Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3479/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən həmin vaxt 29 il 10 ay 1 gün dövlət qulluqçusu kimi fəaliyyət göstərməyinə baxmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 20.30-cu maddə əlavə edildiyinə görə vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) ümumiyyətlə nəzərə alınmamışdır. Vəzifə maaşına verilən bu əlavə (büdcədənkənar vəsait) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli 1358 nömrəli Fərmanına əsasən (Prezident Administrasiyasında işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə) verilmişdir. Aylıq vəzifə maaşına əlavədən qanunvericiliyə uyğun olaraq gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Həmçinin Fərmanda ödənilən aylıq vəzifə maaşına əlavənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilməsi göstərilmişdir. Vəzifə maaşına bu əlavə ona 01 may 2017-ci ildən 29 noyabr 2019-cu il tarixinədək verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsi 01 yanvar 2019-cu il tarixdən qüvvədədir. Qeyd olunan maddə qüvvəyə minənədək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının əmək pensiyaçılarına təyin edilir. Göründüyü kimi cavabdeh pensiyanı hesablayarkən onu, digər dövlət qulluqçuları ilə qeyri-bərabər vəziyyətə salaraq, qanun qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavəni hesablamamışdır. Hesab edir ki, işlədiyi dövrdə vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) qanun qüvvəyə mindiyi günədək (xx.xx.2019-cu il) nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində qeyd olunur ki, bəzi gəlir növləri istisna olunmaqla məcburi dövlət sosial sığorta haqları əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. İstisna olunmuş bu gəlirlərə ezamiyyə xərcləri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri, aliment, tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri və s.daxildir. Göründüyü kimi bu gəlirlərin bir qismi birbaşa sığortaolunanın gəlirləri olmayıb, üçüncü tərəfə sığortaolunan vasitəsilə ödənilən məbləğləri əks etdirir, məsələn ezamiyyə xərci. Belə ki, işəgötürən (sığortaedən) öz işçisini (sığortaolunan) müəssisənin cari, zəruri fəaiyyətini təmin etmək üçün müvəqqəti olaraq başqa yerlərə, ərazilərə göndərmək zərurəti yarandıqda, onun üçün münasib iş və sosial şərait yaratmalıdır. Bu cür xərclərin qarşılanması üçün təcrübədə ezamiyyə məbləği kimi ödənişdən istifadə olunur. Başqa sözlə, işəgötürən işçisinin göndərilən ərazidə məsələn yaşayış sahəsi üçün həmin yaşayış sahəsinin sahibinə ödəməli olduğu vəsaiti işçisinə, o isə öz növbəsində bu vəsaiti sonuncuya çatdırır. Beləliklə, bu məbləğ sığortaolunanın gəliri kimi məcburi dövlət sosial sığorta haqqı ödədiyindən, yaşayış sahəsi üçün məbləğ məcburi dövlət sosial sığorta haqlarından azad edilmişdir. Əks təqdirdə, bu məbləğlərə münasibətdə iki dəfə məcburi dövlət sosial sığorta haqqı ödənişi həyata keçirilməli olardı. Məcburi dövlət sosial sığorta haqlarından azad edilmiş digər bir qrup ödəniş isə sosial müdafiə alətləri olan aliment, təqaüd, müavinət, təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar, eləcə də müəssisənin ləğvi, işçilərinin sayınının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik ödəmələr və s. təşkil edir. Bu məbləğlər minimal sosial-maddi ehtiyacların qarşılanması, eləcə də təbii və fövqəladə risklərlə qarşı-qarşıya qalmış vətəndaşların müvəqqəti olaraq müdafiəsi məqsədini güdür və həmin məbləğlərin məcburi dövlət sosial sığorta haqqına cəlb edilməsi onların fəlsəfəsi ilə ziddiyət təşkil edir. Birincisi, məcburi dövlət sosial sığorta haqları vətəndaşların gəlirlərinə münasibətdə tətbiq edilir, bu məbləğlər isə gəlirdən daha çox sosial müdafiə alətləridir. İkincisi, bu şəxslərin bir sıra hallarda əmək müqaviləsi olmur və bu vəsaitlər əmək münasibətləri müstəvisində baş vermiş hadisəyə görə ödənilmir (məsələn, aliment, sosial müavinət və s.), dövlət sosial sığorta haqları isə əmək münasibətlərinə nəzərən tətbiq edilən məcburi ödəniş növüdür. Lakin əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər yuxarıda sadalanan xüsusiyyətlərə sahib olmadığından həmin məbləğlərdən məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməsi təmin edilir. Çünki bu məbləğlər əmək münasibətləri müstəvisində, əmək müqaviləsi əsasında şəxslərə ödənilir və bu sığortaolunanların birbaşa gəlirlərini təşkil edir. Bu baxımdan əmək haqqına dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi onun fəlsəfəsi ilə ziddiyyət təşkil edər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ИТ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən müxtəlif idarə, müəssisə və təşkilatlarda işləmişdir. - xx.xx.2017-ci il tarixli, 34 № li Sərəncam ilə iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Sənədlərlə iş sektorunun xx.xx.2023cü il tarixli “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan müəyyən edilir ki, 2017-ci il 1 may tarixli Fərmandan sonra, həmin tarixdən başlayaraq iddiaçının vəzifə maaşına əlavə tətbiq edilərək ödənilmişdir. - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sturukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli, 1645 nömrəli Sərəncamına əsasən iddiaçı tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarından istifadənin tənzimlənməsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli 167/k nörməli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən, öz arzusu ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. - İddiaçıya 22 fevral 2023-cü il tarixindən “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2275,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 682,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 988,80 manat olmaqla orta aylıq əmək haqqı 4076,30 manat təşkil etmişdir. Pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 29 il 10 ay 1 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4076,30 manat) 80 faizi - 3261,04 manat məbləğində müəyyən edilmişdir. - iddiaçının tələbini təmin etməkdən imtina edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,“...”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə uyğun olaraq əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etsə də, cavabdeh həmin maddəyə istinad edərək müraciətin təmin edilməsinidən imtina etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək (xx.xx.2019-cu il) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 01 may tarixli 1358 nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası iddiaçının tələbini əsaslı hesab edərək qeyd edir ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 20.30-cu maddə əlavə edilmişdir. 1362-VQD nömrəli Qanunun 2-ci maddəsinə əsasən əlavə edilən maddənin 1 yanvar 2019cu il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilmişdir ki, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının əmək pensiyasını hesablayarkən bu normaya istinad edərək maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, həmin Qanun 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir və 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli həmin Qanunun əvvəlki münasibətlərə şamil edilməsi barədə hər hansı qeyd nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017- ci il 1 may tarixli Fərman imzalanmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 5.2-ci bəndinə görə, əlavənin hesablanması üçün bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan vəsait “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta haqqı çıxıldıqdan sonra həmin ayda işçilər arasında bölünür. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən ödənilən mükafat və aylıq vəzifə maaşına əlavələrin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilməsi təsbit edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə görə, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçıya verilən vəzifə maaşına əlavələr dövlət məvacibinin tərkibini təşkil etmiş, həmin əlavələr məcburi dövlət sosial sığorta haqlarına tabe tutulmuş, buna uyğun olaraq iddiaçıya ödənilən həmin əlavə vəsaitdən hər ay məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh iddiaçının pensiyasını hesablayarkən vəzifə maaşına əlavələrin verilməsinə dair xx.xx.2017-ci il tarixli Fərmanın verilməsindən, büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmamasına dair Qanunun 20.30-cu maddəsinin qüvvəyə mindiyi xx.xx.2019-cu illər arasındakı dövrü nəzərə almamaqla səhvə yol vermişdir. Cavabdehin apellyasiya şikyətinin dəlili kimi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinad edərək bəzi gəlir növləri istisna olunmaqla məcburi dövlət sosial sığorta haqları əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablandığını, istisna olunmuş bu gəlirlərə yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicəprofilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri, aliment, tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətlərinin aid olduğunu qeyd etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi dövlət qulluğunda yuxarıda qeyd edilən Fərmanla tətbiq edilən vəzifə maaşına əlavələr yuxarıda sadalanan hallara aid edilə bilməz. Belə ki, həmin əlavələr dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə verilmiş və eyni zamanda qeyd olunduğu kimi həmin əlavələrdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Ona görə də, iddiaçının pensiyasına əlavələr hesablanarkən həmin vəsaitin nəzərə alınmaması qanunsuz və ədalətsiz bir nəticəyə gətirib çıxarmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3479/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3479/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver