Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3476/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz sayılması və s.” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2024-ci il tarixli dinc toplantının keçirilməsinə Cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, bu qadağa təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-cı maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınması və Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların daxil olduğu mitinqin təşkilatçılar qrupu xx.xx.2024-ci il tarixdə “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları tələb edirik”, “Uşaq pulları verilsin, maaşlar, pensiyala, müavinətlər artırılsın”, “Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalansın”, “Quru sərhədlər açılsın” tələbləri və şüarları ilə mitinqin keçirilməsini planlaşdırdığı barədə 07 may 2024-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda mitinqin yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüarlar və tələblər haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Xəbərdarlıqda toplantının Bakı şəhərində yerləşən 3 ərazidən - Yasamal rayonundakı idmansağlamlıq kompleksinin stadionunda, 28 May və Nərimanov metrolarının qarşısındakı meydanların birində keçirilməsi təklif olunurdu. Təklif edilən yerlərdən başqa, təşkilatçılar Bakı şəhərində mitinq keçirtmək üçün uyğun olan digər yerləri də müzakirə etməyə hazır olduqlarını bidiriblər. Təşəbbüs qrupu ərazinin seçilməsini icra hakimiyyətinin səlahiyyətinə aid etmişdir. Bakı şəhər İcra Hakimiyyəti 15 may 2024-ci il tarixli cavab məktubunda dinc toplantının keçirilməsinə icazə verməmişdir. Cavabda bu imtina stadionunda təmir işlərinin aparılması, digər iki ərazidə əhalinin və nəqliyyatın intensiv hərəkəti ilə əsaslandırılmışdır. Təşkilatçıların Bakı şəhərində mitinq keçirtmək üçün uyğun olan digər yerləri də müzakirə etməyə hazır olduqlarını isə cavabsız buraxıblar. Bu cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı şəhəri İcra Hakimiyyətinin cavabında (qərarında) mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirillməlidir. İndiyə kimi Azərbaycanda müvafiq icra hakimiyəti orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil etdikləri halda bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştirakçılar məsuliyyətə cəlb olunacaqdırlar. Bu fakt İcra Hakimiyyətinin məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsi ilə eyni hüququ nəticələrə gətirib çıxardığını təsdiq edir. Bakı şəhəri İcra Hakimiyyətinin həmin qərarı səbəbindən nəzərdə tutulan toplantı keçirilməmişdir. Bu əsaslara görə Bakı şəhəri İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan mitinqin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştrak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz sayılması və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: – Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 19 may 2024-cü l tarixində keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ünvanlanmış 3-52/2-1-184/3-003/3/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda müraciətçilərə bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Həmçinin qeyd olunur ki, metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər isə əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissələrində yerləşdiyindən həmin məkanlarda toplantının keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaqdır. Göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini nəzərə alaraq 19 may 2024-cü il tarixində planlaşdırdıqları mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirlər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. Sərbəst toplaşmaq azadlığı. İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. - Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq. İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. - Maddə 6. Toplantının təşkilatçısı. İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. İİ. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. - Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Həmçinin, hazırkı halda iddiaçıların məhkəməyə müraciət edən zaman cavabdeh tərəfindən artıq icra edilmiş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən (İPM-nin 36.2 maddəsi) iddia tələbinin mümkünlük cəhətdən şərtləri ödəməmiş olur Belə ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməli və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməlidir. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən içtimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-ci maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, həmin maddəyə görə, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Eyni zamanda “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1236/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müəyyən etmə və tanınma haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin”. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıqaşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, bu qərarın 24-cü bəndində qeyd olunan anlamda (“məqsədəuyğunuq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıy qoyulmuş məqsədə çtmaq üçün uyğun ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir) qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9889/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3476/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3476/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver