Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3476/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (X7 üçüncü şəxs qismində cəlb olunmaqla) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2967/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən ünvan 1 ünvanlı mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən mənzil 2016-cı ildə mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçdikdən sonra Gülarə Məmmədova müvəqqəti olaraq pasport qeydiyyatına düşməyini xahiş etmişdir. Gülarə Məmmədova heç vaxt ünvan 1 ünvanında yaşamayıb və mənzildən istifadə hüququ yoxdur. G.Məmmədova Xırdalan şəhəri, Əziz Əliyev küçəsində yerləşən özünə məxsus evində yaşayır. İddiaçı tərəfindən əmlak hüquqları mövcud olmayan X3 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə Nərimanov rayon Polis idarəsinə müraciət olunsa da, cavabdeh bundan imtina etmişdir. G.Məmmədovanın iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanlı mənzillə heç bir əlaqəsi yoxdur və Gülarə Məmmədovanın yuxarıda qeyd edilən mənzildən istifadə hüququ yoxdur. Lakin cavabdeh yuxarıda göstərilənləri nəzərə almamışdır və heç bir əsas olmadan üzərinə düşən öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərilən faktlar həqiqəti əks etdirmir. Ona görə ki, göstərilən ünvanda X7 müvəqqəti yox, 2016-cı ildən daimi qeydiyyatdadır. G.Məmmədova həmin ünvana 87 yaşlı anası Minanı və əqli cəhətdən problemli olan bacısı Səfiyyəni 2016-cı ildə qeydiyyata saldırıb. Məmmədova Gülarə 63 yaşında, ərindən ayrılmış və heç bir yerdə evi olmayan bir qadındır. O, Xırdalan şəhərində kirayə evlərdə qalır. Təqdim edilən arayışdan görünür ki, Koroğlu Rəhimov küçəsi, bina 9, mənzil 39- da 3 nəfər qeydiyyatdadır; xx.xx.1938-ci il təvəllüdlü İddiaçı, xx.xx.1966-cı il təvəllüdlü X5, xx.xx.1962-ci il təvəllüdlü X7. İndi qardaşı X8 məqsədi budur ki, nə qədər ki, 87 yaşlı ana Mina sağdır, bacısı Gülarəni qeydiyyatdan çıxarsın, digər bacısı, 2 sinif təhsilli, əqli problemli olduğunda ailə qurmamış, tənha Səfiyyəyə isə lazımi sənədlərə imza etdirəndən sonra evi satsın. Ana vəfat edəndən sonra isə Səfiyyə aydın məsələdir ki, evsiz-eşiksiz qalacaq. MİS arayış verir ki, Gülarə bu ünvanda qeydiyyatda olsa da yaşamır. Gülarəyə imkan verilsə əlbəttə bu ünvanda yaşayar və özünə aid olan kommunal xərcləri ödəyər. Çünki, ana da 20 il müddətinə etibarnamə verib ki, qızı Məmmədova Gülarə onun təqaüdünün alınmasında, digər bank əməliyyatlarının yerinə yetirilməsində, ödənişlər etməsində köməklik göstərsin. xx.xx.2015ci il tarixli 61 №-li arayışdan da görünür ki, (keçmiş Sovetskidə) A.Şaiq küçəsi 141 saylı evdə 8 nəfər, o cümlədən ana İddiaçı ilə yanaşı 2 qızı Səfiyyə və Gülarə, oğlu X15 qeydiyyatda olublar. Niyə görə həmin vaxt X7 qeydiyyatdan çıxarılmır, lakin, həmin ev sökülüb, yeni ev alındıqdan sonra, 2016-cı ildən bu ünvanda qeydiyyatda olan şəxsin 2025-ci ildə qeydiyyatdan çıxarılması məsələsi qoyulur. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2967/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2967/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və həmçinin qeyd olunmuşdur ki, mənzil xx.xx.2016-cı il tarixindən etibarən iddiaçının xüsusi mülkiyyətidir. Bu fakt, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla təsdiq edilir. Həmin mənzil üzrə mülkiyyətçi olaraq onun hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən qorunur. Bundan başqa, məhkəmənin üçüncü şəxsin xeyrinə Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etməsi əsassız və qanunsuzdur. X7 heç vaxt mübahisəli mənzildə yaşamamış və bu mənzildə istifadə hüququna malik deyil. Hətta məhkəmə işində təqdim edilmiş sübutlar da bunu təsdiqləyir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən təqdim edilən məktubda, bundan başqa məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 noyabr 2024-cü il tarixli 3-21-3-30/2- 47741/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ünvan 3 ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Nərimanov Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə istinad edərək, belə nəticəyə gəlir ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3392/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Nərimanov Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin mövqeyinə görə iddiaçının hüquqi marağı istifadə hüquqları olmayan cavahdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından ibarət olduğundan bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Mənzil Məcəlləsinə istinad edərək, iş üzrə düzgün olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə prosesi zamanı təqdim edilmiş sübutlar (Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, arayışlar, şahidlərin, üçüncü şəxsin izahatı və üçüncü şəxsin mənzildə yaşamaması faktı) düzgün qiymətləndirilməmişdir. Halbuki, inzibati icraat zamanı məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmiş X7 tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər də tam olaraq sübut etmişlər ki, X7 ünvan 3 ünvanda yaşamamış və otuz ildən çoxdur ki, Xırdalan şəhərində öz ailəsi ilə həyat yoldaşına məxsus yaşayış evində yaşayır. Həmin şahidlər X3 gəlini və yaxın qonşusu kimi məhkəmə iclasında iştirak edirdilər. Məhkəmə şahidlərin məhkəmə iclasında iştirakını təmin etsə də, həmin şahidlərin verdiyi ifadələrə qərarında istinad etməmişdir. Halbuki, şahidlər Gülarə Məmmədovanın mülkiyyətçinin evindən istifadə etmədiyini və uzun illərdir ki, Xırdalan şəhərində oğlu, gəlini və əri ilə yaşadığını təsdiq etmişlər. Məhkəmənin qərarda yazılanlara inzibati icraat qaydasında bildirdiyi münasibət isə məhkəmə təcrübəsinə zidd və qanunsuzdur. Belə ki, Bakı İnzibati Məhkəməsi qərarda qeyd edir ki, “Beləliklə, məhkəmə istinad olunan normalara əsasən qeyd edir ki, üçüncü şəxs iddiaçının qızı olaraq ailə üzvü kimi həm qüvvədən düşmüş Mənzil Məcəlləsinə, həm də Miilki Məcəllənin 228.5-ci maddəsinə əsasən qeydiyyatda olduğu mübahisəli mənzildən istifadə etmək hüququnun (imkanının) bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz”. Məhkəmə tərəfindən biri-digərinə zidd fikirlər əks olunan qərarında iddiaçının mülkiyyət hüququnun pozulması ilə yanaşı həm də məhkəməyə müraciət etmək hüququ da pozulmuş olur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3392/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına ziddir. Bu qərarda mülkiyyətçinin müraciəti ilə istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması üçün inzibati orqanların üzərinə öhdəlik qoyulması nəzərdə tutulmuşdur. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 39 ünvnanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 50/2-Q-22986/11 nömrəli məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və.s sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Əlavə olaraq məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq olduğu bildirilmişdir. - AZ-İ nömrəli 059954 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X14 ilə X7 arasında olan nikah 14 mart 1995-ci ildə ləğv edilmişdir. - 61 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 1 nömrəli xx.xx.2015-ci il tarixli arayışında qeyd edilmişdir ki, X7 A.Şaiq prospekti 141 saylı evin – mənzilində qeydiyyatdadır, oğlu – X16, oğlu – X17, anası İddiaçı, bacısı X9, qardaşı X18, qardaşı oğlu X6, qardaşı oğlu X12. - Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 noyabr 2024-cü il tarixli 3-21-3-30/2- 47741/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ünvan 3 ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq mənzilə dair arxiv sənədləri məhkəməyə təqdim edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nərimanov RPİ-nin 50/2-Q-22986/11 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış sahəsinə qeydiyyata düşməsi barədə məlumat istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi ünvan 2 nömrəli mənzil ilə bağlı İddiaçı adına qeydiyyat aparılmışdır. Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan müəyyən edilir ki, X5 və X7 mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı M.X1 həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etsə də, o, həmin şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək qeyd olunmalıdır ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırkı işin hallarından görünür ki, üçüncü şəxs iddiaçının qızıdır. Mübahisəli mənzil iddiaçının adına xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmış, iddiaçı özü və üçüncü şəxs hər ikisi xx.xx.2016-cı ildə mübahisəli mənzilə qeydiyyat ünvanı üzrə qeydiyyata alınmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, X3 mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir və istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisələr mülki mühakimə icraatı qaydasında baxılaraq həll edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, “..2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından göründüyü kimi, tərəflər arasında münasibətlər 2000-ci ildən yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələbindən göründüyü kimi, 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun aradan qalxmasının əsasları, səbəbləri qanuni qüvvəyə minmiş məhkəmə aktında dəqiq göstərilməlidir. Hazırkı işin materiallarının araşdırılması zamanı X3 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı məhkəmə aktı mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında və həmin qərardadı dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “İddia tələbindən görünür ki, iddianın əsasını yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatına xitam verilməsi təşkil edir”. Göründüyü kimi həmin ifadə məhkəmənin gəldiyi qənaət olmamaqla, iddiaçının özünün iddia ərizəsində sərgilədiyi mövqe olaraq qeyd olunmuşdur. Başqa sözlə, məhkəmə hazırki iş üzrə üçüncü şəxsin yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə istifadə hüququna malik olmaması qənaətinə gəlməmiş, sadəcə olaraq iddiaçı tərəfin bu hallara (üçüncü şəxsin həmin mənzildə faktiki yaşamaması, istifadə hüququnun olmaması) istinad etdiyinə görə həmin məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malik olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2967/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Günel Sevdimalıyeva