Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3475/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərarının ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, Əmək pensiyaları haqqında qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. Növbəti 6 il stajın tamamlanması ilə xx.xx.2024-cü il tarixli müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilmiş, lakin cavabdeh qurum xx.xx.2022-ci il tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutaraq qanuna zidd olaraq pensiyanın yenidən hesablanmasını aparmışdır. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilmiş, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilmiş, həmin cümlə 543 nömrəli qanunla əlavə edilmiş və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. İddiaçı isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. İddiaçıya pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir. 144 ay yalnız 37.3.1 -ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. 543 nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir. Bununla bağlı 543 nömrəli qanunda göstəriş yoxdur. İddiaçı isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmış, həmin norma xx.xx.2017- cı ildən əvvəl qanunda olmamış, 144 ay iddiaçının pensiya ödəniş müddətidir və artırılması qanunla nəzərdə tutulmamış, 144 ay 72 ay azaldılmaqla sığorta kapitalı 72 aya bölünməlidir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-3-13443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati aktın ləğv edilməsini, pensiyanın yenidən hesablanmasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən tələbin dəqiqləşməsi qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İ.X4 rayon şöbəsi tərəfindən 1 yanvar 2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə onun xx.xx.2017-ci il tarixli müraciətinə əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq 667,87 manat məbləğindən 954,18 manat məbləğinədək artırılmışdır (Qanunun 26.4-cü maddəsi nəzərə alınaraq və indeksləşdirilməklə 1 sentyabr 2023-cü il tarixinə 1619,45 manat). İddiaçı əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 45698,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45- ci maddələrinin tələblərinə uyğun qaydada 198 aya (65 il - 54 il 6 ay = 126 ay + 144 ay - 72 ay) bölünərək əmək pensiyasının (1619,45 manat) üzərinə 230,80 (45698,40:198 ay) manat əlavə edilərək pensiya məbləği 1 sentyabr 2023-cü il tarixdən 1850,25 (1619,45+230,80) manat məbləğinə (indeksləşdirilməklə 1 yanvar 2024-cü il tarixinə 2057,48 manat) artırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2025-ci il tarixdən adıçəkilən iddiaçının əmək pensiyasının məbləği 2224,13 manat təşkil etmişdir. İddiaçı xx.xx.2022ci il tarixdən əvvəl pensiya təyin olunması səbəbilə, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 198 aya bölünmüşdür. İddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1779.56 manat məbləğindən 2057.48 manat məbləğinədək artırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 13443/2024 saylı qərarı ləğv edilmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən bort operator vəzifəsində işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-13443/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında Qanunun (bundan sonra ƏPQ) 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablanmış, nəticədə pensiya məbləği 1779,56 manatdan 2057, 48 manata artırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025ci il tarixli, 3-17-1/2-109357/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Fondun Xəzər rayon şöbəsi tərəfindən 1 yanvar 2007-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023- cü il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə onun xx.xx.2017-ci il tarixli müraciətinə əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 667,87 manatdan 954,18 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınaraq və indeksləşdirilməklə 1 sentyabr 2023-cü il tarixinə 1619,45 manat) artırılıb. Həmçinin, İddiaçı əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 45698,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 198 aya (65 il – 54 il 6 ay = 126 ay + 144 ay - 72 ay) bölünərək əmək pensiyasının (1619,45 manat) üzərinə 230,80 (45698,40:198 ay) manat əlavə edilərək pensiya məbləği 1 sentyabr 2023-cü il tarixindən 1850,25 (1619,45+230,80) manata (indeksləşdirilməklə 1 yanvar 2024-cü il tarixinə 2057,48 manat) artırılıb. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2025-ci il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 2224,13 manat təşkil edir. Beləliklə, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45- ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmış, toplanmış pensiya kapitalını 72 aya deyil, 198 aya bölmüşdür. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X2 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçı hazırkı tələbində onun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və pensiyanın yenidən hesablanmasının “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Belə olan halda aydındır ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını xx.xx.2024-cü il tarixdə yenidən hesablayarkən pensiya sığorta kapitalını Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 198 aya bölməkdə haqlı olmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2- 1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında hüquqi mövqeyə əsaslanır: Həmin qərarda qeyd edilmişdir ki, “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir.
22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir.” Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.