Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3471/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X3 və X5 cəlb olunmaqla) qarşı “qeydiyyatın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5894/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus olan torpaq sahəsində X2 verilmiş ******* saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bunun icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə X1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın «qərara aldı» hissəsinin «X1 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilsin və İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən və ümumi sahəsi 750 kv.m olan torpaq sahəsinə çıxarış verilməsi öhdəliyi DƏDRX Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun» kimi dəyişdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)- 569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı məxsus torpaq sahəsində X1 adına verilmiş ******* saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Daha sonra X3 və X5 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)- 569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəməyə cəlb edilməklə, işə mahiyyəti üzrə onların iştirakı ilə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə X3 və X5 tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1inz(103)-569/2013 saylı, xx.xx.2013-ci il tarixli qərarı ləğv edilmiş, X3 və X5 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3263/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2in(82)- 349/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv edilərək işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5894/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.4-cü maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında olunduğu bildirilərək tələbin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yetrləşdiyi 0,06 ha torpaq sahəsi X1 və digər üçüncü şəxslərin adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1991-ci il tarixli, 22 №-li qərarının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, ümumi sahəsi 750 kv.m olan torpaq sahəsi ayrılmışdır. - Əzizbəyov (Xəzər) RİHB-nin 1712 nömrəli, xx.xx.1999-cu il tarixli qərarının surətindən görünür ki, X2 Şağan qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Əzizbəyov (Xəzər) RİHB-nin 793 nömrəli, xx.xx.2008-ci il tarixli qərarının surətindən görünür ki, əhmin qərar Şağan qəsəbəsi, M-31 saylı sahədə vətəndaş X1 tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması barədədir. - xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “Xəzər RİH-in xx.xx.2008-ci il tarixli, 793 №-li və Əzizbəyov (indiki Xəzər) RİH-in xx.xx.1999-cu il tarixli, 1712 №-li Sərəncamlarının ləğv edilməsi” tələbi ilə iddia qaldırmışdır. - xx.xx.2024-cü il tarixli məhkəmə bildirişindən görünür ki, iş üzrə məhkəmə iclası (hakim Ləman Musayeva) təyin edilərək (xx.xx.2024-cü il tarixdə, saat 15:50-də) bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd) Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar birinci instansiya icraatı zamanı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair X1 və digər üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat üzrə verilmiş ******* saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, göstərilən torpaq sahəsi Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 22 nömrəli qərarı ilə ona ayrılmışdır. Ona görə də Əzizbəyov (indiki Xəzər) RİH eyni sahəyə dair xx.xx.2008- ci il tarixli qərar verə bilməzdi. Ona görə də Samir Mirzəyevin adına aparılmış reyestr qeydi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və X1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi təklif edilmişdir. İddiaçı isə sözügedən qeydiyyatın aparılmasına əsas təşkil etmiş sənədləri – Xəzər RİH-in xx.xx.2008-ci il tarixli, 793 №-li və Əzizbəyov (indiki Xəzər) RİH-in xx.xx.1999-cu il tarixli, 1712 №-li Sərəncamlarının ləğv edilməsi ilə bağlı Xəzər RİH-ə qarşı artıq Bakı İnzibati Məhkəməsində iddia qaldırdığını bildirmiş və hazırda həmin iş üzrə icraatın davam etdirildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78- ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Beləliklə, aparılmış araşdırma ilə müəyyən edildi ki, iddiaçının hazırkı tələbi üzrə cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə daha əvvəl verilmiş (xx.xx.2023-cü il tarixdə) və hal-hazırda məhkəmənin icraatında olan iddia ərizəsi mövcuddur. Belə olan halda, iddiaçı eyni cavabdehə qarşı eyni əsaslar və eyni tələb üzrə mübahisə ilə bağlı artıq məhkəməyə müraciət etdiyindən və iş məhkəmənin icraatında olduğundan hazırkı iddiaya baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5894/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3471/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3471/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver