Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3471/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9477/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək Bakı, şəhəri, Nizami, Əli Vəliyev küçəsi, ev 5, 68 saylı mənzillə əlaqədar kirayə müqaviləsi bağlamaq vəzifəsinin Azərbaycan Respublikası Bakı Şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bu mənzil iddiaçının mərhum həyat yoldaşı X3 03 avqust 1989-cu il tarixli, 017462 saylı order əsasında verilmişdir. İddiaçının həyat yoldaşı X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı bu yaxınlarda Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 5, 68 saylı mənzil ilə əlaqədar kirayə müqaviləsi bağlamaq məqsədi ilə Bakı Şəhər Cavabdehnə müraciət etmişdir. Lakin oradan imtina cavabı almışdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9477/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 18 aprel 2024-cü il tarixdə etdiyiniz müraciət əsasında 03 avqust 1989- cu il tarixli 017462 №-li orderin verilməsinə əsas olmuş Oktyabr rayon (indiki Yasamal RİH) X1 İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli 16/1 nömrəli qərarının arxiv arayışının alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına 29 aprel 2024-cü il tarixli 5-16/1-M-80- 032/24 nömrəli məktubla müraciət olunmuş (orderin verilməsinə əsas olmuş qərarın tarixinin orderin tarixindən sonrakı tarixə təsadüf etməsi səbəbindən) və Arxiv İdarəsi 13 may 2024-cü il tarixli 3-48- 2F/2-1002/2024 nömrəli məktubla cavab verərək bildirmişdir ki, keçmiş Oktyabr rayon XDS İK-nin (indiki Yasamal RİH) arxiv fondu üzrə 1989-cu il 16/1 saylı qərarları xx.xx.1989-cu il tarixli deyil, xx.xx.1989-cu il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin X4 barəsində heç bir məlumat yoxdur. Təqdim edilmiş orderin hansı əsasla verilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığından kirayə müqaviləsinin bağlanması imkan xaricindədir. Məsələnin məhkəmə müstəvisində həll edilməsi tövsiyə olunur. - X5 tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 017462 nömrəli Orderə əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 5, 68 saylı mənzil 2 nəfər ailə tərkibi ilə (özü, anası) X3 ayrılmışdır. - AZ-İİ 052144 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X4 və İddiaçı arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. - AZ-İ 766601 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.2015-ci il tarixdə peribronxial E/D mts səbəbi ilə ölmüşdür. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı faktiki olaraq X5 tərəfindən X2 adına verilmiş xx.xx.1989-cu il tarixli 017462 nömrəli Orderi mübahisələndirmir. Əksinə, həmin orderi qanuni və əsaslı hesab edərək razı olduğunu bildirir və həmin mənzili öz adına özəlləşdirmək üçün cavabdehdən mənzilə dair mənzil kirayə müqaviləsinin onun adına (X2 vəfatından sonra arvadı olaraq) bağlanmasını tələb edir. İddiaçının hüquqi marağı mənzilə dair hüquqlarının qeydə alınmasında ifadə olunur. Belə olan təqdirdə məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq notariusun müvafiq məktubu əsasında “Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 5 ünvanında yerləşən 68 saylı mənzilin mərhum X3 məxsusluğu barədə arayışın verilməsi” tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etməklə öz məqsədinə çata bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 5, 68 saylı mənzil iddiaçının mərhum həyat yoldaşı X3 03 avqust 1989-cu il tarixli, 017462 saylı order əsasında verilmiş, iddiaçının həyat yoldaşı X4 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən, iddiaçı həmin mənzilə dair kirayə müqaviləsi bağlamaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmayaraq iddianın mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Belə ki, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddibüluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İşdən görünür ki, mübahisəli mənzil Oktyabr rayon (indiki Yasamal RİH) X1 İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli 16/1 nömrəli qərarı ilə 03 avqust 1989- cu il tarixli 017462 №-li order əsasında iddiaçının mərhum həyat yoldaşı X3 ayrılmış, göstərilən tarixdən etibarən şəxs həmin mənzildə yaşamış və həmin mənzilə sahiblik etmişdir. Həmçinin müəyyən edilir ki, İddiaçı mərhum X2 ailə üzvü olmaqla onunla birlikdə həmin mənzildə yaşamışdır. Göründüyü kimi iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yalnız prosessual qənaət prinsipinə istinad etməklə iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin təkrar birinci instansiya icraatı zamanı iddia tələbinə mahiyyəti üzrə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9477/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9477/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3471/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3471/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver