Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3478/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd - yerləşmə cizgi planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4585/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiaçıya Abşeron rayonu keçmiş Ramana südçülük sovxozu ərazisində sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən Abşeron rayonu keçmiş Ramana qəsəbəsi ərazisində ayrılmış 0.12 ha torpaq sahəsinin cizgi aktının (planının) yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd yerləşmə cizgi planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, uzun müddət “Ramana” südçülük sovxozunda fəhlə işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli, 263 saylı qərarına əsasən S.Əliyev adına Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün 4.8 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Həmin Sərəncama əsasən S.Əliyev adına Ramana südçülük kopmleksi üzrə 09 aprel 1990-cı il tarixli, 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən iddiaçıya fərdi yaşayış evi tikdirməsi üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya S.Əliyev adına Ramana südçülük kompleksi üzrə sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən torpaq sahəsinin ayrılması barədə əmrin surəti Azərbaycan Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin verdiyi xx.xx.2024-cü il tarixli, Ə-968 saylı Arxivdən çıxarış sənədində də öz əksini tapmışdır. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Abşeron rayonun keçmiş Ramana qəsəbəsi ərazisində südçülük sovxozu direktorunun 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmri ilə ayrılmış 1200 kv.m. torpaq sahəsi Sabunçu rayonunun inzibati ərazisində yerləşdiyindən və sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə aid olmadığından Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddianı əsassız hesab etməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4585/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad etmədən qərar qəbul etmişdir. Sözügedən torpaq sahəsinin 1990-cı ildən iddiaçı X1 faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 34 il ötdükdən sonra yerləşmə sxeminin verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda müvafiq sənədlə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizgini verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Ramana südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli, 46 nömrəli əmri ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, ərazinin Suraxanı rayonunun inzibati ərazisində yerləşib-yerləşməməsi araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Həmçinin Ramana südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli, 46 nömrəli əmri ilə ayrılan 1200,0 kv.m torpaq sahəsi Sabunçu rayonunun inzibati ərazisində yerləşməsinə baxmayaraq birinci instansiya məhkəməsi ərazinin koordinatlarını və sərhədlərini müəyyən etmədən sözügedən 1200,0 kv.m torpaq sahəsinə yerləşmə sxeminin iddiaçı X2 verilməsi öhdəliyini cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4585/2025 saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, Ə968 saylı arxiv çıxarışdan görünür ki, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 46 nömrəli 9 aprel 1990-cı il tarixli əmrinə əsasən, aşağıdakı sovxoz işçilərinin hər birinə 0,12 ha torpaq sahəsi ayrılsın. – 12. İddiaçı - fəhlə. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-10/2-Ə-326/2-091/2/2024 saylı məktubunda qeyd edilmişdir ki, surətini təqdim edilən sənədlərə əsasən sözügedən torpaq sahəsinin Ramana südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 46 nömrəli əmri ilə ayrıldığı müəyyən edildiyindən və keçmiş S.Əliyev adına Ramana südçülük sovxozu Suraxanı rayonunun inzibati ərazisində yerləşmədiyindən aidiyyəti üzrə müraciət etməyi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-18/2-Ə-469/091/2024 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan SSR 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 13-cü maddəsinə görə, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud müvafiq zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinə müvafiq olaraq, rayon və şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatları Sovetinin icraiyyə komitələri bu Məcəllənin 70,94,95,128,131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 163-cü maddəsinə görə, yer quruluşuna torpaqlardan istifadə sahəsində dövlət orqanları qərarlarının həyata keçirilməsinə yönəldilən dövlət tədbirləri sistemi daxildir. Həmin Məcəllənin 165-ci maddəsinə müvafiq olaraq, yer quruluşu işləri aşagıdakı ardıcılıqla görülür: yer quruluşuna dair iş qaldırılması; yer quruluşu layihəsinin tərtib edilməsi; yer quruluşu layihəsinin müzakirə və təsdiq edilməsi; layihənin naturada (yerlərə) keçirilməsi; yer quruluşu sənədlərinin rəsmiləşdirilməsi və torpaqlardan istifadə edənlərə verilməsi. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 15 oktyabr 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar, Abşeron rayonun keçmiş Ramana qəsəbəsi ərazisində südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli, 46 saylı əmri ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin Sabunçu rayonunun inzibati ərazisində yerləşib-yerləşməməsi ilə bağlı məlumatların/sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktubda isə aşağıdakılar göstərilmişdir: “ ... coğrafi koordinatlar üzrə yerləşən torpaq sahəsi Sabunçu rayonunun inzibati ərazisinə aid deyildir”. İş materiallarında olan sənədlərdən görünür ki, istinad edilən koordinatlar “Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin situasiya planında” öz əksini tapıb. Yuxarıda istinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa torpaq sahəsinin verilməsini (ayrılmasını) müvafiq qaydada qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır, sahə ayrılan şəxsə sahənin ölçüləri və digər məlumatları özündə əks etdirən yerquruluşu sənədləri təqdim edilir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinasının yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4585/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(112)-4585/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3478/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3478/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver