Məhkəmə qərarları › İş №2-1(103)-3473/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3473/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3473/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “aylıq verilməli olan dərmanın verilməsinin bərpa olunması və ona dəyən maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ömürlük imtiyazlı şəxs olduğuna görə aylıq verilməli olan (Serdit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması və ona dəyən maddi ziyanın (3376 AZN) ödənilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8102/2024 saylı “13” may 2024-cü il tarixli qərardadı ilə iddiaçının “onun ömürlük imtiyazlı şəxs olduğuna görə aylıq verilməli olan (Serdit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması” barədə iddiasının aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin məhkəmənin 2-1(112)-8102/2024 saylı “13” may 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “maddi ziyanın ödənilməsi” ilə bağlı hissədə mümkün sayılmamışdır. Hər iki qərardaddan iddiaçı apellyasiya şikayəti verərək hər iki qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2922/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin “aidiyyətlə bağlı” qəbul etdiyi 2-1(112)-8102/2024 saylı “13” may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmədiyi üçün qərardad qanuni qüvvəsini almışdır. Hazırda iddiaçının “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı verdiyi iddiasının qeyri-mümkün sayılması barədə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)- 8102/2024 saylı “13” may 2024-cü il tarixli qərardaddan verilmiş apellyasiya şikayətinə baxılır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxılmış məhkəmə qərardadından razı deyil. O, 2017-ci ildən əmək pensiyasına çıxmış və həmçinin xx.xx.2012-ci il tarixdən isə ömürlük olaraq əlildir. Yaşamaq üçün ona dövlət tərəfindən qanuni olaraq verilməli olan dərmanının İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən heç bir əsası olmadan verilməsi dayandırılmışdır. İşin içərisində deyilənləri təsdiq edən qanuni sənədlər vardır. 2022-ci ildən 2024-cü il aprel ayına qədər (28ayx46) ona verilməyən dərmanın dəyəri 1288 azn. və xəstəlik keçirdiyi 3 il (2021,2022,2023) ərzində (58azn.x36 ay) 2088 azn. cəmi. (1288+2088). 3376 azn ona maddi ziyan dəymişdir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı tələbi “ona dəyən maddi ziyanın -3376 AZN-nin ödənilməsi” barədədir. Onun həmin iddia tələbi məhkəmənin qərardadı ilə mümkün sayılmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının inzibati orqana müraciəti olmadığına istinad edərək iddia tələbini mümkün saymamışdır. Kollegiya işə birinci instansiya qaydasında baxmış məhkəmənin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırki işdən görünür ki, iddiaçının digər- “onun ömürlük imtiyazlı şəxs olduğuna görə aylıq verilməli olan (Serdit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması” barədə iddiasının iddiaçının yaşayış yeri nəzərə alınmaqla aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi eyni iddiada qoyulmuş bir iddia tələbinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edərkən, digər tələb üzrə məhkəmədən öncə iddiaçının inzibati orqana müraciət etməməsini əsas gətirərək həmin tələbin qeyri-mümkün sayılması barədə qərardad qəbul etmişdir. Nəzərə alınmalıdır ki, aidiyyətlə bağlı birinci instansiya məhkəməsinin qərardadı yuxarıda da qeyd olunduğu kimi, artıq qanuni qüvvəsini almışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bir iddia ərizəsində iki tələbdən birinə aidiyyəti üzrə baxmaqda səlahiyyəti olmayan məhkəmənin digər tələb üzrə məhkəmədən əvvəl inzibati orqana müraciət etmə şərtinin ödənilib-ödənilməməsinə qiymət vermək səlahiyyəti yoxdur. Çünki hər iki tələb bir icraatda verildiyi üçün səlahiyyətli məhkəmə tərəfindən həmin icraat çərçivəsində mübahisə həll oluna bilər. Bundan əlavə, apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı təqdim etmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 3-908 nömrəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Bu baxımdan iddiaçı artıq işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması xahiş etmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Tumbul kəndində qeydiyyatda olmuşdur. İddiaçının qeydiyyat ünvanının apellyasiya baxışı zamanı dəyişdirilməsi işə onun sonradan qeydiyyata alındığı ünvan üzrə İnzibati Məhkəmə tərəfindən baxılması üçün əsas ola bilməz. Əks təcrübə aidiyyat institutunun düzgün tətbiq olunmamasına gətirib çıxarar. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının “maddi ziyanın ödənilməsi” ilə bağlı tələbini səlahiyyətli məhkəmə olmadığı üçün qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlməmişdir. İddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini yoxlamaq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə aiddir. Odur ki, qeyd olunan tələb üzrə münasibət bildirərkən məhkəmə ərazi aidiyyətini pozmuşdur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin “maddi ziyanın ödənilməsi” ilə bağlı qəbul etdiyi 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin qeyrimümkün sayılması ilə bağlı qəbul etdiyi 2-1(112)-8102/2024 saylı 13 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Xumar Mərdanova İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar