Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3475/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2-1(112)-7393/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə Gen.Mehmandarov küçəsi, 2942q-2935a məhəllələrdə xx.xx.2003-cü il tarixli 11232 saylı inşaat pasportuna əsasən kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi "xxxx" LTD-nin istifadəsinə verilmişdir. "xxxx" LTD-nin rəhbərliyinin 21 saylı xx.xx.2003-cü il tarixli razılıq məktubu əsasında Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli Sərəncamdan çıxarışına əsasən ona Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd edilən sərəncamla bağlı Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edilmiş və 11 mart 2022-ci il BA-01410-2022 nömrəli məktubla Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarışı ona təqdim edilmişdir. Həmin torpaq sahəsi üzərində eskiz layihəsinə uyğun olaraq tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda ailəsi ilə həmin ünvanda yaşayır. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsi, baş planı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinin situasiya planı tərtib edilərək, təsdiq edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə tərəflərindən istifadə edilir. Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q- 2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ona ünvanlanmış 13 fevral 2023-cü il tarixli, **********15, 3-21-3-30/2-11-0106/8/2013 saylı imtina məktubunda “xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir” əsas gətirilərək, ərizəsinin icrasından imtina edilmiş və imtina məktubunda bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci ilin yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi "xxxx" LTD-nə ayrılmışdır. Daha sonra xx.xx.2004-cü il tarixli Sərəncama əsasən ona Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q- 2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün verilmişdir və torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi rayon icra hakimiyyətinin razılığı alınmaqla inşa edilmiş və evin eskiz layihəsi icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Cavabdehin imtinası öz istinad etdiyi qanunvericilik normalarına da ziddir və eyni zamanda müvafiq torpaq sahəsinə dair onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin tam qanuni olduğunu təsdiq edir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının 32 saylı sərəncamı xx.xx.2004-cü il tarixdə verilmişdir. xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" LTD-nin adına ayrılmış 2 ha ərazidən 320 metr şimalda, tamamilə fərqli sahədə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2-1(112)-7393/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli Sərəncam ilə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış BA-01410-2022 №li xx.xx.2022-ci il tarixli məktubu ilə sonuncu barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli ”Müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 32 saylı sərəncamdan (arxiv çıxarışı) müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə Gen.Mehmandarov küçəsindəki 2942q-2935a məhəllələrdə xx.xx.2003-cü il tarixli 11232 saylı inşaat pasportuna əsasən kottec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi "xxxx" LTD-nin istifadəsinə verilmişdir. Firmanın rəhbərliyinin 21 saylı xx.xx.2003-cü il tarixli razılıq məktubuna əsasən M.Hadi küçəsi 7 saylı evin 39 saylı mənzilində yaşayan İddiaçı rayonun ərazisində "xxxx" LTD firmasına məxsus ərazidən Gen.Mehmandarov küçəsi 2942-2935a məhəllələrdə 0,03 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus mövcud yaşayış evinin “Memarlıq planlaşdırma bölməsi”ndən müəyyən olunur ki, İddiaçı sifarişi əsasında “Səadət” istehsal kommersiya şirkəti tərəfindən hazırlanmış memarlıq planlaşdırma bölməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. “X2” tərəfindən tərtib edilmiş 93 №-li 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatları üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Torpaq sahəsinin naturada coğrafi yerləşməsinə görə ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatlarına əsasən Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 32 nömrəli Sərəncamından çıxarışa əlavə olunan planda əks olunan 300 kv. metr torpaq sahəsi ilə üst-üstə düşməsi, eynilik təşkil etməsi müəyyən olunmuşdur. Dəqiqləşdirilən torpaq və fərdi yaşayış evi xüsusi coğrafi informasiya sistemləri vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7). Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları nəzərə alınmaqla iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ilkin olaraq 2001-ci il yanvarın 1-dən əvvəl, yəni xx.xx.2000-ci il tarixdə ayrılmış və xx.xx.2004-cü il tarixdə isə həm ilkin istifadəçinin, həm də hazırki iddiaçının ərizələri və qarşılıqlı razılaşmaları nəzərə alınmaqla həmin torpaq sahəsinin bir hissəsi (0.03 ha) fərdi yaşayış evinin inşa ediməsi üçün İddiaçı adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi naturada coğrafi yerləşməsinə görə ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatlarına əsasən Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 32 nömrəli Sərəncamından çıxarışa əlavə olunan planda əks olunan 300 kv. metr torpaq sahəsi ilə üst-üstə düşür və eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh öz növbəsində qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Apellyasiya şikayətinin digər bir dəlili isə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilməsi, habelə prosessual hüquq normaları kobud surətdə pozulması barədədir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan dəlillərin heç bir əsası yoxdur, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qanuni və əsaslı qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2-1(112)-7393/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3475/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3475/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver