Məhkəmə qərarları › İş №2-1(103)-3478/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3478/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3478/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) direktoru (icra orqanının rəhbəri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində isə səhhətilə əlaqədar ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi rəsmiləşdirilmişdir. Əmək münasibətlərində olduğu dövrdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2517/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin (**********) vergi borcunun ödənilməsini təmin etmək üçün həmin MMC-nin direktoru (icra orqanının rəhbəri) qismində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Əmək müqaviləsinə xitam verilməklə sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olması ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olan halın aradan qalxması səbəbi ilə həmin adıçəkilən məhdudiyyətin götürülməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyyatında (taxes.gov.az) olan “Onlayn müraciətlər” bölməsi vasitəsi ilə müraciət, xx.xx.2023-cü il tarixdə isə inzibati orqana yazılı ərizə ünvanlanmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən qərarın qəbul edilməsi xahiş edilmişdir. Həmin müraciətin xx.xx.2023-cü il tarixdə **********612700 AVİS qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına, ərizənin isə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, Dövlət Vergi Xidməti tərəfindən (inzibati orqan) hərəkətsizlik göstərilməklə müraciətinə baxılmamış, zəruri hüquqi yardım göstərilməmiş və vəzifədən irəli gələn lazımi hüquqi tədbirlər görülməmişdir. Bununla əlaqədar hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqi əsas olan hal kimi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı iddiaçının hüquqi şəxsin icra orqanının rəhbəri olmağı şərtindən irəli gəlmişdir. Lakin həmin şərt onun "xxxx" MMC-nin (MMC) icra orqanın rəhbəri vəzifəsindən azad edilməyi ilə bağlı məlumatın MMC-yə münasibətdə dövlət reyestrində qeydə alınması və bununla bağlı xx.xx.2022-ci il tarixində çıxarış verilməsi ilə aradan qalxmışdır. Göstərilən hüquqi şəxsə hüquqi bağlılığının olmaması faktı inzibati orqanına məlum olmasına baxmayaraq, onun tərəfindən konstitusion hüququnun məhdudlaşdırılmasına süni maneələrin yaradılması və Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində təsbit olunan vəzifələrinin icrasından yayınması davam etdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən imperativ tələblərindən biri aradan qalxdığından ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas olan halda hüquqi mahiyyətini itirmişdir. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən MMC-nin təyin edilən yeni icra orqanının rəhbərinin (S.Z.Mehdiyevin) vergilərin ödənilməsini təmin etmək məqsədi ilə ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı yenidən məhkəməyə müraciət etməsi və onun əsasında Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2575/2022 nömrəli qətnaməsi həmin şəxs barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması, lakin buna mütənasib barəsində məhdudlaşdırılmanın aradan götürülməməsi inzibati orqanın vəzifələrini lazimi qaydada icra etmədiyini təsdiq edir. Qeyd edildiyi üzrə qanunvericiliyin tələblərinə görə hal-hazırda adıçəkilən MMC-nin dövlət büdcəsinə vergi borcunun olması onun əvvəlki rəhbəri olaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qüvvədə qalmasına əsas kimi qəbul edilə və bu məhdudiyyət MMC-nin vergi borcunun ödənilməsinin təmin edilməsi üsulu kimi çıxış edə bilməz. Vergi orqanları tərəfindən faktiki hallara (icra orqanın rəhbərinin dəyişməsi halına) malik başqa işlər üzrə hüquqi təsisatların (misal üçün-“Sericovia Lojistik ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMCnin) icra orqanının (qanuni təmsilçisinin) rəhbərinin dəyişməsini ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması kimi qiymətləndirilərək onların icra orqanlarının əvvəlki rəhbərlərinə münasibətdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını götürülməklə bağlı əlverişli qərarlar qəbul edilmişdir. Bu hallar analoji işlər üzrə aparılmış məhkəmə icraatlarında (misal: Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-704/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Ali Məhkəməsinin 2-1 (102)-2104/2020 nömrəli xx.xx.2020 tarixli qərarı və s. qərarları ilə) müəyyən edilmişdir. Lakin inzibati orqan tərəfindən analoji iş üzrə iddiaçıya münasibətdə hərəkətsizlik nümayiş etdirilməsi və vəzifələrin icra edilməməsi inzibati icraatda bərabərlik prinsipinin pozulması və inzibati orqanın diskresion səlahiyyətdən sui-istifadə etməsinə gətirib çıxarır. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənilən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə onu deməyə əsas verir ki, hər bir halda məhdudiyyətin qüvvədə saxlanılması bu tədbirin mütənasiblik meyarına cavab verməlidir. Hüquqi şəxsin keçmiş rəhbərinə münasibətdə sadəcə hüquqi şəxsin borcun mövcud olması adı altında bu məhdudiyyətin tətbiqinin davam etdirilməsi mütənasiblik meyarlarına uyğun gəlmir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməli, ağlabatan və ədalətli tarazlığa uyğun gəlməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən üzərinə düşən vəzifələrin icrasından yayınmaqla diskresion səlahiyyətlər altında hərəkət azadlığının müvəqqəti məhdudlaşdırılmasının qüvvədə saxlanılması Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqların və azadlıqlarının pozulmasına səbəb olur. Belə olan halda, sözügedən müvəqqəti məhdudlaşdırılma “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya gətirib çıxarır, vergiləri ödəməyi təmin etməyə xidmət etməməklə hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd, əsassız məhdudiyyət yaradır. Dövlət Vergi Xidmətinin vəsatəti və iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərarın qəbul edilməsi kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia tələbi təmin edilərək, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru (icra orqanının rəhbəri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixində isə səhhətilə əlaqədar ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi rəsmiləşdirilmişdir. Əmək münasibətlərində olduğu dövrdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2517/2022 nömrəli qətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 43.896,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri - xx.xx.1957-ci ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 224 nömrəli bağ evi ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2575/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X2 (kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi) qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 24562 manat 05 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 2610 manat 13 qəpik olmaqla, ümumilikdə 27172 manat 18 qəpik məbləğində borcu ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri X1 (doğulduğu tarix - 06 mart 1982-ci il, doğulduğu yer - Azərbaycan, Kəlbəcər rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 0YW1QH, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan vergi borcunun tam ödənilmədiyi üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbəri dəyişsə də, iddiaçının borcu ödənilməmiş olaraq qalmışdır. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50.000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC-nin (VÖEN: **********) külli miqdar təşkil edən 270881,09 manat məbləğində cinayət tərkibi yaradan borcu olduğu üçün məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçının MMC-nin vergi öhdəliyindən, habelə məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə icra orqanının rəhbəri vəzifəsindən azad olunması heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMCnin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh orqanın təqdim etdiyi fakt və dəlillərə ötəri yanaşaraq araşdırmadan, ətraflı şəkildə münasibət bildirmədən əsaslı və qanuni olmayan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi son nəticədə iddiaçının törətdiyi əməllərə görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddaçı apellyasiya şikayətinə etiraz edərək, borc məbləğinin, həqiqətən, onun müəssisədə işlədiyi dövrdə yarandığını, lakin, borcun müəssisənin borcu olduğunu, bu səbəbdən MMC-nin öhdəliklərinin hazırda müəssisəyə rəhbərlik edən şəxsə ötürüldüyünə dair izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2517/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsi təmin edilərək, xx.xx.1957-ci ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 224 nömrəli bağ evi ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İş materiallarından görünür ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X3r. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı hazırki işdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X8 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin, Əsasnamənin 3.0.11-ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə vergi orqanın strukturunda aparılmış dəyişikliklərlə bağlı elə həmin tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziri tərəfindən qəbul edilmiş F-45 nömrəli əmrlə digər qurum olan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin də Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.0.18 və 3.0.19-cu bəndlərinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək məhz bu İdarənin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən, hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar