Məhkəmə qərarları › İş №2-1(103)-3472/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3472/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3472/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4190/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Təhsil alma müddəti 1995-2020 il tarixləri arasını əhatə edir. Əmək fəaliyyətinə 1981-ci il tarixdə başlamış, müvafiq tarixlərdə müxtəlif müəssisələrdə fərqli-fərqli vəzifələrdə çalışmışdır. Ümumi əmək stajı 41 ildən çoxdur. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cu tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmitəmir Zavodunda) N nömrəli istehsalat sahəsinin gəmi-gövdə təmirçisi, xx.xx.1990-cı il tarixindən xx.xx.1992ci il tarixinədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmitəmir zavodunda) ÜT-74də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində, xx.xx.2019-cü il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə (kotelni sahəsi) istehsalat sahəsində baş istehsalat ustası vəsizəsində işləmişdir. Habelə əmək kitabçasından görünür ki, iddiaçı uzun illər istehsalatda zərərli peşlər və vəzifələr siyahısına aid olan sahələrdə fəaliyyət göstərmiş, hətta bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin xüsusi arayışı mövcudur. İddiaçının fəaliyyət göstərdiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr və vəzifələr siyahısına aidir. Cavabdeh qazanxana işləri ilə məşğul olmağı barədə sənədin olmamasını əsas gətirmişlər. Halbuki, iddiaçının fəaliyyət göstərdiyi vəzifələr gəmi-təmiri zavodunun nəzdində iş yeri dəniz səviyyəsində 3 metr dərinlikdə olmuşdur. Fəaliyyət göstərdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş siyahısını 21.2-ci bəndində 74 koduna aiddir. Bu o deməkdir ki, iddiaçının zərərli və ağır işlərdəki iş stajı 13 il təşkil edir. Bu stajı əmək pensiyaları haqqında qanunda qeyd edilən şərtlərlə uyğun gəlir və onun pensiya hüququnun təminatını yaradır. Başqa sözlə, gəmi-gövdə istehsalat sahəsində işləmək zərərli sahə hesab olunur. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mərkəzi filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (5 il 2 ay 20 gün (xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) olduğu müəyyən edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi sığorta stajı 42 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixədək 23 il 9 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü) və xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 9 ay) təşkil edir. Beləliklə, iddiaçının xx.xx.1990- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi maşinist, xx.xx.2019-cu il tarixdən bugünədək isə işlədiyi baş istehsalat ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri isləri (11.6) bəndinin mütəxəssislər (b) yarımbəndində qazanxana isləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) bütün adlarda maşinistlər vəzifələrinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-4190/2025 saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi sığorta stajı 42 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixədək 23 il 9 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü) və xx.xx.1985xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 9 ay) təşkil edir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndinin mütəxəssislər (b) yarımbəndində qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) bütün adlarda maşinistlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 3 noyabr 1982-ci il tarixli, ИТ-l ******* saylı əmək kitabçasında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 saylı Hərbi Hissənin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 35 saylı arayışında xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə ÜT-74-də maşinist, xx.xx.2019-cu il tarixdən bugünədək isə 1 saylı gəmi-gövdə təmiri sahəsində baş istehsalat ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr sözügedən arayışa istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, çalışdığı baş istehsalat ustası vəzifəsi isə yuxarıda göstərilən usta və böyük ustalara aid deyildir. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 20 gün (xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 328 saylı Hərbi hissənin xx.xx.2024-cü il tarixli, 35 saylı arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışa istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olması ilə bağlı heç bir qeyd yoxdur. Həmçinin iddiaçının çalışdığı baş istehsalat ustası vəzifəsi isə yuxarıda göstərilən usta və böyük ustalara aid deyildir. Həmçinin "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-3/2- 2083/2025 saylı sorğuya cavab məktubunda “yuxarıda qeyd olunan vəzifə öhdəliklərini İddiaçı əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid etmək olar” cümləsi yazılmışdır. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə də arayışda qeyd olunan vəzifə öhdəliklərinin İddiaçı əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid olub-olmaması barədə qəti nəticəyə gələ bilməmişdir. Göründüyü kimi qanunvericiliklə tələb olunan üçüncü şərt ödənilmir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının ümumi sığorta stajı 42 il 6 ay 22 gün təşkil etməklə mübahisələndirilmir. Verilən sorğuya cavab olaraq bildirilir ki, iddiaçının qazanxana işləri ilə məşğul olması səbəbilə onun işlədiyi sahə qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulan vəzifələrlə eynilik təşkil edir. Lakin iddiaçının işlədiyi baş istehsalat ustası vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulan vəzifələr üzrə eyniləşdirilmir. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı qanunla nəzərdə tutulan müddətdən az təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə iddiaçının işlədiyi müəssisənin vəzifə təlimatı ilə bağlı sorğu ünvanlanmışdır. Belə ki, iddiaçı işlədiyi vəzifənin zərərli və təhlükəli olmasını iddia edir. Lakin vəzifə təlimatına nəzər saldıqda iddiaçının işlədiyi vəzifənin əmək funksiyalarının təmizliyə və qaydalara ciddi əməl etmək və sair kimi vəzifələrdən ibarət olduğu göstərilir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sorğuya cavab məktubunda “yuxarıda qeyd olunan vəzifə öhdəliklərini İddiaçı əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid etmək olar” cümləsi yazılmışdır. Yəni iddiaçının işlədiyi müəssisə də arayışda qeyd olunan vəzifə öhdəliklərinin iddiaçıya məxsus əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid olub-olmaması barədə qəti nəticəyə gələ bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, gəmi gövdəsi təmiri sahəsində baş istehsalat ustası vəzifəsinin əmək funksiyası qazanxana işlərinin yerinə yetirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”a əsasən qazanxana işləri zərərli işlər sırasında öz yerini tapmışdır. Cavabdeh, həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzən tərsanəsində İİ dərəcəli maşinist vəzifəsinin güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə əsas verən vəzifə olması qənaətinə gəlmir. Lakin sözügedən vəzifə üzrə bir-çox şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. - ИТ-İ saylı əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən 219 saylı əmrlə 2-ci dərəcəli işçi, 265 saylı əmrlə Zəngilan rayon Hərbi Komissarlığının məktubu əsasında işdən azad edilmişdir, xx.xx.1981-ci il tarixdən 93 saylı əmrlə 1-ci dərəcəli işçi, xx.xx.1982ci il tarixdən öz istəyi ilə işdən azad edilmişdir, xx.xx.1985-ci il tarixdən 90 saylı əmrlə 1 aylı sexdə 1-ci dərəcəli gəmi gövdəsi təmirçisi qəbul edilib, xx.xx.1987-ci il tarixdən 312 saylı əmrlə gəmi gövdəsi təmirçisi vəzifəsinə 2-ci dərəcə verilib, xx.xx.1987-ci il tarixdən 628 saylı əmrlə əməyin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar 2-ci dərəcəli gəmi gövdəsi təmirçisi ixtisası verilib, xx.xx.1990-cı il tarixdən 146 saylı əmrlə ÜT-74 2-ci dərəcəli maşinist vəzifəsinə qəbul edilib, xx.xx.1992-ci il tarixdən 348 saylı əmrlə 8 saylı anbara anbardar keçirilib, xx.xx.1992-ci il tarixdən 447/A saylı əmrlə 23 saylı gəmi təmir zavodunun adı “Xəzər gəmi təmir zavodu” adı ilə əvəz edilib, xx.xx.1994-cü il tarixdən 328 saylı əmrlə baş anbardar keçirilib, xx.xx.1995-ci il tarixdən 262/A saylı əmrlə əməyin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar 3-cü dərəcəli Baş anbardar ixtisası verilib, xx.xx.1997-ci il tarixdən 274/A saylı əmrlə “Xəzər gəmi təmir zavodu” adı “328 saylı Hərbi hissə” adı ilə əvəz edilib, xx.xx.1988-ci il tarixdən 489/A saylı əmrlə Böyük oktyabr Sosialistik İnqilabın 71 illiyinə həsr olunmuş sosial yarışlarda əldə etmiş nailiyyətlərə görə təşəkkür elan edilib və Fəxri Fərmanla təltif edilmişdir, xx.xx.1988-ci il tarixdən 581/A saylı əmrlə HDD “sifariş təmiri təhvili üzrə” əsas komanda tapşırıqlarının yerinə yetirilməsinə görə təşəkkür elan edilib və 35 rubl məbləğində mükafat verilib. - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-250046/2024 saylı məktubla imtina edilmiş və bildirilmişdir ki, “ … Mərkəzi Filiala təqdim etdiyiniz 3 noyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissənin sizə dair 25 sentyabr 2024-cü il tarixli 35 nömrəli arayışında xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə ÜT-74-də maşinist, xx.xx.2019-cu il tarixindən bugünədək isə N nömrəli gəmi-gövdə təmiri sahəsində baş istehsalat ustası vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz sahə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, çalışdığınız baş istehsalat ustası vəzifəsi isə yuxarıda göstərilən usta və böyük ustalara aid deyil. Eyni zamanda, işlədiyiniz müddətdə qazanxana işləri ilə məşğul olub-olmamanız barədə həmin arayışda da hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də, güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 2 ay 20 gün (xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 saylı arayışda göstərilmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cu il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) N nömrəli istehsalat sahəsinin gəmi-gövdə təmirçisi; -xx.xx.1990-cu il tarixdən -1.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) ÜT-74-də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində; ÜT-74 (üzən tərsanə) bilavasitə üzən mexanizmdir. Dənizdə (su hövzəsində) üzərək yerini dəyişə bilir, Üzən tərsanənin şəxsi heyyəti: komandir, mexaniklər, motorçular, maşinistlər, motroslar və sair kimi fəaliyyət göstərir. ÜT-74-də (üzən tərsanə 74-də) İİ dərəcəli maşinistin (rus dilində tryumnu maşinistin) iş yeri dəniz səviyyəsindən təqribən 3 metr dərinlikdədir. -xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə (kotelni sahəsi) istehsalat sahəsinin baş istehsalat ustası vəzifəsində; -xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək N nömrəli hərbi hissənin N nömrəli istehsalat sexinin gəmi-gövdə təmiri (kotelni sahəsi) sahəsində baş istehsalat ustası vəzifəsində işləyir. Rus dilindən kotelni-sudokorpusnoy sexi (sahəsi), qazanxana, gəmi-gövdə sexi (sahəsi) kimi tərcümə olunub. Kotelni sexin (sahənin) gəmi təmiri müəssisəsində gövdənin metal hissələrinin əyilməsi, yayılması, təmiri, müxtəlif ölçülü istilik qazanlarının təmiri, diametri 150 mm dən yuxarı qazxaricedən boruların təmiri, gəmidə fikal çənlərin, gəmidə bağlı rezervuarlar və bütün növ metal qaynağı işlərinin yerinə yetirilməsi gəmi-gövdə qazanxana işləridir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-25-100/2-83/2025 saylı arayışda göstərilmişdir ki, qazanxanası olan gəmilərin qazanxanasına xidmət və təmir qaynaq işlərini İddiaçı N nömrəli hərbi hissədə baş istehsalat ustası kimi işlədiyi gəmi-gövdə sahəsi yerinə yetirir. Belə ki, haqqında soruşulan qazanxana yalnız gəmilərdə olan istilik qazanlarına xidmət, təmir və qaynaq işlərindən ibarətdir. Beləliklə, haqqında soruşulan İddiaçı həqiqətən qazanxana işləri ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-25-100/2-152/2025 saylı arayışda göstərilmişdir ki, mülki işçi İddiaçı həqiqətən N nömrəli hərbi hissənin (Bakı Gəmi Təmiri Zavodu) gəmi- gövdə (katelni) sahəsinin baş istehsalat ustası vəzifəsində işləyir. Gəmi-gövdə (katelni) sahəsində baş istehsalat ustasının əmək fəaliyyəti aşağıdakılardan ibarətdir: -zavodda təmir üçün dayanan gəmilərin sualtı-suüstü hissələrində, həmçinin gəmilərin daxili bölmələrində gövdənin bütün növ qaynaq işləri, metalların əyilərək müvafiq ölçülərdə yayılaraq kəsilib quraşdırılması, gəmilərin vater (suyaoturan) xəttindən aşağı və yuxarı hissələrində, gəminin daxili bölmələrində gövdənin zədələnmiş, deformasiya olmuş, korroziyalı hissələrinin təmiri, termiki (qazlakəsən) alətlərlə kəsilib əvəzlənməsi və qaynaq işləri; gəmi-gövdə (katelni) sahənin müstəsna fəaliyyət sahəsi gəmilərin daxili bölmələrində istilik qazanlarının sökülüb, quraşdırılması, təmiri, həmçinin iri tutumlu (həcmli) yanacaq çənlərinin təmiri, fekal (tullantı) çənlərinin təmiri, isti-soyuq su çənlərinin təmiri, iridiametrli (0 350-500mm) qazxaricedən boruların təmiri,qazanxana işləri; - gəmilərin sukeçirməyən (germetik) qapı, illüminator, lyuklarının təmiri və əvəzlənməsi işləri. Yuxarıda göstərilən işləri yalnız gəmi-gövdə (katelni) sahəyə aid ustalar, həmçinin bu sahənin baş istehsalat ustaları icra edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 60 yaşının tamam olması; azı 25 il sığorta stajına malik olması; 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 23 il 10 ay 28 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İddiaçının xx.xx.2006-cı ildən sonra 18 il 7 ay 20 gün sığorta stajı vardır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 42 ildən artıq ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan müddətdən artıqdır. Cavabdeh də iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumi sığorta stajının 42 il 6 ay 22 gün olduğunu qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı ikinci tələbi də ödəyir. Cavabdeh iddiaçının xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövrdə 23 saylı gəmi-təmiri zavodunda 1 saylı istehsalat sahəsinin gəmi-gövdə təmirçisi işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmiş, həmin dövrü mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respubliksının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: “ … - 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri: a) fəhlələr: təmirçi gəmi gövdəçiləri b) mütəxəssislər: qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) -21. Nəqliyyat b) üzən heyət: xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) bütün adlarda maşinistlər güzəştli şərtlərlə pensiyası hüququna malikdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi doğrayıcıları; gəmilərdə bölmələrin daxili işlərində məşğul olan gəmi tamamlayıcı-yığıcıları; metal gəmi gövdələrinin yığıcıları; təmirçi gəmi gövdəçiləri bölməsi; 21.2. bəndinin Dəniz və çay donanması b) üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, bütün adlarda maşinistlər, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər (21.2 səhifə 74 Koduna uyğun olaraq). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10 fevral 2024-cü il tarixli 8N nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər”. Qazanxana, gəmi təmiri, gəmiqayırma və gəmi-təmiri maddəsinin (11.6) “b” bəndi, edilmiş əlavələrə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sihayısı”nın 11.6-cı maddəsində bütün bənd və yarımbəndlərdə qeyd olunan peşələr və vəzifələr, o cümlədən qazanxana işləri gəmi təmiri sahəsində yerinə yetirilən işlərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən qazanxana işləri ilə məşğul olmuşdur. Gəmi təmiri ilə məşğul olan peşələr siyahısında qazanxana, gəmi-gövdə təmirçisi (kotelşik-sudakorpusnik) söz birləşməsindən tərcümə olunub. Əslində bir peşədir. Göstərilən siyahıda gəmilərdə qazanxana (kotelni) işlərini bir qayda olaraq, gəmi-gövdə təmirçiləri yerinə yetirir. Gəmigövdə sahəsi (sexi) gəmi təmirini müəssəsində (hal-hazırda N nömrəli hərbi hissə) gövdənin metal hissələrinin əyilməsi, yayılması, təmiri ilə bərabər, qazanxana işlərinə aid olan istilik qazanlarının təmiri, diametri 150 mm ölçüdən yuxarı qaz xaric edən boruların, gəminin fikal çənlərinin, bağlı rezervuarlarının təmiri, qaynaqlanması işlərini yerinə yetirilir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə iddiaçının gəmi gövdə təmiri sahəsi üzrə baş istehsalat ustası vəzifəsində islədiyini bildirsə də, bunun əslində qazanxana işləri ilə məşğul olan ustalarla eyni əmək funksiyalarını yerinə yetirdiyini bildirmişdir. Bundan başqa, işdə olan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-3/2-2083/2025 saylı sorğuya cavab məktubundan görünür ki, qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işlərində müvafiq işlərlə məşğul olan ustaların (böyük ustaların) vəzifə öhdəliklərinə (əmək funksiyalarına) aşağıdakılar aiddir: Keyfiyyət göstəriciləri üzrə plan tapşırıqlarının yerinə yetirilməsini, yüksək keyfiyyətli məhsulun ahəngdar buraxılışını, məhsul vahidinə istehsal məsrəfinin azaldılmasını təmin etmək; İstehsal planı və cədvəlinə müvafiq olaraq briqadalara və ayrı ayrı fəhlələrə tapşırıqlar, vaxtında iş naryadları vermək, tabeliyində olanları təlimatlandırmaq və hər bir fəhlənin hasilat normasının yerinə yetirilməsini təmin etmək; Fəhlələri bölmədə düzgün yerləşdirməyə bütün növbə ərzində iş vaxtından tam istifadə etməklə əməyi təşkil etmək; İstehsal güclərindən maksimum, avadanlığın gücündən tam və düzgün istifadə edilməsinə diqqət yetirmək; Bölmədə qurulmuş texnoloji istehsalat və əmək intizamına iş yerində təmizliyə və qaydalara ciddi əməl etmək; İşdə çıxdaş xammal, yarımfabrikatlar yanacaq, enerji, material itkisinə yol verməmək və bunları doğuran səbəbləri aradan qaldırmaq; Texniki nəzarət işçiləri ilə birlikdə çıxdaşın qarşısını almaq, bunun səbəbini və günahkarları müəyyən etmək; Əmək haqqının hesablanması üçün sənədlərin vaxtında tərtib olunub təhvil edilməsini təmin etmək; Zavodun ixtisaslı kadrlara olan tələbatına əsasən kadr hazırlığı üzrə gənc, perspektivli və peşəkar işçilər yetişdirmək; Yeni qəbul edilmiş işçilərə daxili qaydaları, təhlükəsizlik texnikası, əmək mühafizəsi və yangın təhlükəsizliyi qaydaları ilə tanış etmək; İş yerinin düzgün təşkilini müəyyən etmək, fəhlələrə işin təhlükəsiz görülməsini öyrətmək; Fəhlələri istehsalat təlimindən keçirmək, xammala, materiala, yanacağa və enerjiyə qənaət olunması, avadanlıq və alatlərin texniki istismarı, habelə əmək mühafizəsi təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına əməl edilməsinə nəzarət etmək; Öz fəaliyyətini İSO 9001-2008, İSO 14001-2004 və OHSAS 18001-2007 Beynəlxalq Standartlara cavab verən inteqrasiya olunmuş idarəetmə sisteminin tələbləri və müddəaları əsasında qurmaq. Yuxarıda qeyd olunan vəzifə öhdəlikləri İddiaçı əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid etmək olar. Göründüyü kimi, müvafiq sahədə ixtisalaşmış müəssisə iddiaçının işlədiyi baş istehsalat ustası vəzifəsinin Siyahıda göstərilən 11.6-cı bənddəki qazanxana işləri ilə məşğul olan ustalara uyğun gəldiyini təsbit etmişdir. Eyni zamanda iddiaçı xx.xx.1990-cu il tarixdən - xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) ÜT-74-də (Üzən Tərsanə-74) 2ci dərəcəli maşinist vəzifəsində işləmişdir, hansı ki, ÜT-74 (üzən tərsanə) bilavasitə üzən mexanizmdir. Dənizdə (su hövzəsində) üzərək yerini dəyişə bilir, Üzən tərsanənin şəxsi heyyəti: komandir, mexaniklər, motorçular, maşinistlər, motroslar və sair kimi fəaliyyət göstərir. ÜT-74-də (üzən tərsanə 74-də) İİ dərəcəli maşinistin (rus dilində tryumnu maşinistin) iş yeri dəniz səviyyəsindən təqribən 3 metr dərinlikdədir. Beləliklə, məhkəmə istinad edilən sənədlərdə göstərilənləri təhlil edərək müəyyən edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə 12 il 6 aydan artıq, 12 il 11 ay 10 gün güzəştli iş stajı olmuşdur. Cavabdeh iddiaçının işlədiyi həmin dövrlərin bir qismini güzəştli staj kimi qəbul etməsə də, əksini təsdiq edən hər hansı bir sübutu, o cümlədən iddiaçının yerinə yetirdiyi işlə Siyahıda göstərilən vəzifələr üzrə əmək funksiyasının fərqliliyinin nədən ibarət olmasını sübut edə bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-4190/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar