Məhkəmə qərarları › İş №2-1(103)-3476/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3476/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3476/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı N-ci ilin may ayında könüllü olaraq İ-ci Qarabağ müharibəsində iştirak etmiş, Fizuli rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilərək hərbi hissə komandirinin N may N-ci il tarixli 43 saylı əmri ilə döyüşçü təyin edilmiş və xidmətinin sonuna xx.xx.N3-cü il tarixədək həmin hərbi hissədə döyüşən ordu sıralarında xidmət etmişdir. N-ci ilin N iyul tarixində hərbi hissə komandirinin N saylı əmri ilə 3-cü bölüyə “starşina” vəzifəsinə təyin edilmişdir. Füzuli rayonu ermənilər tərəfindən tam işğal olunanadək uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Lakin o vaxt zabitlərin səhlənkarlığı ucbatından iddiaçının hərbi biletində döyüşlərdə iştirakı və N saylı hərbi hissədə xidmət etməyi barədə heç bir qeyd aparılmamışdır. İddiaçının həmin hərbi hissə tərkibində döyüşlərdə iştirak etdiyini təsdiq etməyə şahidləri - döyüş yoldaşları var. İddiaçı Milli Ordu sıralarından buraxılan zaman hərbi biletini alanda görmüşdür ki, döyüşlərdə iştirakı barədə heç bir yazı yoxdur. Bununla bağlı bölük komandirinə irad tutduqda sonuncu cibində olan karandaşla “Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir” sözlərini yazaraq iddiaçıya qaytarmış və hərbi hissənin qərargah rəisinə hərbi biletini təqdim edib ondan həmin yazının daha dəqiq yazılmasını və möhür vurulmasını tələb etməsini bildirmişdir. Həmin vaxt isə qərargah rəisini tapa bilmədiyindən hərbi biletə müvafiq qeydləri lazımi qaydada yazdırıb möhür vurdura bilməmişdir. Sonra neçə il hərbi komissarlığa bu barədə müraciət etsə də, ona bildirilmişdir ki, hərbi hissəyə aid kitablar arxivə verildiyindən qeyd aparılması mümkün deyil. Nəhayət, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etmişdir. Müraciətinə cavab olaraq verilən arxiv arayışında iddiaçının yazdıqları öz təsdiqini tapsa da və N №li hərbi hissə komandirinin xx.xx.N-ci -xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında şəxsi heyətin siyahısında adı qeyd olunsa da, əmrin verilmə tarixi və nömrəsi qeyd olunmaması səbəb kimi göstərilərək ona “Müharibə Veteranı” adının verilməsindən imtina olunmuşdur. İmtinanı aşağıdakı səbəblərdən əsassız, ədalətsiz və işin həqiqi halları ilə, eyni zamanda, arxiv məlumatları ilə təkzib edilən qeyri-obyektiv hesab edir. Belə ki, iddiaçının N-N3-cü illərdə Füzuli rayon istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirakı arxiv arayışında öz təsdqini tapmışdır. Lakin nizami hissənin əmrlər kitabında əmrin tarix və nömrəsinin göstəriİməməsi iddiaçının günahı deyildir və həmin əmrlərin lazımi qaydada kitaba yazılması iddiaçının səlahiyyətinə aid deyil, müvafiq məsul hərbi qulluqçunun səlahiyyətinə aiddir. Kiminsə səhlankarlığı ucbatından iddiaçı öz hüquqlarını bərpa edə bilmir. Ona görə də hesab edir ki, məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilən məlumatlara, eyni zamanda şahid ifadələrinə əsaslanaraq, iddiası təmin olunmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-ci il tarixli, 4/3-2661 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 8432 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmətiniz və döyüş əməliyyatlarında iştirakınız nizami hissə üzrə əmrlərlə tam təsdiqlənmədiyinə və hərbi biletinizdə xidmətinizlə bağlı heç bir qeydiyyat olmadığına görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-8432 nömrəli arxiv arayışından görünür ki, “İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 43 №-li əmrilə (əsas: §-4,səh-51) İddiaçı döyüşçü kimi qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli 88 №-li əmrilə (əsas: səh-11) İddiaçı 3-cü bölüyə starşina qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında (əsas: səh-96,sıra-27) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Lakin əmrin verilmə tarixi, nömrəsi və mətni qeyd olunmamışdır.” - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-2820 saylı məktubu ilə bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N- xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında (əsas: səh-96, sıra-27, siyahı hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısında X2 adı qeyd olunmuşdur. Lakin əmrin verilmə tarixi nömrəsi və mətni yazılmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan 848 (702) № komandirinin xx.xx.N3-xx.xx.N3-cü il, N №-li hərbi hissə komandirinin may dekabr N3-cü il, yanvardekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 43 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdə döyüşçü xidmətə qəbul edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 88 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, iddiaçı İİİ rotaya starişina təyin edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin əsaslılığı iki haldan asılıdır

1. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı.

2. Həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması. Məhkəmə kollegiyası birinci göstərilən hal üzrə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 43 №-li əmrilə (əsas: §-4, səh-51) döyüşçü kimi qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli 88 №-li əmrilə (əsas: səh-11) İddiaçı 3-cü bölüyə starşina qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında (əsas: səh-96,sıra-27) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Lakin əmrin verilmə tarixi, nömrəsi və mətni qeyd olunmamışdır. İddiaçıya məxsus hərbi biletdə isə ümumiyyətlə döyüşlərdə iştirakı barədə heç bir qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci halın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmadığından hazırkı iş üzrə ikinci halın araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci hal ,yəni iddiaçının hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirakı və qanuni əsaslarla ehtiyata buraxılmasına dair hər hansı sübut müəyyən edilmədiyindən iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar