqətən, faktiki olaraq həmin mənzildə yaşamamış, hazırda da yaşamır, iddiaçı ilə qohumluq münasibətləri yoxdur, hətta iddiaçını yaxından tanımır, kimliyini bilmir, sadəcə iş üzrə iddiaçı olan mülkiyyətçinin razılığı əsasında həmin mənzildə qeydiyyata alınmışdır Göründüyü kimi, üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı üçüncü şəxs X8 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3470/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3470/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver