Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3472/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdə iddiaçıya ümumi xəstəliklərlə bağlı İİ dərəcəli əlillik təyin edilmişdir. Elə həmin ildə (2003-cü il) qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatlardan göründüyü kimi, iddiaçıya müddətsiz olaraq İİ dərəcəli əlillik təyun olunmuşdur. Diaqnoz: “Fokotamoz sterol-veber sindrom. Hipofirevz psixoz-fiziki inkişafdan qalması”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 may 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıda xx.xx.2004-cü il tarixindən uşaqlıqdan İİ dərəcəli əlillik qeydə alınmış, xx.xx.2006-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə iddiaçıya əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixində ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sığorta stajı olmadığı halda iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. İnzibati orqanın imtina cavabından göründüyü kimi, əlilliyə görə iddiaçıya təyin edilmiş əmək pensiyası üzrə ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İnzibati orqanın əlilliyə görə iddiaçıya təyin edilmiş əmək pensiya üzrə ödənişin dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-1358/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-A-114438/2023 saylı qərar ləğv edilmiş və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, əlilliyə görə aldığı əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçıya əlilliyə görə aldığı əmək pensiyasının bərpa edilməsindən imtina edildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının xx.xx.2004-cü il tarixdən uşaqlıqdan İİ dərəcə əlilliyi qeydə alındığı üçün ona xx.xx.2006-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sosial sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixdə ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığı halda iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən İİ dərəcə əlilliyə görə görə sosial müavinət hesablanmış, xx.xx.2023-cü il tarixdən məbləği 220 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixdən ötən dövr üzrə iddiaçıya hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş, artıq ödənilmiş məbləğin digər hissəsi isə aylıq müavinət məbləğindən (220 azn) hər ay 44 manat olmaqla tutulmağa davam etdirilir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2004-cü il tarixindən uşaqlıqdan İİ dərəcə əlilliyiniz qeydə alındığı üçün Sizə xx.xx.2006-cı il tarixində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixində ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sığorta stajınız olmadığı halda Sizə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Sizə xx.xx.2006-cı il tarixindən İİ dərəcə əlilliyə görə görə sosial müavinət hesablanmış, xx.xx.2023-cü il tarixindən məbləği 220 manata çatdırılmışdır. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixindən ötən dövr üzrə Sizə hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2023-cü ildə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Fokotamoz sterol-veber sindrom. Hipofirevz psixoz-fiziki inkişafdan qalması. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) «Pensiya» altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixində ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sığorta stajı olmadığı halda iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq adıçəkilən şəxsə xx.xx.2006-cı il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət hesablanmış, xx.xx.2023-cü il tarixindən məbləği 220 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixindən ötən dövr üzrə İddiaçı hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş, artıq ödənilmiş məbləğin digər hissəsi isə aylıq müavinət məbləğindən (220 AZN) hər ay 44 manat olmaqla tutulmağa davam etdirilir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı DSMF Əzizbəyov rayon şöbəsi tərəfindən xx.xx.2006cı ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-114438/2023 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə 259,78 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd: Pensiya təyin olunan xx.xx.2006-cı il tarixə tələb olunan sığorta stajı (1) olmadığı üçün əmək pensiyası hüququ ləğv edilir. Faktiki sığorta stajı mövcud deyil. Vətəndaşın əmək pensiya hüququ ləğv edildiyi üçün 20107,66 manat artıqvermə müəyyən edilmişdir. Sosial müavinət hüququna baxıla bilər. İş materiallarında olan BB seriyalı 016558 nömrəli Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək X3 təhsil almış, Geniş profilli traktorçu maşinist, təmirçi çilingər peşəsi üzrə tam kursu bitirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir (Həmin maddənin xx.xx.2006-cı ildə qüvvədə olan redaksiyası - Maddə 12. Əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir.). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1992-ci il tarixli) 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1987-ci ildə doğulmuşdur. İddiaçının uşaqlıqdan ikinci dərəcə əlilliyi müəyyən edilmiş, xx.xx.2006-cı ildə isə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının sığorta stajının tələb edilən müddətdən az olduğu əsas gətirilərək faktiki olaraq xx.xx.2021-ci tarixdə iddiaçının pensiyası dayandırılmış və “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-114438/2023 nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən pensiya təyin olunan xx.xx.2006-cı il tarixə tələb olunan sığorta stajı (1) olmadığı üçün əmək pensiyası hüququ ləğv edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsi ilə əlaqədar pensiya haqqında qanunvericilik normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən inzibati icraatın müddəti 90 gündən çox olmamalıdır, lakin cavabdeh orqan tərəfindən qanunun tələbi gözlənilməmişdir. Belə ki, iddiaçının pensiyası faktiki olaraq xx.xx.2021-ci il tarixdə dayandırılsa da, müvafiq inzibati akt (qərar) xx.xx.2023-cü il tarixdə qəbul dilmişdir. Bu, müddət tələbinin pozulmasına gətirib çıxararaq qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya xx.xx.2006-cı ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilərkən iddiaçının 19 yaşı olmuşdur. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən isə əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda təyin edilir. Hazırda mübahisələndirilən qərarda da cavabdeh inzibati orqan tələb edilən sığorta stajının 1 il olduğunu göstərmişdir. İddiaçının isə ona əlilliyə görə əmək pensiyası təyin edilən tarixə sığorta stajı 1 ildən çox olmuşdur. Belə ki, iş materiallarında olan BB seriyalı 016558 nömrəli Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək təhsil almışdır. İddiaçıya pensiya təyin edilərkən (xx.xx.2006-cı il) o, artıq xx.xx.2006-cı ildə təhsilini başa vurmuşdur. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçının sosial sığorta stajının qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən az - 6 il 8 ay olmasına istinad edir. Lakin cavabdehin hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A- 114438/2023 nömrəli qərarında tələb edilən stajın 1 il olduğu qeyd edilmişdir. İddiaçıya pensiya təyin edilərkən 19 yaşında olmuş, digər tərəfdən iddiaçının faktiki olaraq pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdə də iddiaçı 35 yaşında olmamışdır. Göründüyü kimi, cavabdehin 6 il 8 ay staj tələbi hər bir halda əsassızdır. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Beləliklə, cavabdehin iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırılması barədə qərarı qanunsuz, əlverişsiz inzibati aktdır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3472/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3472/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver