Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3478/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı (X2, X6, X9, X3, X10 və X7 üçüncü şəxslər olduğu) yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı X2, X6, X9, X3, X10 və X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı, evində qeydiyyatda olan üçüncü şəxsləri tanımır, onlarla hər hansı qohumluq əlaqəsi yoxdur. Onlar iddiaçıya məxsus evdə yaşamırlar, həmin evə dair hər hansı əmlak hüquqları yoxdur. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2, X6, X9, X3, X10 və X12 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, X2, X6 və X4 ünvan 1 ünvanından qeydiyatdan çıxarılmaları Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə edilmiş, iddia qalan hissədə isə təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixli 76 nömrəli məktubda bildirilmişdir ki, Yasamal rayonu, 2-ci Alatava 32A ünvana X2, X6 və X11 2003-cü ildə qeydiyyata düşüblər, həmin ünvanda yaşamırlar, ev satılıb. X3, X10 və X12 isə həmin ünvana 2004-cü ildə qeydiyyata düşüblər və göstərilən ünvanda yaşamırlar kimi qeyd olunmuşdur. Bakı Şəhər icra Hakimiyyətinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 015236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdə reyestrdə xüsusi mükiyyəti növü üzrə İddiaçı yənu mənim adına qeydiyyata alınmışdır.Burdan da görünür ki, o mülkiyyətçidir. Lakin 3-cü şəxslərin heç birinin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A ünvanda yerləşən evə dair hər hansı mülkiyyətlərini dəstiq edən sənədi məhkəməyə təqdim edə bilməmişlər. 3-cü şəxslərin evləri ayrı olsa da özbaşına tikilidir. Burdan da görünür ki, bu ünvan çıxarışda öz əksini tapmışdır. Ona reyesterdən verilən çıxarış bu ünvana görə verilmişdir. Lakin onların yaşadıqları evin hər hansı sənədi yoxdur və onlar onun ünvanıda qeydiyyatdadırlar. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçnın apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təmin edilməyən hissədə ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyətinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 015236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdə reyestrdə xüsusi mükiyyəti növü üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, ünvan 1 ünvanında üçüncü şəxslər xx.xx.1976-cı il təvəllüdlü X6, xx.xx.1981-ci il təvəllüdlü X9, xx.xx.1949-cu il təvəllüdlü X2, xx.xx.1959-cu il təvəllüdlü X3, xx.xx.1996-cı il təvəllüdlü X12, xx.xx.1999-cu il təvəllüdlü X10 qeydiyyatdadırlar. - Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə üçüncü şəxslərin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Oktyabr rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli qanunsuz tikilmiş evin Miriyeva Xanımın adına mülkiləşdirilməsinə icazə verilmişdir. X13 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında qeyd olunan ev sonuncunun adına qeydiyyata alınmışdır. - Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubda bildirilmişdir ki, iş üzrə üçüncü şəxslərin İddiaçı evinə aidiyyətləri yoxdur, onlar 2-ci Alatava yaşayış massivinin digər yerlərində 32A nömrəli evlərində yaşayırlar. X2, X6 və X9 yaşadıqları ev satılıb, onlar həmin ünvanda yaşamırlar, X3, X10 və X12 isə öz evlərində yaşayırlar. - Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən 19 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 76 nömrəli məktubda bildirilmişdir ki, Yasamal rayonu, 2-ci Alatava 32A ünvana X2, X6 və X11 2003-cü ildə qeydiyyata düşüblər, həmin ünvanda yaşamırlar, ev satılıb. X3, X10 və X12 isə həmin ünvana 2004cü ildə qeydiyyata düşüblər və göstərilən ünvanda yaşamırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “.....digər 3-cü şəxslər X3, X10 və X12 isə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasalar da, yaşadıqları evin ünvanı ünvan 6 ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir.” Göründüyü kimi, birinci instansiya məhkəməsi adı çəkilən üçüncü şəxslərin yaşadıqları evin iddiaçıya məxsus ev ilə eyni ünvana malik olması əsası ilə onların həmin ünvandan qeydiyyatdan çıxarılmalı olmadıqları qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdə reyestrdə xüsusi mükiyyəti növü üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Digər üçüncü şəxslərin isə sözügedən ünvandakı evə dair hər hansı hüquqmüəyyənedici sənədləri müəyyən edilməmiş, həm də onlar sözügedən ünvana iddiaçı mülkiyyət hüququ əldə etdikdən sonra, yəni 2004-cü ildə qeydiyyata düşmüşlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarından üçüncü şəxslərin (X3, X10 və X7) iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etmədiyi və həmin yaşayış sahəsində yaşamadığı müəyyən edilmişdir. Göründüyü kimi, X3, X10 və X7 qeydiyyatdan çıxarılması üçün Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan hər iki şərtin mövcudluğu iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və buna uyğun olaraqda sözügedən mənzildə sonuncunun qeydiyyatda qalması üçün əsaslar olmadığından Kollegiya tərəfindən iddiaçının tələbinin haqlı olması qənaətinə gəlinmişdir. Beləliklə, yuxarda göstərilən sübutlara məcmu şəklində qiymət verən Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı mübahisələndirilən hissədə ləvğ edilməli, ləğv edilən hissədə iddia təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6291/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Ləğv edilən hissədə iddia təmin edilsin. X1, X5 və X7 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.